Etiraz haqqında bir-iki kəlmə

Mən utanmaq, pərt olmaq istəyirdim…

Source:



Necə ki, dekabr ayının otuz birində mən gözlədim. Biz bilirdik ki, atəşfəşanlıq da, çal-çağır da baş tutacaq. Bilirdik. Amma mən ümid edirdim ki, soydaşlarımızın cəsədlərini hələ də özündə saxlayıb, geri qaytarmayan dənizin üzərində sağ qalmış digər soydaşlarımız heç nə olmamış kimi, atəşfəşanlığı bəh-bəhlə izləməyəcək. Sadəlövhlüyümdən, əlim gəlmədi sonuncu rəsmi işləyim. Sanırdım, xalqım məni bu dəfə pərt edər. Amma…

Bir ailə tanıyırdım. Əslində, o adamlara “ailə” demək olmazdı. Dağılmış bir ocaq idi. Ata sərxoş olub, dostları ilə qız zorlamışdı. Bir il keçməmiş, həbsxanada öldü. Ana azyaşlı üç oğlan, bir qızı ilə sovetdənqalma hansısa uçuq idarədə yaşayırdı. Uşaqları saxlamaq üçün qadın hər yola əl atdı. Uşaqlar böyüdü.

Bir dəfə dostlarla küçədə gəzəndə, ailənin bir oğlu ilə görüşdük. Məni tanış etdilər. Dedilər, yaxşı bədahətən meyxana deyir. Çətin də olsa, bilə-bilə soruşdum: kimin oğlusan? Oğlan atasının adını deyil, utana-utana anasının adını çəkdi. Heç anasının da adını demək istəmirdi. Bunu hiss etdim. Ağır səhnə idi. Sadəcə, belə kiçik suallara cavab, sənə geniş anlamda həyatı başa salmağa kömək edir. Bəlkə də, mənim üçün adi olan sual meyxanaçı oğlan üçün bəşəriyyətin qarşısında ən aciz qaldığı suallar qədər ağır oldu.

Bəs, nə üçün oğlan hamımız üçün bu qədər sadə  “kimin oğlusan?“ sualı qarşısında bu qədər əzab çəkdi?

Bu söhbəti saxlayıb, başqa bir mövzuya keçək. Bir dəfə sosial şəbəkələrdə bir qız yazmışdı ki, “mən azərbaycanlı deyiləm“. Şərhlərə baxanda, o qızın yerində olmaq istəmədim. Azərbaycan dilində, doğma leksikonumuzda nə qədər söyüş, təhqir, sözaltı, sözüstü, böyür, bucaq varsa, hamısını görmək olardı o şərhlərdə.

İki misal çəkdim. Məncə, açıqlamağa ehtiyac yoxdur. Biri digərini tamamlayır. İkisi də şüurlu olaraq, haqlıdır. Biri sərxoş olub, küçədə qız zorlayan atasının oğlu olmaqdan imtina edir, digəri başqa səbəbdən vətənindən imtina edir. Səbəb  konkret deyil. Çox şey sadalamaq olar. Görürəm, yazını rasional başla, emosiyasız davam etmək olmur. Onun üçün necə rəsm çəkirəmsə, o ürəklə də yazacam.

Sizlər tərəfindən söyülən, təhqir olunan biz, yenə də sizdən iynə ucu qədər ümid gözləyirik. Və bunu hər zaman gözləyəcəyik. Necə ki, iki min on beşinci il dekabr ayının otuz birində mən gözlədim. Biz hər şeyi görən və bilənik. Bilirdik ki, atəşfəşanlıq da, çal-çağır da baş tutacaq. İyirmi ildən çox uzanan hörmətsizlik, saymamazlıq bu dəfə də olacaq. Amma şəxsən mən ümid edirdim ki, soydaşlarımızın cəsədlərini hələ də özündə saxlayıb, geri qaytarmayan dənizin üzərində sağ qalmış digər soydaşlarımız heç nə olmamış kimi, atəşfəşanlığı bəh-bəhlə izləməyəcək. Sadəlövhlüyümdən, əlim gəlmədi sonuncu rəsmi işləyim. Sanırdım, xalqım məni bu dəfə pərt edər. Amma…

