Emin Axundovun Sumqayıtdan olduğu, sonradan İsrailə köçdüyü bildirilir
Oktyabrın 9-da İsraildə HƏMAS yaraqlıları ilə döyüş zamanı Beer-Şeva şəhərindən olan polis əməkdaşı Emin Axundov həlak olub.
Bu barədə “Turan” məlumat yayıb.
Bildirilir ki, Emin Axundov əslən Azərbaycanın Sumqayıt şəhərindəndir.
O, İsrailə köçdükdən sonra orada təhsil alıb və polisə işə qəbul edilib.
Emin Axundov ailəsilə birlikdə Beer-Şeva şəhərində yaşayırmış.
O, HƏMAS-ın İsrailə hücumundan sonra müharibəyə çağırılıb.
Məlumata görə, Axundov Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin HƏMAS silahlılarından azad edilməsi zamanı həlak olub.
Hazırda İsraildə Azərbaycandan müxtəlif millətlərdən olan 50 minə yaxın insanın yaşadığı bildirilir.
Yaxın Şərqdə nə baş verir?
Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:
“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.
HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.