Əsl fəlakət

Aparılan istintaq faciənin bir neçə səbəbini ortaya çıxarır

Source:
Narkoloji Mərkəz
Narkoloji Mərkəz

30 dekabr 1903-cü il, Çikaqo şəhəri, Amerika Birləşmiş Ştatları. “İrokez” teatrında o zamanlar populyar olan “Drury Lane” müzikli oynanılır. 1602 nəfər üçün nəzərdə tutulan teatr binasında 2 mindən artıq tamaşaçı var. Ay işığını imitasiya edən asetilen lampadan saat 15.15-də sıçrayan qığılcım nəticəsində səhnədəki pərdələrdən biri yanmağa başlayır.

Tamaşaçılar əvvəlcə bunu süjetin tərkib hissəsi zənn edirlər, hətta bəziləri əl çalır. Lakin az sonra həqiqi yanğın olduğu aydınlaşır və dəhşətli bir təlaş yaşanır. Məhz bu təlaş və yanğının sürətlə yayılması nəticəsində 600-dən çox insan həlak olur.

Aparılan istintaq faciənin bir neçə səbəbini ortaya çıxarır. Məlum olur ki, bu səbəblərdən biri də çıxış qapılarının içəriyə açılmasıdır. Belə ki, bəzi qapılara ilk yetişənlər onları açmağa macal tapmamış arxadan gələnlərin təzyiqi ilə qapıya sıxılmışlar. Nəticədə qapıların açılması qeyri-mümkün olmuşdur.

“İrokez” faciəsi teatr və bu tipli məkanlarda yanğın təhlükəsizliyi qaydalarında ciddi dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklərdən biri də çıxış qapılarının daha asan və mütləq çöl tərəfə açılması qaydası idi.

Bu hadisə haqqında ilk dəfə oxuyanda faciədən 100 ilə yaxın vaxt keçirdi. “Görəsən bizdə də qapıların mütləq çölə açılması qaydası varmı” sualı beynimdən keçsə də, Şerlok Holms diqqətcilliyi ilə seçilmədiyimdən o zamana qədər olduğum analoji binalarda qapıların hansı tərəfə açıldığını xatırlaya bilmədim. Lakin tezliklə bu boşluğu doldurmaq imkanı qazandım.

O zaman Lənkəran Dövlət Universitetində dərs dediyim ilk illər idi. Bir gün 28 May Günü münasibətilə şəhər teatrının binasında tədbir olacağını dedilər. Digər siyasi toplantılardan fərqli olaraq bu tədbirdə iştirak etmək qərarına gəldim. Toplantı başlayandan az sonra isə Cümhuriyyət və onun xadimlərini deyil, çağdaş hakimiyyətin vəsf edildiyini gördükdə, tərk etmək qərarına gəldim. Lakin binanın qapısı qıfılla bağlı idi!

İşçilərdən biri izah etdi ki, belə hal ictimai-siyasi tədbirlər zamanı adi qaydadır. Bu, ona görə edilir ki, büdcə təşkilatlarında işləyənlər özlərini rəhbərliyə göstərəndən sonra aradan çıxmasınlar. Uzun sözün qısası, uzun çək-çevirdən sonra, yanğın və zəlzələ təhlükəsindən başlayıb insan hüquq və azadlıqlarına qədər məsələləri xatırlatmağım sayəsində birtəhər binanı tərk edə bildim. Bu da “İrokez” faciəsi haqqında oxuduqdan sonra düşündürən suala cavab oldu.

Bugünlərdə narkoloji dispanserdə baş verən faciə xatırlatdı ki, oxşar müqayisəni bir də Kürdəxanı istintaq təcridxanasında olarkən aparmışdım. Bu dəfə Hollivud istehsalı olan, XX əsrin 40-60-cı illərindən bəhs edən “Şouşenkdən qaçış” filmindən gördüklərimlə. Bilmirəm, artıq o dövrdə həqiqətən də belə olubmu, yoxsa xəyal məhsuludur, Şouşenkdəki bütün kamera qapıları elektrikləşmişdi, bircə düyməni basmaqla hamısı açılırdı.

2009-cu ildə istifadəyə verilmiş və rəsmən 1 saylı Bakı İstintaq Təcridxanası adlanan müəssisədə isə başqa cür idi. Təcridxana hər birində 3 mərtəbə olan 8 korpusdan ibarətdir. Birinci və ikinci mərtəbələrin hərəsində 28, üçüncü mərtəbədə 16 kamera yerləşir. Yəni hər korpusda 72, ümumilikdə 576 kamera var.

