Əsir düşdüyü bildirilən hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova oğlunun Ermənistanda saxlanılma görüntülərini izləyir.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə saatlarında Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirib. Yalnız bundan sonra Azərbaycan Müdafiə Nazirliyi, Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçunun yolu itirərək azdığı haqda məlumat verib. Ailələr isə aprelin 5-dən etibarən övladlarının postdan yoxa çıxdığı xəbərini alıb.
Ermənistan mətbuatı yazır ki, Naxçıvanla həmsərhəd olan Bnunis kəndi ərazisinə iki azərbaycanlı keçib, birini kənd sakinləri tutublar, digərini tapmayıblar. Sakinlər deyirlər ki, gecə saatlarında qapını döyən iki maskalı şəxs mülki geyimdə olub. Kəndlilərə heç bir zərər verməyiblər. Sözügedən kənd Azərbaycan ordusunun mövqelərindən təxminən 20 kilometr aralıda yerləşir.
18 yaşlı Aqşin Bəbirovun ailəsi 9 ayın əsgəri olan oğullarının itkin düşməsinin səbəbini anlamağa çalışır.
İtkin düşən digər hərbçi Hüseyn Axundovun hazırda harada olması barədə heç bir xəbər yoxdur. Hər iki ölkənin Müdafiə nazirlikləri hərbçinin axtarışlarına davam etdiklərini bildirib.