18 yaşlı Rasim Həsənli xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib
Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli hərbi qulluqçusu, əsgər Rasim Raməddin oğlu Həsənlinin ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
İyunun 8-də DSX yaydığı məlumatda bildirmişdi ki, hərbi qulluqçu 18 yaşlı Rasim Həsənli xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Məlumatda əsgərin ölümünün səbəbi açıqlanmırdı.
Bu gün yayılan məlumatda isə bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
“Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək”, – qurumdan bildirilib.
Bu maddə ilə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Əsgərin yaxınlarının məsələyə münasibəti məlum deyil.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2025-ci ilin birinci rübündə Azərbaycanda azı 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.