“Fələstini azad et”, “Qəzzanı bombalamağı dayandır”, “Netanyahu, gizlənə bilməzsən”…
İsrailin Baş naziri Benyamin Netanyahu Amerika səfəri zamanı ABŞ konqresində çıxış edib.
Nümayəndələr Palatasındakı alovlu nitqində Netanyahu doqquz aydır davam edən müharibədə “tam qələbəyə” çağırıb.
Bəziləri atəşkəs istiqamətində irəliləyişin olacağını və HƏMAS-ın girov götürdüyü adamların danışıqlar yolu ilə geri qaytarılması istiqamətində işlərin aparılacağına inansa da, Netanyahunun çıxışı bu ümidləri puç edib.
“Biz təkcə özümüzü qorumuruq. Biz sizi qoruyuruq… Düşmənlərimiz sizin düşməninizdir, bizim mübarizəmiz sizin mübarizənizdir və bizim qələbəmiz sizin qələbəniz olacaq”,– deyə Netanyahu çıxışında bildirib.
Nümayəndələr Palatasının və Senatın Respublikaçılar Partiyasından olan üzvləri İsrailin Baş nazirini alqışlamaq üçün ayağa qalxıblar.
Konqresdə Netanyahuya etiraz edən yeganə şəxs Rashida Tlaib olub. Demokrat və İsrailin Qəzzadakı müharibəsinin açıq-aşkar əleyhdarı olan Miçiqan nümayəndəsi Raşida Tlaib, Netanyahu danışarkən “müharibə cinayətkarı” deyən bir işarə qaldırıb. O, həmçinin Fələstin bayrağı sancağı və yarım əsrdən çox Fələstin mübarizəsi ilə əlaqəli olan ağ-qara şərf taxıb.
Konqresin onlarla demokrat üzvü, o cümlədən Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, İsrailin Qəzzada təxminən 39 min mülki fələstinlinin ölümünə səbəb olan müharibəni necə təqib etdiyinə dair humanitar narahatlıqlara görə çıxışı boykot edəcəklərini söyləyib. “Axios” bütün demokrat millət vəkillərinin təxminən yarısının birgə iclasda iştirak etmədiyini bildirib.
“Benyamin Netanyahunun bu gün Nümayəndələr Palatasındakı təqdimatı, ABŞ Konqresində çıxış etmək imtiyazına layiq görülən və dəvət edilən hər hansı xarici dövlət adamı arasında ən pis təqdimat idi”,– deyə Pelosi X hesabında yazıb.
Pelosi, bu gün atəşkəs razılaşmasına çağıran girovların ailə üzvləri ilə vaxt keçirdiyini deyib:
“Ailələr girovları evlərinə qaytaracaq atəşkəs sazişi tələb edir və ümid edirik ki, Baş nazir vaxtını bu məqsədə çatmağa sərf edəcək”.
Çıxışı boykot edən Bernie Sanders, “Amerika tarixində ilk dəfə müharibə cinayətkarına bu şərəfin verildiyini” söyləyib.
ABŞ-nin tanımadığı Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun (həmçinin digər İsrail rəsmiləri və HƏMAS-ın yüksək rütbəli liderlərini) müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbsinə order verilməsi ilə bağlı prokurorun müraciətinə baxır.
Netanyahu HƏMAS ilə atəşkəslə bağlı danışıqlara dair yeni fikirlər təqdim etməyib, yalnız girovların azad edilməsi üçün “biz fəal şəkildə intensiv səylər göstəririk” deyib və əlavə edib ki, “bu səylərdən bəziləri hazırda davam edir”.
Netanyahunun cümə axşamı Ağ Evdə Baydenlə görüşü planlaşdırılır. Bayden administrasiyasının yüksək rütbəli rəsmisi ikisinin atəşkəs razılaşmasını müzakirə edəcəklərini deyib və əlavə edib ki, İsrail və HƏMAS arasında çərçivə var, lakin “hələ həll edilməli olan bəzi çox ciddi icra məsələləri” olaraq qalır.
“Mən görüşün bəli və ya xeyr olacağını gözləmirəm” , – o deyib.
“Bir növ, bu son boşluqları necə bağlayaq? İsrail tərəfdən bizə lazım olan bəzi şeylər var, şübhə yoxdur. Ancaq bəzi əsas şeylər də var ki, onlar yalnız HƏMAS-ın əlindədir”.
Netanyahu həmçinin İsrailin münaqişə sona çatdıqdan sonra Qəzzanı “köçürməyə” çalışacağını inkar edib, lakin ərazinin “demilitarizasiyasını və deradikalizasiyasını” tələb edərək, bunu “Qəzza üçün baxışı” adlandırıb.
Netanyahu, həmçinin müharibə əleyhinə kollec etirazçılarını “İranın faydalı axmaqları” adlandırıb, respublikaçılara yalvararaq müharibəni tənqid edənlərə qarşı təxribatçı mesajlar verib.
“Bir çox anti-İsrail etirazçısı şərin yanında dayanmağı seçir”, – Netanyahu deyib. “Çoxu HƏMAS-ın yanındadır”.
“Fələstini azad et”, “Qəzzanı bombalamağı dayandır” və “Netanyahu, gizlənə bilməzsən” şüarları səsləndirən izdiham İsrailin Baş naziri Benyamin Netanyahunun səfərinə etiraz etmək və Konqresi İsrailin müharibəsini daha da maliyyələşdirməkdən çəkindirmək üçün ABŞ-da Kapitolinin binası qarşısında toplaşıb.
Nümayiş artdıqca, Kapitol polisi etirazçılardan bəzilərinə bibər qazı vuraraq, “izdihamın bir hissəsi zorakılığa başlayıb” deyib.
Union Station xaricində nümayişçilər ən azı bir ABŞ bayrağını yandırıblar və səlahiyyətlilər onları götürməzdən əvvəl Kolumb dairəsində dalğalananları Fələstin bayraqları ilə əvəz ediblər.
Sosial mediada yayımlanan fotoşəkillər və videolardan görünür ki, çərşənbə gecəsi nümayişçilər Fələstin bayraqlarını dalğalandırıb musiqi ifa edərkən, Netanyahunun üzünün otel binasına proyeksiya edilmiş eskizini bu sözlərlə əks etdirirlər: “Axtarılır” və “Müharibə cinayətkarı Netanyahunu həbs et”.