Ruslan Cavadov: ”Müstəntiq məni ”butulka” ilə hədələdi”
Oktyabrın 20-də Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki “N” saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun müəmmalı ölümü və əsgərlərə işgəncə verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Meydan TV-nin məlumatına görə, məhkəmənin hökmü ilə hərbi hissənin manqa komandirləri – Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər əsgərləri sırada düzgün addımlamamaq, axşam “yat” komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər. Hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəməyib. Buna görə Ruslan Cavadov onu ayaqyoluda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra T. Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.
Lakin Tapdıq Babaşovun ailə üzvləri onun intihar etməsi barədə deyilənlərlə razılaşmırlar. Onlar T. Babaşovun öldürülərək pəncərədən atılmasını, qətlin ört-basdır edilməsini iddia edirlər. Təqsirləndirilən Ruslan Cavadov isə məhkəmədə son söz deyən zaman bildirib ki, T. Babaşovu döyməsi və bundan sonra onun intihar etməsi barədə ittihamda yazılanlar yalandır: “Allaha and olsun ki, yalandır. Müstəntiq mənə dedi ki, “Boynuna götürməsən, səni MTN-ə göndərəcəm, orada başına oyun açacaqlar. Məni “butulka” ilə hədələdi. Hərbi hissənin kamera görüntülərini gətirmədilər ki, orada nə baş verdiyi bilinsin. Buradakı ifadələrdən də məlum oldu ki, hadisə baş verəndə mən başqa yerdə olmuşam. Əsgər Seymur Kərimlini döyüb qorxudublar. O da mənim üzümə dayanıb. Guya mən Tapdığı döyəndə Seymur Kərimli görüb. Tapdığın anasına deyirəm, get, oğlunun qatilini axtar tap, amma bil ki, bu iş mənlik deyil”.
BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş Tapdıq Babaşov evin yeganə oğlu olub. O, 2015-ci il mayın 22-də dünyasını dəyişib.