Etibar Əliyevin qayıdışı

“Bank Technique” ASC rebrendinqdən sonra gələn əsas kadrlarını itirib

Source:


“Bank Technique” ASC rebrendinqdən sonra gələn əsas kadrlarını itirib

Ölkənin qanunlarla deyil, ayrı-ayrı məmurların iradəsi ilə idarə olunmasının daha bir fəsadını yüzlərlə sadə vətəndaş və kiçik sahibkarlar yaşamaqdadır. “Bank Technique” ASC ətrafında baş verənlər bunu bir daha göstərdi. Həbs olunduqdan sonra sahib olduğu bankı əlindən alınan Etibar Əliyev 3 il sonra yenidən Bankın rəhbərliyinə qayıdır. Mətbuata açıqlama verən Etibar Əliyev “Bank Technique” ASC-nin Müşahidə Şurası və İdarə Heyətinin onun rəhbərliyi altında yenidən formalaşdırılacağını bildirib. Amma artıq sahibkarlar aylardır Azərbaycan Beynəlxalq Bankının sədri Cahingir Hacıyevdən sonra dayaqlarını itirən bankın yaratdığı problemlər məngənəsində sıxılır. Bankın müştəriləri olan istər fiziki, istərsə də hüquqi şəxslər heç bir maliyyə əməliyyatı aparı bilmir. Bəs bu problemlərə aparan yol necə olub?


Sona doğru keçilən 21 illik yol

Bir müddət öncəyədək respublikanın ən aparıcı 10 bankı sırasında qərarlaşan bank 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb. 1998-ci ildə isə “Texnika Bank” adlandırılaraq fəaliyyətini davam etdirib. Sonradan isə bankın səhmlərinin 75 faizinə  «World Wines Private Company», 10 faizinə «Kazimir Caspian Fund Limited», 15 faizinə isə Etibar Əliyev sahib olub. Bank sektorun daxil olan Böyük Britaniyanın Kayman adalarında qeydiyyatdan keçən  “Kazimir Investment Limited” 2008-ci ildə “Azəriqazbank”da da 10 faizlik səhimə sahib olub.

Bu bank ətrafında qalmaqallar isə 2008-ci ildə “Texnika Bank”ın Bakı filialının rəhbəri Zal Yusifov, onun oğlu və filialın 13 nəfər əməkdaşının həbsindən sonra  başlandı. Daha sonra isə «Texnika Bank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev həbs edildi. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan Etibar Əliyev barəsində üç aylıq həbs-qətimkan tədbiri seçildi. Amma Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə təqsirləndirilən Etibar Əliyev bir müddət sonra xəstəliyilə bağlı azadlığa buraxıldı. Etibar Əliyev azadlıq əldə etsə də, «Texnika Bank»da mövqeyini qoruyub saxlaya bilmədi. 2012-ci ilin sentyabrında “Bank Technique” adı ilə bazara daxil olan bankın səmdarları dəyişdi. Bu dəfə “Bank Technique” ASC-nin səhmdarları 2 hüquqi və üç nəfər fiziki şəxs oldu. Bankın səhmlərinin 75 fazinə Lüksemburqda qeydiyyatdan keçən  “Beaufort Investissements S.A.” şirkəti sahibləndi. Böyük Britaniyanın Kayman adalarında qeydiyyatdan keçən  “Kazimir Investment Limited” 10 faizlik payını qoruyub saxladı. Qalan 15 faizlik səhmlərə isə fiziki şəxslər Əlihüseyn Əsgərov, Habil Cavadov və Kamran Axundov sahib oldular.  Bundan sonra filiallarının sayını artıran bank həm də Xətai rayonu, Babək prospekti 16 ünvanında yeni Baş ofis binası tikdi. Bankın həm əsas səhmdarı, həm də yeni kadr tərkibi Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə yaxınlığını aydın göstərirdi.


Həbsdən cıxıb, banka sahib olan ofşor şirkət sahibi

Belə ki, “Bank Technique” ASC səhmlərinin 75 faizinə sahiblənən “Beaufort Investissements S.A.” şirkətinə məxsusdur. Həmin şirkət isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə yaxınlığı ilə seçilən Xəqani Başirovundur. “Beaufort Investissements S.A.” şirkətinin qeydiyyat sənədlərində Xəqani Başirov və Seymur Əhmədovun adı keçir. 07 yanvar 1961-ci ildə Gəncə şəhərində anadan olan, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, ev 21, mən.32-də qeydiyyatda olan Bəşirov Xəqani Əyyub oğlunun adı 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankından çıxarılan külli miqdarda vəsaitin mənimsənilməsində hallanırdı. Elə həmin vaxt Azadlıq Radiosunun araşdırması (http://www.azadliq.org/content/article/24263362.html) nəticəsində məlum olmuşdu ki, Azərbaycanla yanaşı, həm də Fransa vətəndaşı olan Xəqani Bəşirov Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədri olub. Bundan başqa, X.Bəşirov Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining plc» şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti «VneshExpertService»-i yaradıb (2006-cı ildə «V.E.S. Consultancy LLC» şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Azərbaycan Beynəlxalq Bankının adı keçir.

Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Bankı «Anglo-Asian Mining plc» şirkətinin də əsas kredit verənlərindən biri olub. Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat vəsaitin mənimsənilməsində adı keçən Xəqani Bəşirov Bankın  İdarə Heyətinin sədri Cahangir Hacıyevlə bir necə şirkətin rəsmi partnyoru olub.

