Zülmün nökərləri maarifin işığından çox qorxurlar. Maarif – işıqdır. Cəhalət – qaranlıq. Zülmkarlara qaranlıq lazımdır ki, öz qanlı işlərini rahat görə bilsinlər.
Çörəyin, ətin, yağın qiyməti qalxırdı. Çay tapılanda qənd tapılmırdı, qənd tapılanda çay. Aclıq qorxusu adamları şiddətlə əzirdi. Hamı həyəcan və təşviş içində idi. Hər yerdə güzaranın ağırlaşmasından danışırdılar. İlyas səhər tezdən atasıyla anasının söhbətinə istər-istəməz qulaq asmalı oldu. Atası dərdli-dərdli deyirdi:
– Arvad,qənaətlə dolanmalıyıq. Qabağıda qışa gedir, qorxuram, uşaqları yaza çıxara bilməyək.
– Birtəhər dolanarıq, Allah kərimdir, acından ölmərik- anası adəti üzrə atasına təsəlli verdi, lakin bir azca susub, əlavə etdi:
– Gün-gündən pis gəlir, Allah axırını xeyir eləsin.
Adamlar güzaranın ağırlığından şikayətlənəndə, onların həyəcanını və təşvişini görəndə, İlyas özünü hədsiz dərəcədə pis hiss edir, ürəyi sıxılır, bütün ovqatı korlanırdı. Daxilindən, təbiətindən gələn bir səs İlyasın fikirini həyatın ağırlığından şikayətlənməyən, gələcəkdən qorxmayan adamlara tərəf çəkirdi. Belə adamların söhbətlərinə qulaq asanda, onlarla ünsiyyətdə olanda İlyas özünüdaha rahat hiss edirdi.
Əlbəttə, İlyasın gözündə belə adamlardan birincisi Kamal müəllim idi. Kamal müəllimin geyimi, hərəkətləri, səsi, hetta dediyi ən adi sözlər İlyasda heyranlıq doğururdu. İlyas həmişə heyran gözlərlə müəllimini müşahidə edirdi və müəlliminin ən adi sözlərində də əlavə məna axtarırdı. Çunki İlyas heç vaxt bu qədər mehriban, işıqlı, ürəyəyatan sima görməmişdi. O vaxtlar Rusiyanın, Avropanın müxtəlif şəhərlərində oxuyub vətənə qayıtmış həkimlər, vəkillər, müəllimlər barmaqla sayılacaq qədər az olsalar da, onlar xalqın həyatında getdikcə böyuk rol oynamağa başlayırdılar.
Artıq tatarlarında arasında Avropa təhsilinin faydasını anlayan ailələr əmələ gəlmişdi. Belə ailələrdə uşaqlarına Avropa təhsili vermək arzusu oyanmışdı. Lakin o dövrün mollalarının nəzərində Avropa təhsili almaq kafirləşmək, dini əldən vermək idi. Buna görə də mollalar, axundlar uşaqlarını yeni məktəbə verənləri, Rusiyaya, Avropaya oxumağa göndərənləri dinsiz, allahsız, xain adlandırır, belələrinə qarşı hər cür vasitəylə şiddətli mübarizə aparırdılar. Mollalar, axundlar övladlarını mədrəsələrə deyil, yeni məktəblərə göndərənlərə allahın qəzəbinə tuş gələcəklərini deyir, onları cəhənnəm əzabı ilə qorxudurdular.
Avropada oxuyub vətənə qayıtmış və xalqını maarifləndirmək istəyən azsaylı ziyalılardan biri də Kamal müəllim idi. Kamal müəllim o ziyalılardan idi ki, xalqın bədbəxtliyinin, fəlakət və müsibətlərə düçar olmasının səbəbini cəhalətdə, savadsızlıqda görürdü. O, bütün varlığı ilə inanırdı ki, adamlar oxusa, gözü açılsa, cəhalət aradan qalxar, cəhalət aradan qalxsa, adamlar xoşbəxt yaşayarlar.
Kamal müəllim axşam düşəndə eyvanda oturar, çay içə-içə yaşadığı cəmiyyətin, mənsub olduğu xalqın dünəni, bu günü, gələcəyi haqqında əzablı- əziyyətli fikirlərə dalardı. O fikirlərə ki, ağır bir yük kimi sinəsinə çökər, ürək sıxıntılarına bais olardı. Lakin Kamal müəllim bu ağır fikirləri ürəyində saxlar, heç kimlə bu barədə danışmazdı.
