Sakinlər yaşadıqları binanın təhlükəli vəziyyətdə olduğunu deyirlər
“Yaşadığımız binanın dam örtüyü qəzalı vəziyyətdədir. Yağış yağan kimi su mənzillərə tökülür. Binanın tavanı, divarlar lay-lay qopub düşür. 10-a yaxın ailənin həyatı təhlükədədir”.
Bunu Meydan TV-yə Bakının Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi, bina 16-da yaşayan sakinlər bildiriblər.
Sakinlərdən Anton Onufriyev deyib ki, ikimərtəbəli bina vaxtilə əsir almanlar tərəfindən tikilib. Şikayətçinin sözlərinə görə, həmin dövrdən indiyə kimi əsaslı təmir edilməyib. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı rayon icra hakimiyyətinin və digər əlaqədar qurumların xəbəri var:
“Bir balaca külək əsən kimi binanın daşları, tavanı uçub tökülür. Elektrik naqilləri köhnəlib, yüklənməyə, küləyə dözmür. Kanalizasiya xətti isə ümumiyyətlə yoxdur, borular uzun illərdir dəyişmədiyindən çürüyüb. Üfunət iyindən mənzillərdə oturmaq olmur”,– şikayətçi deyib.
Sakinlərin sözlərinə görə, binada həşəratlar, gəmiricilər əlindən tərpənmək olmur. Divarlarda açılan deşikləri nə qədər qapatsalar da, gəmiricilərin kökünü kəsmək mümkün deyil: “Təsəvvür edin ki, gəlib baxan da olmadı. Dedilər ki, bina köhnədir və istismar müddətini tamamlayıb. İndi neyləyək, başımıza uçmasını gözləyəkmi?”.
Binanın ətrafı və yollar da yararsız vəziyyətdədir. Sakinlər deyirlər ki, ilboyu evlərinə gedib-gələrkən rezin çəkmələrdən istifadə edirlər.
Qaradağ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, binanın vəziyyətindən xəbərdardılar. Bununla bağlı sakinlərin müraciəti də cavablandırılıb. Lakin sakinlərin köçürüləcəkləri, yaxud binanın əsasıı təmir edilib-edilməyəcəyi ilə bağlı sual cavablandırılmayıb.