“Ətin qiymətinin ucuzlaşması digər məhsullara da təsir edə bilər”

İqtisadçılar ucuzlaşmanı yem tədarükü ilə əlaqələndirirlər

Source:


İqtisadçılar ucuzlaşmanı yem tədarükü ilə əlaqələndirirlər

Bir neçə gündür Azərbaycanda ətin ucuzlaşması müşahidə olunur. APA TV-nin məlumatına görə, ötən ilin sonu dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 6 manata düşüb. Ucuzlaşma daha çox Aran rayonlarında qeydə alınıb. Ucar rayonunda dana ətinin qiyməti 2 manat, qoyun ətinin qiyməti isə 1-2 manata qədər ucuzlaşıb. Əvvəllər rayonun mərkəzi bazarında 7 manat 50 qəpik, bəzi ucqar ərazilərdə isə 8 manata satılan dana əti indi mərkəzi bazarda 6, kəndlərdə isə 5-5 manat 50 qəpik, qoyun əti isə əvvəllər 9 manata satılırdısa hazırda keyfiyyətindən asılı olaraq 7-8 manata təklif olunur. Ətin qiymətinin 2 manata qədər aşağı enməsinə ət satışı ilə məşğul olan qəssablar kəsimə yararlı diri heyvanın qiymətinin aşağı enməsi ilə izah edirlər.

Maldarlıqla məşğul olan sahibkarlar ötən il əlverişsiz hava şəraiti səbəbindən ot qıtlığı yarandığını, bu səbəbdən də 1 bağlama otun qiymətinin 5 manata kimi qalxdığını deyirlər. Sahibkarlar isə mal ətinin qiymətinin aşağı düşməsini otun qiymətinin qalxması ilə əlaqələndirirlər.

“Bu il havaların quraq keçməsi otun az olmasına səbəb oldu. Bu da bir növ otun qiymətinin 3 manatdan 5 manata qalxmasına səbəb oldu. Hazırda ətin qiymətinin düşməsinin səbəbi kəndlilərin mal-qaranı artıq saxlaya bilməyib bazara çıxarmasıdır. Ona görə də ət bolluğu yaranıb. Bu da ətin qiymətinin aşağı düşməsinə səbəb olub”.

Ekspert Vahid Məhərrəmov bunun əsas səbəblərindən biri kimi yas mərasimlərini görür: “Yas mərasimlərində ehsana qoyulan qadağalarla bağlıdır. Bir müddət əvvəl təxminən 200 min baş mal ehsan yerlərinə istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib”.

Vahid Məhərrəmov hesab edir ki, səbəblərdən biri də ölkə üzrə yem məhsullarının kifayət qədər tədarük edilməməsidir. Regionların yem bazarında baş verən qiymət artımı fermerlərin mal-qaranı bazarlara çıxarmasına səbəb olub. Hazırda yaranan bolluq bir neçə aydan sonra ət qıtlığının yaranmasına və bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qabil Əbdüləliyev isə bildirib ki, ətin qiymətinin ucuzlaşmasının səbəbi yem və yem məhsullarının qiymətinin bahalaşmasıdır: “Ötən il ölkə ərazisində yem və yem məhsullarının tədarükü bir qədər aşağı düşüb. Bu əsasən suvarılmayan ərazilərdə daha çox müşahidə edilib. Bu da yem və yem məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu səbəbdən də fermerlər mal-qaranı satışa çıxarırlar. Yeni mövsümdə ot məhsulları becəriləndən sonra yenidən mal-qara alacaqlar”.

Nazirlik rəsmisi Milli.az-a deyib ki, yaz aylarında ət məhsullarının bahalaşma ehtimalı heç bir narahatlıq yaratmamalıdır. Bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Hazırda mal-qaranın satışı süd və süd məhsullarında hər hansı bahalaşmaya səbəb olmayacaq. Çünki ölkənin süd istehsalı iri təsərrüfatlar hesabına təmin edilir. Ötən il ölkədə 185,6 min ton süd istehsal edilib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artıq miqdara bərabərdir. Qeyd edək ki, hazırda daxili istehsal hesabına mal əti 87 faiz, qoyun əti 97 faiz, quş əti isə 98 faiz təmin edilir.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər var. Onlardan biri idxalın artımıdır: “Rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb. Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dolları məbləğində ət idxal olunmuşdursa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd rayonlarda ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb. Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailə büdcəsi gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Nəhayət, ötən il quraqlıq olmasına görə yaranmış yem qıtlığı hazırda onun maksimu səviyyədə bahalaşmasına və bu da iribuynuzlu mal-qaranın saxlanması xərclərinin artmasına gətirib çıxarıb. Yaranmış xərcləri ödəmək üçün malik olduqları mal-qaranın bir hissəsini satışa çıxaranların sayının getdikcə artması bazarda ətin təklifinin artmasına gətirib çıxarıb”.

Qubad İbadoğlunun fikrincə, bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa, digər məhsullara da təsiri olacaq: “Əgər davam edərsə, yaxın vaxtlarda qoyun, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin, həmçinin kafe və restoranlarda steak, basdırma və mal ətindən hazırlanan digər yeməklərin də qiymətində dəyişikliyə gətirib çıxarar. Təbii ki, ölkədə bazar iqtisadiyyatı qanunuları işləyərsə!”

Ana səhifəXəbərlər“Ətin qiymətinin ucuzlaşması digər məhsullara da təsir edə bilər”