İlyas Kamal müəllimin bir dəfə də olsun, yemək və paltar dərdi çəkdiyini, gələcəkdən qorxduğunu görməmişdi. Kamal müəllim heç vaxt dolanışığın ağırlığından şikayətlənməzdi. Bəs, müəllim nə ilə dolanırdı?
O, alver eləmir, araba sürmür, yer əkmir, yük daşımır. Bəs, pulu hardan tapır?
Yəqin, çox varlı adamdır. Elə buna görə də, heç vaxt güzaranından şikayət eləmir. Məhəllə də yeddi uşağa pulsuz dərs deyir. Kamal müəllimin həyatı, nəylə dolanmağı, pulu hardan tapmağı İlyas üçün bir sirr idi. Kamal müəllim dərsdən sonra uşaqları saxlar, oturub onlarla müxtəlif mövzularda söhbət edərdi. Bu söhbətlər uşaqları müəllimə, müəllimi uşaqlara daha çox yaxınlaşdırırdı.
Belə söhbətlərdən biri o qədər təbii və səmimi keçdi ki, İlyas çoxdandır onu düşündürən suallara müəllimdən cavab almaq istədi. Çəkinmədən, utanmadan müəllimə sual verdi:
– Müəllim, siz çox varlısınız?
Kamal müəllim şagirdinin ona belə səmimi sual verməsinə şad oldu. Bu sualın veriləcəyini çoxdan gözləyirdi. Gülümsəyərək, şagirdinə baxdı. Adəti üzrə çeçələ barmağı ilə qaşlarının ortasını qaşıdı.
– Oğlum, məndə olan var-dövlət bizim cəmiyyətdə çox az adamda tapılar. Məndə elə var-dövlət var ki, bahalıq, müharibə, zəlzələ, hətta hökümətin özü də bu dövləti mənim əlimdən ala bilməz. O, pul, o,qızıl deyil, bir gündə əlimdən çıxsın. O,bilikdir, elmdir ki, heç bir qüvvə onu məndən almağa qadir deyil.
– Pulunuz çoxdur, müəllim?
– Pulum yoxdur – müəllim üst-başını və ev-eşiyini göstərdi – nə görürsən, budur!
– Bəs niyə güzaranın ağırlığından şikayət etmirsiz? Bəs niyə gələcək sizi qorxutmur? Sizdən savayı hamı qorxur ki, sabah ac qalacaq.
– Şikayət etməkdən xoşum gəlmir.
– Bəs siz nəylə dolanırsız, müəllim? Bizə də havayı dərs verirsiz.
– Mən sizə müftə dərs vermirəm, oğlum. Mən insanlara olan borcumu yerinə yetirirəm. İstəmirəm, bildiklərimi özümlə qəbrə aparım. Mənim bildiklərim bu dünyada daha çox lazımdı. Nə qədər ki, sizin kimi qabiliyyətli balalar təhsil almayıb, bizim evlərdən şikayətlər kəsilməyəcək. Həmişə zülmün təpikləri altında əziləcəyik. Xalqın gələcəyi sizin necə təhsil və tərbiyə almağınızdan asılıdır.
Əgər siz yaxşı təhsil alsanız, həyat çox dəyişəcək. Bizi əl-qol açmağa, tərpənməyə qoymayan, arzularımızı sinəmizdə öldürən buxovların, zəncirlərin çoxu qırılacaq. Mən buna inanıram. İmkanım olaydı bir anlıq dünyanın vəziyyətini sənə göstərə biləydim. Görəydin, biz necə pis haldayıq. Biz necə pis yaşayırıq. Gərək, təzə fikirli adamların sayı çox ola ki, yığışıb bir iş görə bilələr. Hərdən mən xəyala gedib, gələcəkdə tikəcəyimiz xoşbəxtlik sarayına baxıram. Bütün böyük əməllər xəyaldan başlayır. Mən xəyal qurmağı, ümid bəsləməyi, inanmağı özümə qadağan edə bilmərəm. O sarayın bünövrəsini qoyanlardan biri olmaq mənim üçün xoşbəxtlikdir. Mənim üçün bundan böyük sevinc yoxdur.
