“Eurohome” ilə bağlı istintaqı Baş Prokurorluq aparacaq

“Ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb”

Source:


Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb

“Eurohome”-da baş verən yanğınlara görə istintaq Baş Prokurorluqda aparılacaq.

Bu barədə məlumatı Baş Prokurorluq yayıb. Sənəddə deyilir ki, “Eurohome”-da baş vermiş iki yanğın hadisəsi ilə bağlı cinayət işləri vahid icraatda birləşdirilib:

““Eurohome”-da baş verən yanğına görə 14 milyona yaxın ziyan ödətdirilib”.

Məlumatda deyilir ki, yanğından sonra Baş prokuror Kamran Əliyevin göstərişinə əsasən, dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları əraziyə gediblər. Hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülüb:

“Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb”.

Sonda deyilir ki, iş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib. Ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb:

“Hazırda hadisəsinin baş vermə səbəbləri araşdırılır. Eyni zamanda, sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir”.

Mayın 11-də Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın olub. İlkin açıqlamaya görə, yeni təmir edilən bazarda 3300 kv.m. hissə (ümumi sahəsi 22500 kv.m.-ə yaxındır) yanıb.

2019-cu il dekabrın 10-da da həmin bazarda yanğın baş vermişdi. Ondan sonra sahibkarlar bir neçə dəfə aksiya keçirib dövlətdən kompensasiya istədilər. Lakin onlara kompensasiya verilmədi. Rəsmilər sahibkarlara mallarını sığorta etdirməyi məsləhət bildilər. Onda bazarın 5 hektar ərazisinin 2 hektarı yanmışdı. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilirdi. Amma indi də orada mallarını sığorta etdirməyən sahibkarların olduğu deyilir.

Ana səhifəSosial“Eurohome” ilə bağlı istintaqı Baş Prokurorluq aparacaq