Kameraların hər birinin iki qapısı var, biri adi, digəri isə Şouşenkdəki kimi barmaqlıqlı. Qapıların hər ikisi qıfılla bağlanır, yalnız insan tərəfindən və açarla açmaq mümkündür. Hər hansı bir fövqəladə hadisə zamanı bütün kameraların qapıların birdən açılması mexanizmi nəzərdə tutulmayıb.

Təcridxanada hər mərtəbədə nəzarətçilər var və günün işıqlı vaxtı qapı açarları onların ixtiyarında olur. Hər bir açar originaldır, yəni bir açar ilə yalnız bir qapını açmaq olar. Bu şərtlər daxilində yanğın, zəlzələ və digər hallar baş verdikdə nəzarətçinin 28 kameradakı 56 qapını açıb dustaqları azad etmək imkanı olması kifayət qədər şübhəlidir. Hələ o da var ki, bunun üçün nəzarətçi öz həyatını təhlükəyə atacaq qədər fədakar və vicdanlı olmalıdır.

Saat 18.00-dan sonra isə kamera qapıları yalnız təcridxana üzrə növbətçinin icazəsi və iştirakı ilə açıla bilər. Bu isə kifayət qədər vaxt tələb edir. Bizim kamerada epilepsiya tutması başlayan bir dustağa tibbi yardımın göstərilməsi üçün 30 dəqiqədən artıq vaxt lazım oldu. Bu, hələ kamerada siyasi məhbus olduğuna görə daha tez göstərilən reaksiya idi. Anlaşılan, gecə növbəsi zamanı hər hansı fəlakətin baş verməməsi üçün dustaqlara yalnız dua etmək qalırdı.

Bu, hələ müasir dövrdə tikilmiş təcridxanadır. Deyilənlərə görə, bir zamanlar Hacı Zeynalabdin Tağıyevin at tövlələri olan Şüvəlan təcridxanasından heç danışmağa dəyməz.

Cəzaçəkmə müəssisəsində də təhlükəsizlik qaydaları fərqli deyildi. 120-150 nəfər dustağın yatdığı yataqxanaların pəncərələrinə barmaqlıqlar vurulmuşdu. Dustaqlara “yat” komandası veriləndən sonra qapı da kilidlənirdi. Bu vəziyyətin təhlükəsizliyə xidmət etmədiyi aydındır. Üstəlik, bəzi dustaqlar yataqda siqaret çəkməklə (əslində qadağandır) təhlükəni daha da böyüdürdülər.

Əvvəllər də məhbəs həyatı yaşamış şəxslərin dediyinə görə, yataqxana qapıları bağlanmırmış. Çünki tualet həyətdə yerləşirmiş. İndi isə dustaqların rahatlığından çox izolyasiya etibarlılığını təmin etmək üçün yataqxana binasında yerləşir. Buna görə də qapı qıfıllanır. Ümumiyyətlə, penitensiar müəssisələrdə təhlükəsizliyin etibarlılığa qurban verilməsi təəssüratının yaranması qaçılmazdır.

Lakin təhlükəsizliyimizə təhlükə təkcə penitensiar müəssisələrlə məhdudlaşmır. Bu müəssisələrdən kənarda təhlükəsizlik artıq qazanc hərisliyinin qurbanı olur.

Bu yaxınlarda jurnalistlərin apardığı araşdırma nəticəsində aydın oldu ki, ölkədə satılan dizel yanacağı Avropa standartlarından 21 dəfə geri qalır. Halbuki Azərbaycanda istehsal olunub Gürcüstanda satılan dizel həmin standartlardan cəmi 2 dəfə geri qalır. Yəni qonşularımıza 10 dəfə daha yaxşı dizel satırıq.

Sözügedən fakta münasibət bildirən mütəxəssislər aşağı keyfiyyətli dizelin ekologiyaya ciddi ziyan vurduğunu iddia etdilər. Bu isə digər fəsadlarla yanaşı insan sağlamlığına da təhlükə yaradır. Daha konkret desək, ağciyər xərçənginə səbəb ola bilər.

