Finala çıxan ölkələr: Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan və Sloveniya
Liverpulda keçirilən “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalının yekunlarına görə növbəti on finalçı bəlli olub.
Finala Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan və Sloveniya çıxıb.
Birinci yarımfinalın nəticələrinə görə, finalçılar Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveçdən olan iştirakçılar olub.
Birinci yarımfinalda Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi.
Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlər finala keçə bilməyiblər.
“Eurovision”un yaradıcısı olan 5 ölkə – Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliya, eləcə də 2022-ci ildə müsabiqədə qalib gələn Ukrayna yarımfinalda mübarizədən azad edilib.
26 ölkənin iştirak edəcəyi “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin finalı mayın 13-də keçiriləcək.