Əsgər yoldaşını güllələməkdə təqsirləndirilən gəncin cəzası azaldılıb

Zərərçəkən şikayətçi olmadığını deyib

Source:


Zərərçəkən şikayətçi olmadığını deyib

Dekabrın 6-da Gəncə Apelyasiya Məhkəməsində Goranboydakı N saylı hərbi hissədə əsgəri güllələməkdə təqsirləndirilən Həmzət Əzizovun şikayətinə baxılıb. Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası zərərçəkmişin şikayətçi olmadığını nəzərə alıb, onun cəzasını 9 ay azaldaraq, 9 il 3 ay edib.

Bundan əvvəl Gəncə Hərbi Məhkəməsi H.Əzizova 10 il həbs cəzası kəsmişdi.

Həmzət Əzizov Cinayət Məcəlləsinin 29,12¬0.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 332.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etmək) maddələri ilə ittiham edilib.

Hadisə 28 fevral 2016-cı ildə Goranboy rayonunun Qaraçinar qəsəbəsi ərazisində yerləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada baş verib.

Həmzət Əzizov 24 aprel 2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edib.

İttihama görə, 20 yaşlı Həmzət Əzizov əsgər yoldaşı Natiq Əhmədovu söyüş üstündə güllələyib. Belə ki,  N.Əhmədov başqa bir əsgəri odun yığıb gətirməyə göndərib. Həmzət Əzizov Xanlar Xəlilova postun ərazisinə odun gətirməsi barədə göstəriş verməsini irad tutub, onun ünvanına nalayiq söyüşlər söyüb.

Bu zaman Natiq Əhmədov ona cavab qaytarıb. Həmzət isə Natiq Əhmədova qarşı zor tətbiq etməklə yaxasından tutub və yenidən anasının ünvanına nalayiq söyüşlər söyüb.

“Bundan sonra Həmzət Əzizov Natiq Əhmədovun yaxasını buraxıb, lakin öz cinayət əməllərini davam etdirərək yenidən onun anasının ünvanına nalayiq söyüşlər söyüb. Natiq Əhmədov isə ona cavab qaytardıqda isə onu öldürmək qərarına gəlib” – ittihamda qeyd olunur.

Cinayət işinin materiallarında qeyd olunur ki, Həmzət Əzizov həmin vaxt yeməkxananın divarına söykənmiş avtomatı götürüb, Natiq Əhmədovun ürək nahiyəsinə dirəyib. Natiq Əhmədov silahı özündən uzaqlaşdırmaq üçün lülə hissəsindən tutub geri itələmək istəyib. Bu zaman Həmzət Natiq Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açaraq onu çənəsindən vurub.

H.Əzizov deyilənləri təkzib edir və bildirir ki, N.Əhmədov özü özünü vurub:

“Yeməkxananın içində Natiq üzü sobaya tərəf dayanıb, əlindəki avtomatın lüləsini çənəsinə dirəmişdi. Bu zaman ondan nə etdiyini soruşmaq istədim. Sözümü deməyə imkan tapmamış Natiq özünə atəş açdı. Natiqin qanı əynimdəki gödəkcənin üstünə sıçradı. Atəş açılandan sonra yerə yıxıldı. Mən şok vəziyyətinə düşdüm, köməyə adam çağırmaq üçün sığınacağa tərəf qaçdım».

Zərərçəkmiş qismində tanınan əsgər N.Əhmədov Həmzətdən şikayətçi olmadığını deyib. Onun sözlərinə görə, H.Əzizov ondan üzr istəyib, o da bağışlayıb. Güllələnən əsgər məhkəmədən də H.Əzizovun bağışlanmasını istəyib.

Ana səhifəXəbərlərƏsgər yoldaşını güllələməkdə təqsirləndirilən gəncin cəzası azaldılıb