O deyib ki, Suriyanı tərk edəndə bütün hökumət qurumları “iflic” olub
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçışı barədə ilk dəfə bəyanat yayıb.
Sənəd “Prezident Bəşər Əsədin Suriyanı tərk etməsinə səbəb olan şərtlərlə bağlı izahatı” adlanır.
Mətnin 2024-cü il dekabrın 16-da Moskvadan yazıldığı qeyd olunub.
Bildirilir ki, Bəşər Əsəd təhlükəsizlik səbəbilə kommunikasiyanın tam kəsilməsinə görə daha əvvəl danışa bilməyib.
Əsədin adından devrilmiş prezidentin ofisinin sosial şəbəkələrində yayımlanan bəyanatda, xüsusilə, onun Suriyadan getməsinin planlaşdırılmadığı və bəzilərinin iddia etdiyi kimi döyüşlərin son saatlarında baş vermədiyi bildirilir.
Keçmiş prezidentin sözlərinə görə, o, bazar günü, dekabrın 8-i səhərə qədər Dəməşqdə qalıb.
“Terrorçu qüvvələr Dəməşqə soxularkən mən hərbi əməliyyatlara nəzarət etmək üçün rus müttəfiqlərimizlə koordinasiya əsasında Latakiyaya köçdüm”, – Bəşər Əsəd bildirib.
Devrilmiş prezidentin sözlərinə görə, o, paytaxtın süqutunu Rusiya hərbi bazasında olarkən öyrənib.
O həmçinin bildirib ki, Xmeymimdəki Rusiya hərbi bazasında olarkən böyük pilotsuz təyyarə hücumuna məruz qalıb və Moskvadan onun Rusiyaya təxliyyəsi tələb olunub.
Əsəd istefa vermək və ölkədən qaçmaq niyyətində olmadığını bildirib.
O, Suriyanı tərk edəndə ordusunun və bütün hökumət qurumlarının “iflic” olduğunu söyləyib.
O həmçinin respublikanın yenidən azad və müstəqil olacağına ümid etdiyini bildirib və “belə bir fürsət” yaranan kimi Suriyadakı keçmiş hadisələr haqqında ətraflı danışacağına söz verib.
“Meduza” “Reuters”ə istinadla yazır ki, Bəşər Əsəd ölkəni tərk etmək planları barədə heç kimə, o cümlədən yaxın çevrəsinə əvvəlcədən məlumat verməyib.
Dekabrın 7-də (hökumət qüvvələrinə qarşı çıxan silahlıların Dəməşqə daxil olmasından bir gün əvvəl) Əsəd Müdafiə Nazirliyində hərbi rəhbərliklə görüşüb.
O, Rusiyanın hərbi yardımının tezliklə gələcəyinə əmin edib.
Eyni zamanda, “Reuters” mənbələrinə görə, bir neçə gün əvvəl Əsədə Rusiyanın heç bir hərbi yardım etməyəcəyi “aydın” ifadə edilib.
Agentliyin üç həmsöhbətinin sözlərinə görə, əvvəlcə Əsəd Birləşmiş Ərəb Əmirliklərinə sığınmaq istəyib, lakin ölkə hakimiyyəti beynəlxalq reaksiyadan qorxaraq bundan imtina edib. Lakin Moskva hərbi müdaxilədən imtina etsə də, “Əsədi tək buraxmayıb”.
Əsəd Suriyanı tərk edəndə onun uşaqları və həyat yoldaşı artıq Moskvada olub.