Sentyabrın 27-si, səhər saat 7 radələrində Naxçıvan MR-nın Culfa rayon “N” saylı hərbi hissəsində ölüm hadisəsi olub. Əsgərin 3 nəfər hərbi xidmət yoldaşını güllələyərək öldürdüyü bildirilir.
Ölənlər Siyəzən rayon sakini, zabit Nahid Qərib oğlu Abbasov, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Elvin Elşən oğlu Şərifli və Şərur rayon, Düdəngə kəndinin sakini, 1993-cü il doğumlu Vüsal Rafiq oğlu Ağayevdir. Öldürən əsgərin Bəhruz Pərviz oğlu Cəlilbəyli olduğu deyilir.
Məlumata görə, “Dedovşina” vəziyyətində baş verən hadisədən sonra hərbçi Bəhruz Cəlilbəyli rabitə xətlərini kəsərək, hadisə yerindən qaçıb. Hələlik, axtarışların nəticə vermədiyi söylənir.
Ölənlərdən Elvin Şəriflinin yaxınları Meydan TV-yə faktı təsdiqləyib. Bildiriblər ki, cəsədin tez-bazar dəfn edilməsi onlara çox müəmmalı və maraqlı gəlib: “Heç ekspertizaya da göndərə bilmədik. Ölüm hadisəsi ilə bağlı bizə dəqiq heç nə deyilmədi. Necə, nə səbəbə olub, bilmirik. Ciddi hadisə olmayıbmış kimi bağladılar. Dəfndə də bunun təxribat olduğunu söyləyib, mövzunu qapadılar”.
Digər əsgər Vüsal Ağayevin ölümü ilə bağlı “Zeyvədüdəngə Cəmiyyəti”nin “Facebook” hesabında başsağlığı verilib. Qeyd olunub ki, sentyabrın 27-də həmkəndliləri, 1993-cü il doğumlu Vüsal Ağayev hərbi xidmətdə vəfat edib.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bu barədə danışa bilməyəcəklərini, mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamağı məsləhət görüblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə gün ərzində zənglərə cavab verməyib. Nazirlik rəsmi olaraq hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmayıb.
2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 53 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 36 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.