Zaur Ramazanov

Mənbə: Meydan TV

Başlıq: Zaur Ramazanov

Əsgər anası: Bir manatım vardı, göndərdim ailəsi çörək alsın

“Hər kəs öz başını güclə saxlayır”

İkinci Qarabağ müharibəsinin hələ də evə qayıtmayan iştirakçısı Zaur Ramazanovun ailəsi çətin şərtlərlə yaşayır. Döyüşçünün anası Zemfira Əliyeva yerli dövlət orqanlarının əsgər ailəsinin qayğılarına biganəliyindən şikayət edir.

“İcra başçısı dedi ki, imkanım yoxdur”

Salyan sakini müharibəyə oktyabrın əvvəllərində yollanıb. Onun evində 3 və 10 yaşlarında iki övladı qalıb. Zemfira xanım Zaursuz ailənin ciddi sıxıntı yaşadığını deyir.

“Ailəni o dolandırırdı. Rayonda evlər idarəsində işləyirdi. Ailə ağır vəziyyətdə idi. Mən şəhər sovetinə zəng eləyib dedim, ancaq onun maaşını verirlər, o da kommunal xərclərə gedir. İşıq, qazpulu... Qışın günündə iki uşalı ailə 230 manatla necə dolansın? 230 manat bu gün dolanmaq üçün elə bir pul deyil axı. Ev tikirdi, yarımçıq qoyub getdi”.

34 yaşlı müharibə iştirakçısının anası kömək üçün Salyan Rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirir. Zemfira Əliyeva oradan qənaətbəxş cavab almadığını söyləyir.

“Gedib dedim ki, qazı kənarda qoyublar, heç olmasa, kömək eləyin, evin üstü örtülsün, bu qışın günündə qaz içəridə olsun, ailə yağışın altında qalmasın. 300-400 manat pul tutacaqdı. İcra başçısı özü mənə dedi ki, imkanım yoxdur. Təxminən bir aydan çoxdur bu söhbət olub. Onda hələ müharibə qurtarmamışdı. Dedi ki, mənim şəhidim çoxdur, ancaq onların ailələrinə çatdırıb yardım edə bilirəm, 53 min borcum var, 30 minini vermişəm, 23 min borcum qalıb. Dedim ki, mən sizdən 23 min pul istəmirəm ki... Heç nə də istəmirəm. Sadəcə, bu evin üstünü örtün ki, bunlar yağışın altında qalmasın. Yenə dedi, mənim imkanım yoxdur. Mən də dedim ki, yoxdur, yoxdur da, durub çıxıb gəldim. Nə deyə bilərdim ki?!”

Zaur Ramazanovun tikməyə başladığı ev bir otaqdan ibarətdir.

Zaur Ramazanovun tikməyə başladığı ev bir otaqdan ibarətdir.

Mənbə: Meydan TV

“İcra başçısından kimə şikayət edə bilərəm?”

Zaur Ramazanovun tikməyə başladığı ev bir otaqdan ibarətdir. Heç mətbəx də nəzərdə tutulmayıb. Salyan sakini yağışlar düşənə qədər tikintini bitirməyi planlaşdırırmış.

“Vətən çağırdı, o da yarımçıq qoyub getdi. İstədiyim odur ki, oğlum gələnə qədər ailəsi ağır vəziyyətdə qalmasın. Uşaqlar o 230 manatın ümidinə qalıb. Kim kömək edəcək? Mən işləmirəm, 57 yaşım var. Evdə oturmuşam. Başqa övladlarım da var. Hər kəs öz başını güclə saxlayır. Mən böyük oğlumla qalıram. O da iş tapa bilmir. Allaha pənah dolanırıq. Zaurun ailəsinə gəlinin anasıgil nəsə göndərir. O gün çörəkpulu da yox idi. Xəbər yollamışdı, bir manatım vardı, onlara çörək almaq üçün göndərdim. Mən ac qala bilərəm, uşaqlar ac qalmasın”.

Ana oğlunun yolunu səbirsizliklə gözləyir. Həm də Zaurun gəlib ailəsini dolandıracağına ümid edir.

“İnşallah, görək nə vaxt sağ-salamat qayıdıb gələcək, özü öz işini görəcək. Nə vaxt gələcəyi də bilinmir. Deyirlər ki, evli olanları buraxacaqlar. Biz də ümid edirik ki, yaxın vaxtlarda gələr. İcra başçısından kimə şikayət edə bilərəm? Ümidim ora gəlmişdi, ona görə də qəbula getdim. İmtina cavabı alandan sonra da gəlib oturdum evdə. Başqa kim eləyər ki?..”

“Vətən çağırdı, o da yarımçıq qoyub getdi"

“Vətən çağırdı, o da yarımçıq qoyub getdi"

Mənbə: Meydan TV

“Bizdə heç vaxt “yox” cavabı olmur”

Salyan Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kərəm Muradov isə Meydan TV-yə bildirib ki, icra hakimiyyətinin büdcəsində müharibə iştirakçılarının ailələrinə yardım məqsədilə ayrıca vəsait nəzərdə tutulmayıb. Amma icra hakimiyyəti həmin ailələrə ehtiyacları olan məsələlərdə köməklik göstərir: “Ola bilməz ki, bu ailə də “yox” cavabı alsın. Bizdə heç vaxt “yox” cavabı olmur. Mən buna inanmıram. Başçı da hamıya kömək eləyən adamdır. Bu məsələ ilə də maraqlanacağıq”.

Zaurun ailəsinə gəlinin anasıgil nəsə göndərir.

Zaurun ailəsinə gəlinin anasıgil nəsə göndərir.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/906q1l

Ən çox baxılan