Biz iradə və inamımızla insan sifətli yırtıcılara mütləq qalib gəlməliyik. İnsan sifətli yırtıcılar çöldəki yırtıcılardan daha qorxuludur. Zülmün nökərləri maarifin işığından çox qorxurlar. Maarif – işıqdır. Cəhalət – qaranlıq. Zülmkarlara qaranlıq lazımdır ki, öz qanlı işlərini rahat görə bilsinlər. Maarifi yaymasaq, zülmü aradan qaldıra bilməyəcəyik. Bizim millətə çörəkdən, sudan, havadan da vacib bir şey varsa , o da elmdir, bilikdir. Biz yalnız elmlə, biliklə silahlanıb cəhalətə qalib gələ bilərik. Cəhalətin başını əzə bilməsək, ən adi arzularımıza da çata bilməyəcəyik.
– Bəs, cəhalət nədir, müəllim?
– Sən elə suallar verirsən ki, onları cavabsız qoya bilmirəm. Cəhalət odur ki, insan özündən, öz əqlindən savayı hər şeyə inanır. Cinə, şeytana, mollaya, falçıya…Oxuduqca özün hər şeyi başa düşəcəksən. Yadında saxla, bizim cəhalətdən böyük düşmənimiz yoxdur.
Kamal müəllim fikirli-fikirli, söz axtara–axtara danışırdı. Sanki çox vacib bir şeyi İlyasa qandırmaq istəyirdi. İstəyirdi ki, İlyas bütün dediklərini, ürəyindən keçənləri anlasın. Müəllimin ürəyindəki ağrılar, arzular, istilik yavaş-yavaş sözlərə axaraq, şagirdin ürəyinə dolurdu.
– Hərdən mənə elə gəlir ki, biz – mən və mənim müəllim dostlarım dünyanın ən bədbəxt adamlarıyıq. Ona görə ki, oxumuşuq, savadımız var, çox şeyləri qanırıq. Axı bizim zülmlə, ağlasığmaz axmaqlıqlar və rəzalətlərlə dolu mühitimiz qananlar üçün zindandır. Başqa tərəfdən baxanda görürsən ki, bu elə belə də olmalıdır. Cəhalətin, nadanlığın tüğyan etdiyi ölkələrdə düşünən, qanan adamlar həmişə iztirablar və mənəvi əzablar içində yaşamışlar. Mən bacardığım qədər öz bildiklərimi başqalarına verməyə çalışıram. Çox razıyam ki, səpdiyim toxumlar münbit yerə düşür, cücərməyə başlayır. Sən düşünən adam olacaqsan. Sən ağıllı oğlansan. Sənin gözəl gələcəyin var. Bu sualları verməyin sənin düşünən adam olacağının ilk əlamətidir.
Bilirsən ki, mənim övladım yoxdur. Övladım olsaydı da, mən tutan yolu gedəcəkdimi, mən əkən ağacı becərəcəkdimi? Bunu heç kəs deyə bilməz. Amma sən gedəcəksən. Mən əkən ağacı qoymayacaqsan qurusun, yanında da bir ağac sən əkəcəksən. Kim bilir, bəlkə, bağ salacaqsan. Mənim oğlum o adam deyil ki, qanımdan törəyib. Mənim oğlum mənim amalımı yaşadandır. Səni buna görə sevirəm. İnanıram ki, qoymazsan ümidlərim boşa çıxsın. Heç bir çətinlikdən qorxma. Həmişə həqiqətin yaninda ol. Heç vaxt haqqı nahaqın ayağına vermə. Vicdanını göz bəbəyi kimi qoru. Qoyma ora ləkə düşsün. Şüurun işığı vicdanın saflığı ile birləşəndə çox böyük güc yaranır. Tarixdə bir çox insanların güclü olmalarının sirri bundadır. O ki, qaldı mənim necə dolanmağıma, bu barədə heç narahat olma.
– Müəllim,yaxşı başa düşürəm nə deyirsiz. Sizə söz verirəm ki, sizin yolunuzu davam etdirəcəm.
– Mən sənə, sənin gələcəyinə inanıram.
Sevimli müəllimin dilindən ünvanına deyilmiş tərifləri eşitmək bir şagird üçün çox böyük xoşbəxtlikdir. Müəllimin dilindən ünvanına təriflər eşidən bir şagird kimi İlyasözünü xoşbəxt hiss edirdi, lakin Kamal müəllimin həyatı, necə dolanmağı İlyas üçün yenə də bir sirr olaraq qaldı.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…