Qubad İbadoğlu: “Monitorinq zəngin şirkətə sahiblik edənlərin şəxsi marağına xidmət edir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) keçmiş Ağdərə rayonunun Gülyataq (Vardadzor), Canyataq (Cankatağ) və Aşağı Orataq (Nerkin Horatatag) kəndlərində yerləşən Qızılbulaq yataqlarının monitorinqini aparıb.
Nazirlik bu yataqların qanunsuz istismar edildiyini vurğulayıb.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, bu yataqlar ermənilər tərəfindən 2000-ci illərin əvvəllərindən II Qarabağ müharibəsinə qədər istifadədə olub.
Onun sözlərinə görə, həmin yataqlar mis-qızıl və mis-molibdenlə zəngindir və “Base Metals” (“Vallex Group”a məxsusdur) şirkəti tərəfindən istismar edilib.
“Baxmayaraq ki, həmin qızıl yataqlarının istismarı ilə bağlı sertifikat 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən “Anglo-Asian Mining” şirkətinə verilib.
Bu şirkət 2020-ci il oktyabrın 27-də açıqlama yayıb ki, təhlükəsizlik təmin olunan kimi dərhal Qızılbulaqda işə başlayacaq:
“Elə “Anglo-Asian Mining” şirkəti hazırda işğaldan azad olunan Vejnəli və Zod yataqlarını da istismar edir”.
ETSN-nin ekoloji fəsadlarla bağlı çağırışı…
Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir.
Nazirlik qeyd edib ki, həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.
ETSN Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələr apardığını, bununla bağlı ictimaiyyətə məlumat verəcəyini də açıqlamışdı…
“İstəyim odur ki, mədən sənayesində şəffaflıq və hesabatlılıq olsun…”
Qubad İbadoğlu Azərbaycan tərəfinin də qızıl yataqlarının istismar etməsinə şübhəli yanaşır və “Anglo-Asian Mining” şirkəti ilə bağlı şəffaflığı önə çəkir:
““Anglo-Asian Mining” şirkətinin adı, yəqin ki, çox şey xatırladır. Bu şirkət Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas səhmdarları Reza Vəziri və Xaqani Bəşirovdur. Əsas kreditoru da Beynəlxalq Bankdır. Beynəlxalq Bankla bağlı məlum olaylarda şirkətin həmin bankdan 2 il ərzinzə 185 milyon manat kredit alıb və qaytarmaması barədə iddialar var idi. Bilin ki, Qarabağda həyata keçirilən monitorinq əməliyyatı şəffaflığı və hesabatlılığına dair suallarla zəngin şirkətin korporativ və ona sahiblik edənlərin şəxsi marağına xidmət edir”.
İqtisadçı onu da deyir ki, Qızılbulaq yataqları Azərbaycanın ən böyük qızıl yatağıdır.
O, bu yataqların hazırda “Anglo-Asian Mining” şirkəti tərəfindən istismarının əleyhinə deyil, sadəcə istəyi odur ki, mədən sənayesində şəffaflıq və hesabatlılıq olsun:
“Bu sahədə baş verənlər öz adı ilə təqdim edilsin”.
“Base Metals”: tanınmayan rejimin ən böyük vergi ödəyicisi…
İqtisadçı Qalib Toğrul isə bildirib ki, keçmiş Ağdərə rayonunda yerləşən Qızılbulaq və Dəmirli qiymətli metal yataqları 44 günlük müharibədən sonra ermənilərin nəzarət etdiyi ərazilərdə qalsa da, mədənlərin nasos stansiyalarının yerləşdiyi ərazi Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib:
“Müharibədən sonra bir müddət yataqların istismarına fasilə verilib. Belə görünür ki, ermənilər yataqların istismarı üçün yeni nasos stansiyaları tikib. Bu, çox böyük vəsait tələb edən tikinti sayılırdı”.
O, Gülyataq (Vardadzor), Canyataq (Cankatağ) və Aşağı Orataq (Nerkin Horatatag) və Qızılbulaq kimi mis-qızıl və mis-molibdenlə zəngin olan yataqları istismar edən “Base Metals” (“Vallex Group”a məxsusdur) şirkətinə də diqqət çəkir. Deyir ki, tanınmayan, qurama Artsax büdcəsinin gəlirlərinin 40 faizə yaxını bu iri vergi ödəyicisi tərəfindən təmin olunur.
Vergi ödəyicilərinin siyahısında birinci olan “Base Metals” ikinci şirkətdən 4-5 dəfə artıq vergi ödəyir:
“Və yaxud başqa bir müqayisə: “Base Metals”ın ödədiyi vergi məbləği 2-15-ci yerləri tutan vergi ödəyicilərinin bir yerdə ödədiklərindən çoxdur. Bu, 2021-ci ilin statistikasıdır. Məhz bu səbəbdən erməni iqtisadçılar “Base Metals”ı qurama Artsax iqtisadiyyatının lokomotivi adlandırırlar. Azərbaycan yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni rejimin iqtisadi əsaslarını sarsıtmaq istəyir. Buna nə dərəcədə nail olacağını zaman göstərəcək”.
ETSN-nin dekabrın 3-də yaydığı ikinci məlumatda isə bildirilirdi ki, ekspertlər qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə danışıb.
Qanunsuz istismarla bağlı fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün ETSN və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.