Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul edib
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Təklif olunan dəyişikliyə əsasən, yollara, yaxud da yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə ediləcək.
Milli Məclisdə müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Eyni zamanda, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə də cərimə artırılır.
Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 min manat məbləğində cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Həmçinin metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır.
Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir.
Hazırda bu cərimənin məbləği 30 manat təşkil edir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.