Mənbə: Google

Euro-5 standartları Azərbaycan bazarında yanacağın qiymətini dəyişəcəkmi?

2021-ci ildən H.Əliyev adına Neftayırma Zavodunda Euro-5 standartlı dizel istehsal olunmağa başlayacaq. Euro-5 standartlı yanacaqla hazırda istehsal edilən Euro-2 keyfiyyətli dizel eyni qiymətə ola bilərmi?

Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban deyir ki, əlbəttə, yox. İqtisadi cəhətdən yanaşılsa, yanacağı istehsal edəcək zavodun modernizasiyasına təqribən 3 milyard dollar kapital qoyuluşu ediləcək. Bu vəsait satış hesabına əldə edilən mənfəətdən ödənilməlidir:

“Başqa bir məsələ ondan ibarətdir ki, zavodda ümumilikdə 24 yeni qurğunun tikintisi nəzərdə tutulur. Bu da son nəticədə illik istismar xərclərinin artımına gətirib çıxaracaq”.

Bəs qiymət necə dəyişə bilər?

İlham Şaban deyir ki, əvvəlcə qonşu Türkiyə, Gürcüstan və Rusiya bazarlarına nəzər yetirmək lazımdır. Bu ölkələrdə Euro-5 standartlı dizelin litri hazırda müvafiq olaraq 1.85, 1.41 və 1.15 manata satılır:

“Caspian Barrel-in proqnozu belədir ki, Azərbaycan bazarında dizel yanacağının qiyməti tədricən qaldırılacaq və Euro-5 standartı bazarda satışa çıxarılarkən onun qiyməti 0.85-0.9 arasında dəyişəcək. 2022-ci ildə Azərbaycan bazarında Euro-5 standartlı yerli benzin olacaq. Bu zaman artıq istehlakçılara Ai-92 markalı benzin təklif edilməyəcək, oktan dərəcəsi 93 olacaq”.

Ekspert bildirir ki, onun qiyməti də hazırda Euro-2 standartında istehsalı elan olunmuş Ai-92 markalı benzinin qiyməti ilə (0.9 AZN) eyni ola bilməz. Onun qiyməti bazar iştirakçılarının alıcılıq qabiliyyəti nəzərə alınmaqla 1-1.1.1 manat müəyyənləşdirilə bilər:

“Əvəzində Ai-95 markalı benzinin qiymətini 1.20-1.25 manatadək endirməklə hökumət bu yanacağın illik satış həcmlərini artıra bilər (2018-də 57 min ton olub)”.

Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban

Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban

Mənbə: Meydan.TV

Ai-95-in qiyməti niyə ucuzlaşmalıdır?

İlham Şaban deyir ki, 2014-cü ilin aprelindən Azərbaycan yüksək oktanlı benzinin idxalçısıdır. Ondan əvvəl heç zaman ölkədə yüksək oktanlı benzin istehsal edilməyib:

“Kimyəvi qatqılar hesabına pərakəndə satış məntəqələrində oktan ədədi müvəqqəti yüksəldilirmiş. İdxal yerli istehsalla əvəzləndiyi təqdirdə isə təbii ki, qiymət azalmalıdır”.

Gürcüstan Azərbaycandan dizel idxalını dayandıra bilər

Ötən ay Gürcüstandakı Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib ki, Gürcüstan Azərbaycandan dizel yanacağının idxalını dayandıra bilər. Səbəb  kimi isə 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir. Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcəyi qeyd olunur.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsindən İbrahim Əhmədov da 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandıracağı barədə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq:

"Qeyd edim ki, Azərbaycan tərəfi özü də əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaltmışdı. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat ilə bağlıdır".

İbrahim Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstanla yanaşı bir çox ölkəyə də neft məhsulları və dizel yanacağı ixrac edir:

"Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönəltməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq".

İbrahim Əhmədovun vurğulamasına görə, ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara daha böyük həcmdə dizel məhsulunun çıxarılması üçün yetərli potensial mövcuddur.

Gürcüstan hazırda dizel yanacağını əsasən Azərbaycandan idxal edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/223xxi

Ən çox baxılan