Amma olan oldu. Biz susduq. Bu dəfə yol göstərmədik, ağıl öyrətmədik, nəyi necə etmək lazımdır, demədik. Buraxdıq axarına. Bir növ təcrübə apardıq. Yoxsa, nəsə desəydik, yenə söyüləcəkdik, təhqir olunacaqdıq, biz səhv, siz üzüağ, saf, vətənpərvər çıxacaqdınız. Əslində, hər zaman sizə yaxşılıq etmişik, oyundan biz uduzmuş, siz isə qalib çıxmısız. Amma bu dəfə belə olmadı.

Heç olmasa, bu dəfə utandınız? Siz nə vaxtsa utanacaqsınız? Nə üçün beləsiniz? Axı nə olub, bu nə görməmişlikdi? Yəni doğrudan da siz nəyəsə etiraz etməyi, hansısa toya-bayrama “yox“ deməyi unutmusunuz? Başqa vaxtı başlayırsınız ki, biz siyasətə qarışmırıq, siz qərbpərəstsiniz, satılmısınız, deyib üstümüzə olmazın ifrat söyüşlərlə gəlirsiniz, bəs indi nə oldu? Bu dəfə demədik ki, mitinqə çıxın, etiraz edin, haqqlarınızı tələb edin. Sadəcə, evdə oturub, ailənizlə yeni ili qeyd edə bilərdiniz. Dünya dağılmayacaqdı ki? Axı nə üçün bizi də bir dəfə sevindirmədiniz? Ulu öndəriniz kimi azərbaycanlı olmağımızla fəxr etdirmədiniz?

Fransada terror bizim faciədən əvvəl olub, bu bir. Ikincisi, bizim neftcilərin çoxunun cəsədi hələ o dənizdən çıxarılmayıb. O Xəzərin ki, siz həmin Xəzərin sahilində atəşfəşanlığı seyr etdiniz. Sevindiniz, şənləndiniz və qayıdarkən hər zaman güldüyünüz məhşur Çin metro əhvalatının gününə düşdünüz.

İndi anladınız ki, içi mənqarışıq ölkədə olan beş-altı nəfər (bu,simvolik rəqəmdir) Fransa hadisələrinə nə üçün bu qədər can yandırdıq, etiraz etdik, profillərimizi Fransa bayrağı etdik. Çünki vətəndaş kimi susamışıq, hər şeyə susamışıq. Etiraz edirik, amma nəticəsi olmur, vətəndaş kimi iqnor edilirik. Yazırıq, çəkirik, nəyi isə başa salmaq istəyirik, amma əvəzində söyülürük, vətən xaini çıxarılırıq.

İnanın ki, Fransada yeni ildə atəşfəşanlığın rəsmi şəkildə baş tutmaması bizim üçün təskinlikdir. Gülməli də olsa, belədir.Biz anlayırıq ki, başqa ölkənin hansısa protest prosesinə qoşulmaq, özümüzü bir insan, bir vətəndaş kimi hiss etməyimizə daha yaxşı kömək edəcək, nəinki, doğma ölkəmizdəkinə.

Yəni, doğrudan da, bu qədər uzağa getmisiniz, adi “yox“ sözünü başqalarına deyil, heç olmasa, özünüzə deməyi unutmusunuz? Hansısa atəşfəşanlıq üçün sizi heç kim məcbur etməmişdi ki, bayağı, mənasız bulvarınıza gedəsiz. Axı sizi evdən heç kim məcbur çıxartmayıb? Bilirik, bu sistem, bu rejim mənəviyyatdan, əqidədən, vicdandan uzaqdır. Bunu bilirik.

Bəs siz…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəEtiraz haqqında bir-iki kəlmə