Anar Bayramovun qəsdən öldürüldüyü bildirilir
Azərbaycanda əsgəri avtomat silahdan atəş açaraq qətlə yetirməkdə şübhələnən şəxs həbs edilib.
Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Anar Günəş oğlu Bayramovun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Tural Gülmirzə oğlu Bəyverdiyev tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi müəyyən edilib.
Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.