Təqsirləndirilən şəxs 1 ildə ailəsi ilə bir dəfə danışa bildiyini deyib
Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycanda milli zəmində nifrət və düşmənçilik yaymaq cəhdinə görə dövlətə xəyanətdə ittiham olunan Hacı Paşayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə baxılır.
Yanvarın 10-da məhkəmədə prokuror ittiham aktını elan edib. Məlum olub ki, Hacı Paşayev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283 -cü maddələrilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama əsasən, Hacı Paşayev 2016-cı ilin oktyabrında Kaimov Azər Şöhrətoviç vasitəsilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən gizli əməkdaşlığa cəlb olunub. Onların tapşırığı əsasında “Facebook” platformasında açdığı səhifədən tapşırığa uyğun paylaşımlar edib. Həmin paylaşımlar əsasən, milli, etnik zəmində nifaq salmağa, nifrət yaratmağa hesablanıb.
İttihama münasibət bildirən Hacı Paşayev deyib ki, orada yazılanlarla razılaşmır, özünü təqsirli bilmir.
“Elə şeylər yazıblar ki… Özümü təqsirli bilmirəm”, – təqsirləndirilən şəxs belə deyib.
O bildirib ki, 1 ildir həbsdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Onun sözlərinə görə, həbsdə olduğu bir il ərzində cəmi bir dəfə ailəsilə telefonla əlaqə saxlamağa icazə verilib. Hacı Paşayev deyir ki, ailəsi Dağıstanda yaşayır, 1 azyaşlı övladı var.
“Kimə müraciət edəcəyimi də bilmirəm”, – Hacı Paşayev əlavə edib.
Hakim ona məsləhət verib ki, təcridxananın rəhbərliyinə müraciət etsin.
Bununla belə, məhkəmə Hacı Paşayevin DTX-nın istintaq təcridxanasından Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verib.
Hacı Paşayev fevralın 2-də keçiriləcək növbəti məhkəmə iclasında daha ətraflı ifadə verəcək.