Əsgər yoldaşı tərəfindən təhqir edilib güllələndi (Fotolar)

Əsgər atası polkovnikin cinayətkari yox, onu həbslə hədələdiyini bildirir

Source:
Hərbi xidmətdə olduğu müddətdə əsgər yoldaşı tərəfindən güllələnən və sağlamlığını itirən Zöhrab Məmmədov təxminən 1 ildir (05.06.2014-cü il tarixdən) ki, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə alır. Həkimlər onun səhhətini ağır olaraq qiymətləndirir.
Əsgərin atası, Məmmədov İlyas Sərdar oğlunun müraciəti əsasında hospitala yollanaraq yaralı əsgərlə görüşdüm. Zöhrab hazırda da Baş Kliniki Hospitalın Cərrahiyyə Korpusunun, Torako-Abdominal Cərrahiyyə Bölməsinin palatasındadır. O, “Ensure” adlı tibbi məqsədli bəslənmə məhsulunu yemək kimi qəbul edirdi. Mən palataya daxil olan anda elə azyaşı qız da palayata daxil olaraq  Zöhrab üçün həyətdən dərdiyi gülü onu verdi. O da gülü məmnuniyyətlə qəbul edib qoxladı.
Söhbət əsnasında bildirildi ki, Zöhrab 02.06.2014-cü il tarixdə əsgər yoldaşı Mirzəyev Naiq Namiq oğlunun bir neçə dəfə açdığı atəş nəticəsində ağır xəsarət alıb. Hadisədən öncə isə Zöhrabdan yuxarı “priziv” olan Naiq onu dəfələrlə təhqir edərək döyüb.


Hadisə necə baş verib?
Hadisə günü Zöhrabla Naiq hərbi xidmətdə olduqları Ağdam rayonunun Təzəkən kəndi ərazisində yemək maşınını gözləyirlər. Naiq “Kalaşnikov” avtomat silahını döyüşə hazır vəziyyətə gətirib. Zöhrabın “silahı üstümə çəkmə, yemək maşını gəlir, görüb söz deyəcəklər, indi güllə açılıb mənə dəyəcək” deməsinə əhəmiyyət verməyən Naiq silahın lüləsini onun bədənin sağ tərəfinə istiqamətləndirir. Heç bir səbəb olmadan Zöhrabı öldürmək istəyib. Hadisə yerinə gələn əsgər və gizirlər Zöhrabı hərbi hospitala çatdırır.
Naiq hadisədən dərhal sonra yemək gətirən maşının sürücüsünə Zöhrabın öz-özünü vurduğunu desə də, istintaq zamanı o ifadəsində təqsirli olduğunu etiraf edib.


Zöhraba həkimlərin qoyduğu diaqnoz
“Oğlum burada “Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən güllə yaralanması, sağ ağciyərinin kökünün geniş həcmdə yaralanması, sağ tərəfli pnevmohemotoraksa görə  sağ tərəfli toraksintez, toraktomiya, sağ tərəfli pulmonektomiya, sağ plevra boşluğunun drenajı, sağ bazunun və sol əlin dəlib-keçən güllə yaralanması,  sağ bazu sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli yerdəyişmiş sınığı, sol əlin ikinci barmağının travmatik amputasiyasına, III, IV daraq sümüklərinin başının çoxqəlpəli, açıq sınıqlarına görə, aparılmış yaralıların  birincili cərrah işlənməsi, sol əlin II barmağının daraq sümüyünün  başı səviyyəsində amputasiyasında sonrakı vəziyyət” diaqnozu ilə müalicə olunmaqdadır”,-deyə əsgər atası İlyas Məmmədov bildirir.

Əsgərin atası kimlərdən şikayətçidir?
Əsgərin atası Baş Kliniki Hospitalın həkimlərindən şikayətçi olmasa da, məhkəmə-tibbi ekspertizanın rəyindən və Hərbi Prokurorluqdan şikayətçidir.
Ağır cinayət hadisəsi ilə bağlı 31 iyul 2014-cü il tarixdə əsgər Naiq Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 29.120.2.2 və 332.2.1-ci maddələri ilə ittiham elan edilib və Tərtər hərbi məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əsgərin atası iddia edir ki, oğluna bir deyil bir neçə dəfə atəş açılıb: “Amma məhkəmə-tibbi ekspertizasının və məhkəmə-ballistik ekspertizasının rəylərinə görə, guya Zöhrabın yuxarıda göstərilən xəsarətləri avtomat silahdan açılmış bir atəş nəticəsində olub.
Mən Tərtər rayonu üzrə fəaliyyət göstərən hərbi prokurorluqdan Respublika Hərbi Prokurorluğuna şikayət etdim. Xahiş etdim ki, ağır cinayət işi Qarabağ Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsində davam etdirilsin. Amma bunun üçün əsasın olmadığı iddia edilərək xahişim  rədd edildi”.
Tərtər Hərbi Məhkəməsi ağır cinayət hadisəsi ilə bağlı 11.11.2014-cü il tarixdə hökmü elan edib. Hökmdə yazılıb ki,  N.Mirzəyev 28 avqust  1994-cü ildə Tovuz rayonunda anadan olan və bu rayonun Aşağı Əyyublu kəndində qeydiyyatda olan, orta təhsilli Azərbaycan vətəndaşıdır.
Hökmdə bildirilir: “Zöhrab Naiqə “indi güllə açılıb mənə dəyəcək, eləmə” deyib, o isə heç nə olmayacağını bildirib və atəş açıb. Zöhrab qışqıraraq arxası üstə yerə yıxılıb. Naiq başını Zöhrabın sinəsinə qoyaraq ürəyinin işləyib-işləmədiyini yoxlayıb. Zöhrab Naiqə “qadan alım tez apar, qoyma ölüm” deyib.  O, Zöhrabı qucağına alaraq yemək maşını istiqamətinə aparıb.


