Əsgər atası: Məmurlar cavab vermədi, indi xalqdan kömək istəyirəm

28 yaşlı Namiq İsayev artıq 5 ildir ki, yataq xəstəsidir. Atası deyir ki, oğlu Daxili Qohunlarda xidmət edib. O, əsgərliyini bitirəndən sonra, 2010-cu ildən müddətdən artıq xidmətə başlayıb.

2013-cü ildə Qubada xidmətdə olan zaman 11 nəfərdən ibarət heyət avtobus qəzasına düşüb. Beş nəfərin həyatını itirdiyi qəzada Namiq İsayev kəllə-beyin travması alıb və o, iki ay komada qalıb.

Qəhrəman İsayev: “Daxili Qoşunların Hospitalında 1 iynə vura bilmirlər. Ancaq tibb bacıları baxırdı. Bunda da beyin travmasıdır. 2 ay məni orada saxladılar. Sonra da dedilər ki, uşağı təqaüdə göndəririk. Baş idarəyə müraciət etdim və Zakir Həsənov məni qəbula çağırdı. Mənə dedi ki, narahat olma, biz onu müalicə edərik. O narahat olma, bu narahat olma, sonra gördüm baxan yoxdur, Nəsrəddin Tusi klinikasına apardım. Maşınımı, mal-heyvanımı satdım. Qardaş-bacılarım da kömək elədi, xəstəxanaya 12 min manat ödəniş etdim”.

Qəzadan sonra Namiq İsayevə 8 min manat siğorta pulu ödənilsə də, bu pul keçmiş hərbçinin ehtiyaclarını ödəmir.

Daxili Qoşunlardan Meydan TV-yə bildirildi ki, xidmət zamanı hərbçi yaranalarsa, ona yalnız siğorta pulu ödənilir və dövlət xəstəxanasında müalicə, əməliyyat edilir. Lakin dövlət tərəfindən başqa ödəniş olunmur. Namiq İsayevin isə ayağa qalxması üçün əməliyyatına 40 min manat lazımdır.

Hərbi ekspert Cəsur Sümərənli deyir ki, hərbçi xidmət zamanı xəsarət alıbsa, xidmət etdiyi qurum ona sona kimi yardım etməlidir.

Qəhrəman İsayev: “Daxili İşlər Nazirliyində cənab Ramil Usubovun da qəbulunda oldum. Dedi, narahat olma, get, biz onun müalicəsini edərik. Heç bir cavab olmadı. Bir neçə dəfə həm Ramil Usubova, həm Daxili Qoşunlara, cənab prezidentə və Mehriban xanıma müraciət etmişəm. Heç bir nəticə almadım. İndi heç kimə müraciət etmirəm, ancaq xalqımdan yardım istəyirəm. Köməkləşək, bu uşağı qaldıraq də, nə olar. Elə bil ki, Allah rizasına kömək etsinlər”.

Valideynləri övladlarının onlardan sonrakı həyatından nigarandı.

Ana səhifəVideoƏsgər atası: Məmurlar cavab vermədi, indi xalqdan kömək istəyirəm