İstifadə etdiyimiz məişət qazını isə dizeldən fərqli olaraq yoxlayan olmayıb. Lakin bu haqda da müxtəlif söz-söhbətlər gəzir. İddialara görə, xərcləri azaltmaq məqsədilə qaz emalı zamanı qaydalara tam əməl olunmur, yaxşı qurudulmur, gərəkən qatqılar qatılmır. Bu da qazın keyfiyyətinə ciddi təsir edir – həm istiliyi zəif olur, həm də həyat üçün təhlükə yaradır. Xüsusi vurğulamaq istəyirəm ki, sağlamlığa deyil, həyat üçün təhlükə yaradır.

Qida təhlükəsizliyimiz haqqında isə danışmağa dəyməz. Polişinel sirridir ki, ölkədə qida məhsullarının istehsalı və idxalı inhisar altındadır. Bu işlərlə böyük, çox böyük adamlar məşğul olurlar. Belə halda isə hansısa dövlət strukturunun bu qidaların keyfiyyətinə nəzarət edəcəyini gözləmək absurd olardı.

Yeri gəlmişkən, 2018-ci il yanvarın 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 2 aya yaxın fəaliyyətdən sonra Agentliyin direktoru öz etiraz səsini ucaltdı. Təəssüf ki, bu etiraz inhisarçılara, hansısa supermarketlər şəbəkəsinə deyil, təndir çörəyinə qarşı yönəlmişdi.

Hökumətin günahları haqqında danışandan sonra ədalət naminə onu da qeyd etmək lazımdır ki, biz özümüz də təhlükəsizliyə etinasız yanaşan toplumuq. Şərq fatalizmindən irəli gəlir, yoxsa başqa səbəbdən, reallıq budur.

Hansısa faktın, məsuliyyətsizliyin nə zamansa faciəyə səbəb olacağı ehtimalı ciddiyə alınmır. Bəlkə heç olmadı?

Faciə baş verəndə isə aşırı individualizmimiz ortaya çıxır. Doğmasını itirmiş şəxs “bundan sonra nə etsələr mənim əzizimi qaytarmayacaqlar ki!” yanaşmasını ortaya qoyur. Nəinki faciənin səbəblərinin ortadan qaldırılması, hətta məsuliyyətsizliyi və ya tamahkarlığı üzündən faciəyə səbəb olmuş şəxsin cəzalandırılması da onlar üçün maraqsızdır.

Gələcəkdə bir daha belə faciələrin törənməməsi, başqalarının həyatının xilası kimi arqumentlər “nisyə söhbət”dir. Hətta individuallıq belə sabaha deyil, bugünə hesablanıb. Nəzərə alınmır ki, əgər səbəblər ortadan qaldırılmazsa, bu gün başçısını itirən ailə sabah övladını, bu gün övladını qurban verən valideyn sabah nəvəsini itirə bilər.

“National Geographic” kanalında yayımlanan “Aviaqəzaların araşdırılması”, “Qəzaya saniyələr qalmış” verilişlərini mütəmadi izləməyə çalışıram. Avropa və Şimali Amerikada baş verən qəzalardan sonra hakimiyyət strukturları ictimaiyyətin ciddi nəzarəti altında araşdırma aparırlar.

Bəzən nədənsə narazı qalan zərərçəkənlər özləri ictimai qurum yaradırlar, mütəxəssisləri cəlb edirlər və alternativ araşdırma aparırlar. Məqsəd isə heç də qisasçılıq deyil. İnsanlar faciənin təkrarlanmasını, yeni qurbanlar verilməsini istəmirlər.

Azərbaycanda da müxtəlif faciələr baş verir. Neft platformasında, narkoloji dispanserdə, avtomobil yollarında və başqa yerlərdə. Lakin bircə dəfə də olsun doğmalarını itirən şəxslərin ictimai fəallığının, faciə səbəblərinin tapılması və ortadan qaldırılması istiqamətində hökumətə təzyiq etmələrinin şahidi olmamışıq. Aydındır ki, bizdə və Qərbdə ictimai fəallıq imkanları eyni deyil. Amma ürkək cəhd də görməmişik axı.

İqtidarın məsuliyyətsizliyi və tamahkarlığı, bizim fatalizmimiz və etinasızlığımız. Nəticədə bu gün olduğumuz yerdəyik. Faciələrdən betər əsl fəlakət budur.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəƏsl fəlakət