“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı, Ülviyyə Əli və Natiq Cavadlı təcridxanadan yazır:
Fatimə Mövlamlı:
“Eynən belə isti keçən yay günlərinin birində şəhərdə sorğu keçirirdim. Müsahibə verməyə razılaşan insanlarla sosial problemləri barədə söhbətləşirdik. Bu minvalla dolaşdığım küçələrdən birində başqa bir televiziya müxbirinin də sorğu keçirdiyini gördüm. Ayaq saxlayıb onu və yanındakı operatoru müşahidə etmək qərarına gəldim. Çox keçməmiş orta yaşlı bir kişiyə yaxınlaşdılar. Kişinin övladının əlillik təqaüdü ala bilməməsindən şikayətləndiyini eşitdim. Adam danışmağa təzəcə başlamışdı ki, müxbir ilə operator əvvəldən sözləşiblərmiş kimi biri kameranı söndürdü, digəri uzatdığı mikrafonu geri çəkdi. Müsahiblərinə heç bir izahat vermədən eləcə üzlərini çevirib getdilər. Vaxt itirmədən kişiyə yaxınlaşıb kameramı işə saldığımı xatırlayıram. “Buyurun, danışın” – dedim. “Hamısını yayımlayacaqsınız?” – kişi çəkinə-çəkinə soruşdu. “Hamısını”, – deyə cavablandırdım. Bu gün həbsdə olmağımızın səbəbləri bu xatirədə cəmlənib. Etirazı, şikayəti olana uzatdığımız mikrofonlar və yayımladığımız həqiqətlər…
Milli mətbuatımızın yaranmasından bəri ötən 150 ilin sonunda ölkədəki mənzərə belədir: İqtidar jurnalistikanı cinayət əməli elan edib (Baxmayın, söhbət dürüst jurnalistikadan gedir. Yoxsa ki, mirzəlik etməkdən ötrü ləyaqətini xərcləyənlər üçün qapıları həmişə açıqdır). Azərbaycanda yaşayan müstəqil jurnalistlərin əhəmiyyətli dərəcədə böyük bir hissəsi saxta ittihamlarla həbs edilib. Burada o qədər çoxuq ki, ara bir elə bilirəm ki, redaksiyalarımız bağlanmayıb, sadəcə Bakı İstintaq Təcridxanasının binasına köçürülüb. (Həbsxana böyüklüyündə redaksiya – əcəb yubileydir!)
Müstəqil jurnalistlərin barəsində seçilən həbs qətimkan tədbirini şablon “Azadlığa çıxsa, istintaqın gedişinə mane ola bilər”, söhbətindən savayı həm də onunla əsaslandırırlar ki, cinayət əməlini təkrar törədə bilər. Başa düşmürlər ki, “cinayət alətlərimiz” qələm və kağız yanımızda olduğu müddətdə biz eyni “cinayət əməlini” həbsdə də “törətməkdən” – həqiqətləri yazmaqdan geri qalmayacağıq. Nə qanunsuz həbslər, nə media haqqında qanuna edilən mürtəce dəyişikliklər bunun qarşısını ala bilməyəcək. (Yeri gəlmişkən, mirzələr nahaq yerə əziyyət çəkib həmin qanunu uzun-uzadı şərh eləməsinlər. Qanunun hazırkı mahiyyəti onunla tanış olan hamıya bir cümlə halında aydındır: “Azərbaycanda jurnalistika qadağandır!”) Mətbuata qarşı repressiyalar bizlərin azadlıqları ilə yanaşı, vətəndaşların da doğru informasiyaya və narazılıqlarını dilə gətirə biləcəkləri platformalara çatımlılığını məhdudlaşdırıb. Amma hələ heç nə bitmiş deyil. Qaranlığın zəifləyib hökmranlığını itirəcəyi gün mütləq yetişəcək. Onda bizlər də kameralarımızı yenidən işə salacaq, mikrofonlarımızı danışmaq istəyən hər kəsə uzadacaq və söz veririk, hamısını yayımlayacayıq!”.
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası

Ülviyyə Əli:
“Həbs olunduğum gün Xətai Rayon Müvəqqəti Saxlanılma Yerində bir neçə saatlığına yanıma dələduzluqda ittiham olunan bir falçı salmışdılar.
Zarafatla soruşdum ki: “Bəs mənim aqibətim necə olacaq?”
Dedi: “Səni də digər qızlar kimi həbs edəcəklər”.
Cavabında gülümsədim, amma heç nə demədim. Çünki Azərbaycanda müstəqil jurnalist olmağın sonunu bilmək üçün falçı olmağa ehtiyac yoxdur.
Bu gün Milli Mətbuat Gününün 150 illiyinin qeyd olunduğu bir vaxtda 36 müstəqil jurnalist saxta ittihamlarla, sadəcə peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbsdədir.
Daim təzyiq altında fəaliyyət göstərən müstəqil jurnalistlərə ən amansız repressiya Media haqqında irtica qanunun qəbulundan sonra başladı. İndi həbsdə olanların əksəriyyəti də bu qanuna etiraz edən, medianın başına gətirilənləri əvvəlcədən görənlər idi.
Qanunun qəbulundan sonra dövlət jurnalistləri “qaçaqmalçı” adlandıraraq həbs etdi, lakin hamıya bu həbslərin səbəbi gün kimi aydındır. Həbslər fonunda yenə də kamerasına sarılaraq qorxmadan həqiqətləri çatdıranlar oldu. Hər dəfə arxamıza baxanda sıralarımızın seyrəldiyini görür, amma həbsdə olan həmkarlarımızın yerinə də susmamağı özümüzə borc bilirdik.
“Söz azaddır!” Bu sözləri Media haqqında qanuna etiraz aksiyasında əlimə yazmışdım. Gün gəldi və mənim də növbəm çatdı. “Söz azaddır” yazdığım qoluma qandal vuruldu. Vəziyyət o yerə gəlib çatdı ki, öz məhkəməmi işıqlandırmağa jurnalist qalmamışdı deyə, məhkəməmdən xəbəri özüm yazıb mediaya ötürdüm.
Azərbaycanda müstəqil jurnalistikanın yeni tarixi dövrünün ən biabırçı repressiyası yaşanmaqdadır. Tarix boyu da belə olub. Kimlərsə daima nəyəsə inanır, onun uğrunda hər şeyə hazır olur, hətta bütün insanlığın yükünü öz üzərinə götürür və müasir Atlanta çevrilir.
Hazırda başqa-başqa kameralarda saxlanılsaq da, tarixin doğru və məğrur üzündə olmaqdan usanmayan bütün həmkarlarımı təbrik edirəm!”.

Natiq Cavadlı:
Əziz həbsdəki həmkarlarımın və azadlıqda bizi müdafiə edən dostlarımızın bayramını tərik edirəm!
Bu məyusedici və ağır günlər keçəcək, darxımayın. Bugünə gəldikdə, mətbuat yoxdur, mətbuat adına nə varsa məhbəsdədir. Azərbaycan mətbuatının tarixini biz yaradır və biz yazırıq. Mükafatlar, təltiflər tarix deyil, ötəri və keçicidir.
Stalin, Brejnev dövrünün mükafatlardan heç nə qalmayıb, indikindən də qalmayacaq.
Bizim mükafat qələmimiz və qandalımızdır!