Maraqlıdır ki, Xətai rayon Məhkəməsinin 12 sentyabr 2010-cu il tarixli qərarı ilə barəsində həbs- qətimkan tədbiri seçilən Bəşirov Xəqani Əyyub oğlu sonradan nəinki həbsdən xilas oldu, hətta ölkənin  ilk onluğunda qərarlaşan bankına sahibləndi. Bu qədər gücün haradan qaynaqlandığı isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev və onun qudası milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən getməsindən sonra daha da aydınlaşdı. Bu sahiblikdən və himayədən sonra  “Beaford İnvestissements” imkanlarını daha da genişləndirdi.  Artıq “BEAUFORT INVESTISSEMENTS S.A.” şirkəti bankın səhmlərinin 78.4421 faizinə sahibdir. “Kazimir Investment Limited”in 10 faizlik səhmlərini isə fiziki şəxslər alıb. Hazırda Bankın səhmlərinin 21.5579 faizi adları açıqlanmayan fiziki şəxslərə məxsusdur.


Gizli himayənin acı sonluğu

Cahangir Hacıyevin banka təsir imkanları həm də rebrendingdən sonra “Bank Technique” ASC-yə gətirilən kadr tərkibində aydın görünürdü. Belə ki, bankın Müşahidə Surasının sədrliyinə Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini vəzifəsində çalışan İsmayılov Rövşən İsmayıl oğlu gətirildi. Rövşən İsmayılov Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevdən sonra banka rəhbər təyinatı almışdı. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olduğu iddiası nazirin çıxarılmasından dərhal sonra vəzifəsindən vidalaşması ilə özünü doğrultdu. Bankın Müşahidə Şurasının üzvləri Ağayev Rauf Məmməd oğlu (sonuncu iş yeri Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi)  və Mürşüdlü Fuad Ələkbər oğlu da (sonuncu iş yeri “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” MMC-nin Audit Komitəsinin sədr müavini) beynəlxalq bankın kadrları idi.

Bundan başqa, bankın İdarə Heyəti sədri Ülvi Mansurov (sonuncu iş yeri Azərbaycan Beynəlxalq Bankının Əməliyyat İdarəsinin rəisi), İdarə Heyətinin 1-ci müvini Səfərov Yaşar Xasay oğlu (sonuncu iş yeri Azərbaycan Beynəlxalq Bankı Xətai filialının müdiri), İdarə heyətinin üzvü Hacıyev Cəmin Mikayıl oğlu (sonuncu iş yeri Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialının müdir muavini), departament rəhbərləri – Axundov Kamran Alik oğlu, Cavadov Habil Azad oğlu, Hacıyev Cəmin Mikayıl oğlu, Hüseynov Anar Rəsul oğlu, Hüseynov Kamran Ağa oğlu, Qədirov Orxan Elxan oğlu da Azərbaycan Beynəlxalq Bankından  “Bank Technique” ASC-yə transfer etdi.

Bir neçə ay öncəyədək isə Azərbaycanda yeganə olaraq, “Bank Technique”in təqdim etdiyi elektron kiosklar vasitəsilə, banka gəlmədən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri və Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunu ödəmək mümkün idi. Respublikada bütün notariat kontorlarında bankın kioskləri qoyulmusdu ki, hər əməliyyata görə də 2 manat vəsait ödənilirdi. Notariat hərəkətlərinin gündəlik sayı isə təkcə bu sahədən milyonların qazanıldığını göstərirdi. Baş ofisi, Bakı, Abşeron, Gəncə, Sumqayıt, Quba, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad və Tovuzda 29 filialı olan bank müştərilərin sayına görə də liderlər sırasında idi. Hüquqi və fiziki şəxslər olmaqla, 100 mindən artıq müştəriyə xidmət göstərn bankda 700 nəfərdən artıq işçi çalışırdı. Amma birdən-birə bank müflis olmaq həddinə çatdı. Bu isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin öz mövqelərini itirməsindən sonra başladı.

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən getməsi isə bankın təmamilə əldən çıxması ilə nəticələndi.


“Respublikamızda bankların choxu sırf gizli əllərin himayəsi ilə ayaqda qalırlar”

Məsələyə münasibət bildirən Bank işi üzrə ekspertlər isə deyirlər ki, yaranmış vəziyyətin əsas səbəblərindən biri ölkədəki maliyyə vəziyyətidir: “Amma  “Bank Technique” ASC heç vaxt normal bank olmayıb. Ona “françayz” bank deyirdilər həmişə. Çünki filialları ayrı-ayrı şəxslərə mənsub olub adətən, vahid olmayıb. Son illər isə bu bank Azərbaycan Beynəlxalq Bankın, daha doğrusu, bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin əlaltısı olmuşdu. Cahangir Hacıyev vəzifəsi ilə vidalaşandan sonra isə onun dəstəyi “Bank Technique” ASC –dən də kəsildi. Onun dəstəyi olmadığı üçün bankın maliyyə vəziyyətinin bərbad olduğu üzə çıxdı. Bank digər gizli himayəsini itirdikdən sonra isə vəziyyət daha da ağırlaşdı. Çünki hazırda respublikamızda bankların choxu sırf gizli əllərin himayəsi ilə ayaqda qalırlar.  Bu səbəbdən onlarda sağlam sistem olsaydı, çoxdan müflis olardılar».

Artıq “Bank Technique” ASC rebrendinqdən sonra gələn əsas kadrlarını itirib. Etibar Əliyevin yenidən banka qayıdışı ilə nəyin dəyişəcəyini indidən demək çətindir. Ola bilər ki, bu dəfə də daha bir ofşor şirkət bank səhmlərinə sahib olacaq.  Amma dəqiq bilinən odur ki, ölkə qanunlarla, iqtisadiyyat bazar münasibətləri ilə idarə olunmadıqca, korrupsiya zəncirinin istənilən bir halqasının dəyişməsi, yüzlərlə insana əlavə problem yaradır.

Ana səhifəXəbərlərEtibar Əliyevin qayıdışı