“Ararat” SSRİ çempionu olanda Naşkaryan komandaya qonaqlıq verirdi, mən gələnə qədər məclisin başlanmasına icazə verməmişdi”.
Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ və 7 ətraf rayondan başqa Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun bir neçə kəndi də işğal olunub. Yuxarı Əskipara da bunlardan biridir.
Yuxarı Əskipara Ermənistan ərazisində anklav şəklində mövcud idi. Aşağı Əskipara kəndi ilə erməni Əskiparası və ya Sarxan kəndi vasitəsilə birləşir. Müharibədən əvvəl bu kəndin təqribən 500 nəfər əhalisi olub. Burada 100 ailə yaşayırmış. Hazırda bu insanlar Qazaxın digər kəndlərinə sığınıb köçkün həyatı yaşayır.
Onları yurd-yuvalarından kilometrlər deyil, illər ayırır. Artıq 22 ildir ki, iki addımlığında yaşadıqları kəndlərini gedib görə bilmirlər. Yuxarı Əskiparadan cəmi 1-2 kənd məsafəsinə uzaqlaşsalar da, doğma ocaqlarının həsrəti, müharibədən əvvəlki dinc həyatlarının xatirələri və yenidən öz evlərinə qayıtmaq xəyalı ilə yaşayırlar.
“Qaçqın həyatı elə bir həyat hekayəsidir ki, onu heç kimə arzulamazdım. Qaçqın həyatı məhkum həyatı kimidir”, deyir Sevil Qasımova deyir.
O da Yuxarı Əskiparalılardandı. Hazırda ailəsilə birgə Qazaxın Musaköy kəndində məskunlaşıb. Sevil xanım deyir ki, hər gün gecə yuxusunda doğma kəndlərini görür.
“Düz 22 ildir hər gecə yuxuda evimizi görürəm. Bax, bu evi də özümüz düzəltmişik” deyərək hazırda yaşadıqları evə işarə edir: “Amma bura ev deyə bilmirəm. Bizim üçün bura sığınacaqdır”.
Sevil Qasımova hələ də doğulub-böyüdüyü Yuxarı Əskipara kəndinin həsrətini çəkir, içində yaşatdığı xatirələrlə ovudur göynəyən yarasını:
“Ömrümün ən gözəl günləri kəndimizdə kemib. Hər tərəfi meşələrlə dövrələnən kəndimizin bir ayrı gözəlliyi vardı. O meşələrın saysız bulaqlarının suyu heç yanda yoxdu. Beş-altı qonşu birləşib meşədəki bulaqdan evizmizə su çəkmişdik, min bir əziyyətlə ev tikmişdik. Hamısını bir günün içində itirdik”.
Sevil xanım deyir ki, Qarabağ müharibəsindən əvvəl Yuxarı Əskipara camaatı əsasən maldarlıq və əkinciliklə məşğul olub: “Sovxoz vardı. Hamı işləyirdi. Heyvan saxlayırdıq. Ora elə bir yer idi ki, daşından, bulağından belə dolanmaq olurdu. Biz Əskiparada indiki kimi zülm çəkmirdik. Hamı yaxşı dolanırdı”.
Yuxarı Əskiparanın bir özəlliyi də qadınların zoğal arağı cəkməsi imiş: “Kəndin ətrafındakı meşədə zoğal ağacları vardı. Zoğalı yığıb araq çəkərdik. Həm də bizim kənddə zoğal arağını mütləq qadınlar çəkərdi. Meşədən zoğalı yığıb iri palıd çəlləklərə doldurardıq. Hər qapıda araq çəkmək üçün aparat vardı. İri mis qazandan idi aparatım. Odunumuz, suyumuz, hər şeyimiz vardı. Təmiz zoğal arağımız olurdu, ildə azı yüz litir araq çəkirdim. Satmaq üçün yox ha. Elə evimizə gələn qonaq-qaraya pay verərdik. Əskiparanın kişiləri mağaza arağı içməzdi”.
Zoğal arağı çəkmək ənənəsi də Əskiparada qalıb, bu kəndin qadınları yurd-yuvalarından uzaqda daha araq çəkmirlər: “İyirmi iki ildir araq çəkmirım. Burda nə zoğal var, nə də ki araq cəkmək üçün həvəs”.
Sevil xanım deyir ki, qaçqınlıq həyatı başlayandan sonra kitab oxumağı da yadırğayıb: “Elə uşaqlıqdan ədəbiyyata marağım olub. Kəndimizdəki kitabxanada olan kitabların demək olar ki, hamısını oxumuşdum. Dünya klassiklərinin əsərlərini, bizim yazıcıların romanlarını. Dörd uşaq anasıydım, amma hər gün kitabxanaya gedirdim. Elə bil kəndimizlə birlikdə kitaba mehrimi da itirdim. Qaçqın düşəndən sonra bircə kitab da oxumamışam”.
Sevil xanımın ən böyük arzusu ömrünün heç olmasa son günlərini öz kəndində keçirməkdir: “Bizi torpaqlarımıza qaytarsınlar. Bura da vətəndir, Azərbaycandır. Lakin hər kəsə öz doğma yurdu daha şirindir. Yurdunu itirən bilir ki, bu həsrət nə deməkdir. Biz burda yaşamırıq, sürünürük. Ömrümüz getdi kəndimizin qaytarılacağı günü gözləyə-gözləyə. 22 il keçib üstündən, hələ də kəndimizin qaytarılacağına ümid edirik. Heç nə istəmirəm. Təki, qayıdıb son günlərimizi kəndimizdə yaşayaq”.
