”Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”
“Dünyada övladını çiynində daşıyan atadan faciəvi mənzərə yoxdur. Allah heç bir valideyinə övladını çiynində son mənzilə yola salmaq nəsib eləməsin…”, – intihar etdiyi deyilən əsgər Xanəli Fəttayevin ailəsinin Meydan TV-yə göndərdiyi məktubda belə deyilir.
Yanvarın 29-da sosial şəbəkələrdə Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Xanəli Fəttayevin qarşı tərəfdən açılan atəş nəticəsində həlak olması xəbəri yayıldı. Bir gün sonra Müdafiə Nazirliyi Xanəli Fəttayevin intihar etməsi ilə bağlı açıqlama yaydı. Bildirildi ki, əsgər qeyri-döyüş şəraitində, intihar nəticəsində həlak olub:
“İkin araşdırmalara görə, intihar xidməti fəaliyyətlə əlaqəli deyil. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır”.
“Bir sıra vacib suallar açıq qalıb”
Əsgərin yaxınları isə ekspertizanın nəticələrinin çıxmadığı halda Xanəli Fəttayevin intihar etdiyi açıqlamasının verilməsini doğru hesab etmir.
“Müdafiə Nazirliyi dörd ayın əsgəri, beş bacının bir qardaşı, xəstə ata və ananın sonbeşiyi və gözünü dikdiyi ümidi Xanəli Fəttayevin intihar etdiyini bildirib. Yekun rəy ekspertizanın nəticələri və Hərbi Prokurorluğun istintaqından sonra açıqlanacaq. Bir sıra vacib suallar açıq qalıb. Bunlar nazirliyin rəyini ciddi şəkildə sübhə altına alır. Düzdür, biz heç kimin günahsız yerə cəzalandırılmasını istəmirik. Amma övladımızın qanının yerdə qalmamasını, əgər bu faciədə kiminsə günahı varsa, layiqincə cəzalandırılmasını tələb edirik”.
“Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”
Müdafiə Nazirliyi ailəyə bildirib ki, Xanəli Fəttayev tabeliyində olan avtomatla ürəyinə atəş açaraq intihar edib. Ailə isə deyir ki, belə olsaydı güllənin sinədən daxil olan yerində patronun diametri böyüklüyündə kiçik, kürək hissəsində, güllənin çıxdığı yerdə isə böyük yara olardı.
Ancaq əksinədir: “Kürəkdə kiçik, sinədə isə güllənin çıxışına bənzər böyük yara var. Bu isə güllənin Xanəlinin kürəyindən dəydiyini deməyə əsas verir. Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”
“Xanəlidən geriyə böyük müəmmadan başqa heç nə qalmayıb”
Ailə bildirir ki, avtomat kimi uzun lüləli silahlarla intihar əksər vaxt çənənin altından atəş açmaqla olur. Bu, yeganə rahat üsuldur. Xanəli kimi, çox da uca boyu olmayan insanın avtomatla ürəyinə atəş açması kifayət qədər çətindir. İstənilən halda atəş aşağıdan yuxarıya doğru açılmalıdır:
“Amma kürəkdəki yara izi sinədəkindən aşağıdadır, üsətlik yaranın istiqaməti yuxarıdan aşağıya doğrudur. Əgər Xanəli sinədən vurulubsa belə, atəş yuxarıdan aşağıya doğru açılıb. Bunun da onun özü tərəfindən edilməsi həddindən artıq çətindir. Hətta mümkün deyil. Bundan əlavə o, intiharının səbəbinə dair bir sms, telefon zəngi, feysbuk statusu və ya məktub formasında bir izahat qoymayıb. Bir sözlə, Xanəlidən geriyə böyük müəmmadan başqa heç nə qalmayıb”.
“Həmişəki kimi deyib-gülür, zarafatlaşırdı”
Ailəsi Xanəlinin hər hansı probleminin olmadığını deyir. Depressiyada olmayıb, həmişəki kimi deyib-gülür, zarafatlaşırmış:
“Tez-tez danışdığı, yanına gedən doğmaları və dostları da onda heç bir problemin olmadığını deyir. İntihar halı baş veribsə belə, Xanəlinin son dövrdəki əhvalı və özündən geriyə heç nə saxlamaması deməyə əsas verir ki, intihar hərbi hissədəki vəziyyət və ya ona qarşı davranışla bağlı kəskin affekt vəziyyəti şəraitində baş verə bilər”.
“4 aylıq əsgəri təklikdə posta çıxarmaq nə dərəcədə doğrudur?”
Ailə bildirir ki, bu halda onun intihara əl atamasına gətirib çıxaranlar günahkardır:
“Üstəlik, stress vəziyyətindəki əsgərin əlinə silah verib posta çıxarılması nə dərəcədə düzgündür? Bəs hərbi hissənin psixoloqu hara baxır və nə üçündür? Onu da deyək ki, hadisə baş verən zaman hərbi hissənin Ceyhun adlı psixoloqu Bakıda olub. MN-nin bizə verdiyi məlumata görə, hadisə Xanəli digər bir gənc əsgərlə düşmənlə üzbəüz postda olarkən baş verib. Deyilənə görə o, bronijiletini çıxardaraq ürəyinə atəş açıb. 4 aylıq əsgəri təklikdə posta çıxarmaq nə dərəcədə nizamnaməyə və qəbul edilmiş təcrübəyə uyğundur? Axı onlarla birgə posta təcrübəli əsgər və ya MAXE gəndərilməməliydimi?”
“Bu nə qeyri-ciddilikdir?”
“Əsgərin bronijiletini çıxararaq avtomatla sinəyə atəş açamağı kifəyət qədər çətin və vaxt tələb edir. Qarşısı asanlıqla alına bilərdi. Bəs yanındakı digər əsgər bunu etməyibmi?”, – bildirilir məktubda:
“MN deyir ki, Xanəli sevdiyi qıza görə intihar edib. Biz bundan xəbərsizik. Ölüm xəbərini verən hərbçilər Xanəlinin xəstəxanaya aparılarkən, yolda bu haqda danışdığını söyləyiblər. Bu nə qeyri-ciddilikdir? Belə bir ölümcül atəşdən – yaxın məsafədən, ürək nahiyyəsindən bədəni deşib keçmiş yaradan sonra insanın danışa bilməsi, cümlə qurması mümkündürmü? Üstəlik, eyni iddianın Xanəlinin nəşini Gəncə-Bakı yolunda (yolun qırağında) qohumlarına təhvil verən Şəmkir korpusunun komandirinin müavinin dilə gətirməsi… Buna kim inanar? Fikrimizcə, iddianın orataya atılması intihara inandırcı əsas yaratmaq üçündür”.
“Güllənin arxadan, ya qabaqdan vurulduğunu ekspert təyin edəcək”
Qafqazinfo.az saytı Xanəli Fəttayevin yaşadığı evdən reportaj edib. Mərhum əsgərin əmisi İslam Qəribov deyib ki, Xanəli Fəttayevin ölümü ilə bağlı müəmmalar hələ də müzakirə olunur. Güllənin arxadan, ya qabaqdan vurulduğunu ekspert təyin edəcək. Hər şey ekspertiza rəyindən asılıdır:
“Rəylə razılaşsaq heç, razılaşmasaq, yuxarı instansiyalara müraciət edəcəyik”.