Naiqə  əsgər və gizirə Zöhrabın öz-özünü vurduğunu deyib”.
Yaşamaq üçün mübarizə aparan əsgər Zöhrab elə həmin anda Naiqin onu vurduğunu deyə bilib.
Məhkəmə hesab edir ki, Naiq Mirzəyevin məsuliyyətini ağırlaşdıran hallar yoxdur: “Məhkəmə N.Mirzəyev törətdiyi cinayət hadisəsini səmimi etiraf edib, peşman olmasını, əvvəllər məhkum olunmamasını, 11 ay döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etməsini yüngülləşdirən hallar kimi qiymətləndirir.
Cinayət Məcəlləsinin  66.3 maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Naiq Mirzəyevə qəti olaraq 12 il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin”.

İlyas Məmmədov: “Oğlumu ömürlük şikəst edənə «xalq düşməni» adı verilməlidir”
Zöhrabın atası İlyas Məmmədov məhkəmənin  hökmündən şikayət edib: “Onun cəzası daha ağır olmalıdır. Mənim oğlumu ömürlük sağlamlıqdan məhrum etdi və Zöhrab canı ağrıya-ağrıya həyatla mübarizə aparır. Mən bu hökmdən apellyasiya şikayəti verdim. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişməyərək saxladı. Mənim maddi imkanım olmadığı üçün mübarizəni davam etdirib Ali Məhkəməyə şikayət edə bilmədim. Mən tələb edirəm ki, Naiq Mirzəyevə xalq düşməni adı verilsin”.
O da məlum oldu ki, əsgər Zöhrab Məmmədov ixtisaslı müayinə və müalicə üçün 18.09.2014-cü il tarixdə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Bir müddət orada qalıb. Ata və ana ailə vəsaiti hesabına oğullarının arxasınca dəfələrlə Ankaraya gediblər. Bu məqsədlə 20 min manat xərc çəkiblər.
“Mən müdafiə naziri Zakir Həsənovun qəbulunda olmaq üçün nazirliyə müraciət etdim. Amma məni nazirin qəbuluna buraxmadılar. Mən tələbimdə israrlı olduğumu dedikdə polkovnik rütbəli hərbçi məni polislə, həbslə hədələdi. Mən dövlətə sağ-salamat vətəndaş vermişəm. Mənə mənəvi və maddi zərər dəyib. Borca düşüb Türkiyəyə getmişəm. Məncə, nazirin bu olanlardan xəbəri yoxdur. Mən istəyirəm ki, Z.Həsənov məni qəbul etsin”,-deyə İlyas Məmmədov bildirdi.


Müdafiə Nazirliyinin əsgər atasına cavabı
Əsgər atasının Müdafiə Nazirliyinə etdiyi rəsmi müraciətə bu qurumun Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsi 14.04.2015-ci il tarixdə cavab verib: “Müfafiə Nazirliyinə daxil olan ərizənizə cavab olaraq bildiririk ki, hərbi qulluqçuların sağlamlığının mühafizəsi və sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları “Hərbi qulluqçuların statusu haqqında” qanunun  13-cü maddəsində əks olunub. Həmin maddənin 7-ci bəndində göstərilir ki, hərbi xidmət vəzifəsinin icrası zamanı hərbi qulluqçuların  səhhətinə zərər dəydikdə onların ölkə qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ var. Bu da öz əksini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda tapıb.  Qanunun 7-ci maddəsinə əsasən sığorta edilənin və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ var.

“Prokurorluq haqqında” qanunun 7-ci maddəsinə və Cinayət-Prosesual Məcəlləsinin 25-ci maddəsinə əsasən Müdafiə Nazirliyi hərbi prokurorluq və ya məhkəmə orqanlarının işinə nəzarət və müdaxilə etmək hüququna malik deyil”.
Zöhrabın səhhətində problem olmasaydı, o hərbi xidmətdən təxris olunardı. Amma keçən ildən bu günə qədər o Silahlı Qüvvələrin hospitalında yatmalı olub. Onun səhhətinin nə zaman yaxşı olacağı isə naməlumdur.
Zöhrab mənimlə söhbətində yemək yeyə bilmədiyini bildirdi. O, bu hadisədən sonra əsəbi olduğunu və  gecələr qorxduğunu söylədi.
Mənbə: Bizim Yol
Foto: Ramid İBRAHİMOV

Ana səhifəXəbərlərƏsgər yoldaşı tərəfindən təhqir edilib güllələndi (Fotolar)