Bu kənddən ölkəcə tanınan nüfuzlu insanlar da çıxıb. Məsələn, Firudin Musayev. O, vaxtilə SSRİ Ali Sovetinin deputatı olub. 85 yaşlı Firudin Musayev də Əskiparada keçirdiyi gənclik illərini xatirələrində yaşadır: “Kəndli ailəsində doğulmuşam. Əsgərlikdən gələndən sonra sovxozda fəhlə kimi işləməyə başladım. Sonradan briqadir, daha sonra isə sovxoz direktoru vəzifəsinə qədər yüksəldim. 8-ci cağırış SSRİ Ali Sovetinin deputatı oldum”.
Firudim müəllim müharibədən əvvəlki dinc zamanlarda qonşuluqdakı ermənilərlə çox yaxın münasibətdə olduqlarını da xatırlayır: “Deputat idim, eyni zamanda sovxoz direktoru işləyirdim. Sovxoza daxil olan kəndlərin hamısı erməni kəndləri ilə sərhəddə yerləşirdi. Yuxarı Əskipara isə Ermənistan ərazisində anklav idi. Məni Ermənistanda da tanıyırdılar. Noyanbryan və İcevan rayonlarında olan bütün tədbirlərə dəvət edilirdim. “Ararat” futbol komandası SSRİ çempionu olanda Noyanbryan Rayon Partiya Komitəsinin katibi Naşkaryan komandaya qonaqlıq verirdi. Mən gələnə qədər Naşkaryan məclisin başlanmasına icazə verməmişdi. Demişdi ki, Azərbaycandan əziz qonağımız gələcək”.
F. Musayevin sözlərinə görə, torpaq mübahisələri SSRİ dövründə də olub: “Bizim sovxozumuz erməni kəndləri ilə sərhəddə olduğu üçün torpaq mübahisələri olurdu. Bir metr torpaq üstündə dəfələrlə komissiya dəvət edilirdi. Bir dəfə Quşçu Ayrım kəndinin “Quş bulağı” adlanan ərazisində torpaq mübahisəsi oldu. Biz də sovxozun xəritəsini gətirdik onlara. Hər iki tərəfdən ağsaqqalar yığışdı. Bir erməni agsaqqalı gəldi dedi ki, “a bala mübahisə etməyin. Biz bu iki kəndin sərhəddində torpağa kömür basdırmışıq. Sərhəd o kömür basdırılan yerdədir”. Qazıdıq, tapdıq həmin kömürü. Mübahisə də həll olundu”.
Hidayət Həsənov da əskiparalıdı. Söylədiyinə görı, Yuxarı Əksipara həm də təmiz balı ilə məşhur olub: “Arıçılıq bizdə dədə-babadan qalma sənətdir. Atam da, babam da arıçı olub” deyən Hidayət Həsənov arı pətəklərini bizə göstərir.
“Əvvələr kəndimizdə arını taxta yeşiklərdə saxlamırdıq. Böyük səbətlər hörürdük. Qarşı tərəfindən arıların işləməsi üçün balaca qapı qoyulurdu. Arxasından isə bal götürmək üçün deşik olurdu. Səbətdə ramka olmurdu. Bal da sarma-sarma olurdu. Əskiparada arıya şərbət verilməzdi”.
Hidayət kişi söyləyir ki, Yuxarı Əskipara meşələrlə əhatə olunduğundan arılar daha məhsuldar işləyirdi: “Hər pətəkdən 30 kiloqram bal götürürdük. Amma burda bir pətəkdən beş kilo bal götürürük. Orda meşədə, çəmənliklərdə çoxlu çiçək olurdu. Pətəkləri burdakı kimi ora-bura daşımalı olmurduq. Arılara xəstəlik də düşmürdü.”.
Hidayət dayının sözlərinə görə, kəndlərində demək olar ki, hamı arı saxlayırmış: “Kəndimizi tərk edəndə iyirmi yeşik arım qaldı”.
Hidayət dayının unuda bilmədikləri, həsrətini çəkdikləri sirasındadı Əskipara meşəsi: “Elə bil yer üzünün cənnəti idi o meşələr. Son illər pioner düşərgələri tikilmişdi. Azərbaycanın hər yerindən uşaqlar o düşərgələrə gəlirdi”.
Hidayət dayı onu da deyir ki, doğma kəndlərinin bir xüsusiyyəti isə orda çoxlu su dəyirmanlarının olması idi: “Vəzir və Çoğat çayları kəndimizin içi ilə axırdı. Vaxtı ilə kəndimizdə 12 su dəyirmanı olub. Su bol idi kəndimizdə. İndiki kimi korluq çəkmirdik”.
Onun sözlərinə görə, kənd qədim abidələrlə də zəngin imiş: “Qatır Körpüsü, Qulucanlı Körpüsü, Koroğlunun Qoşa Daşı, iki qalamız vardı. Kəndin ərazısındə min dənə təbii bulaq vardı”.
Hidayət dayı da digər didərgin düşmüş qonşuları kimi Əskiparaya qayıda biləcəyi günün həsrətindədi: “And olsun Allaha, desələr ki, kəndə qayıdırıq. Musaköydən kəndimizə qədər dizin-dizin sürünərək gedərəm”, – deyir.
Əfqan Muxtarlı, Qazax
Qeyd: Məqalə IWPR-Azerbaijan ofisinin Alert International təşkilatının maliyyə dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb.