Bəni-Adəmin təbii bir şakəri var: sevdiyi, əziz tutduğu əsatirin gerçəkliyin daş-qayasına dəyərək çilik-çilik olması onun qəlbini ağrıdır.
Yadınıza salın ki, kiçik saxsı heykəlcikləri özlərinə tanrı sanan bütpərəstlər təkallahlıq dinlərinin müzəffər yürüşü ilə rastlaşdıqda son ana qədər buna müqavimət göstərirdilər. Min ildən sonra isə elmin inkişafı nəticəsində ateizmin və pozitivizmin güclənməsi və təkallahlıq dinlərinin cəmiyyətdəki mövqeyinin zəifləməsi həqiqi dindarları çox rəncidə edirdi.
Əsatirdən rasional düşüncəyə keçidin ağrılarına dözümsüzlük həm ayrı-ayrı fərdlərə, həm də çoxsaylı toplumlara aiddir. Sadə və anlaşılan əsatirdən qəliz gerçəkliyin mürəkkəb qavranılmasına keçid bu ağır işi görmək zəhmətinə qatlaşmaq istəməyənləri əməlli incidir və əsəbiləşdirir. Başlayırlar bu işi görməyə çağıranları, ən azı, yumşaq desək, xoşlamamağa. Belə münasibət anlaşılan və hətta qanunauyğundur.
Yuxarıda yazdığım bu üç abzas aşağıda yazacaqlarımı düzgün anlamaq üçün sadə açardır.
Keçirəm mətləbə. Möhtərəm bəstəkarımız və yazarımız Elmir bəy Mirzəyev, öz aləmində, mənim yalanımı tutub. “İkinci respublikanın sonu” kitabımda bir abzasın onun öz həyatı ilə bilavasitə bağlılığı olan hadisəyə toxunduğunu zənn edərək, mənim yazdığımı açıq mətnlə yalan adlandırır. Mənim özümü isə şayiələri qələmə almaqda ittiham edir.
Əvvəla, mənim də yalanla heç aram yoxdur. Bütün yazılarımda həm hakimiyyətin, həm də müxalifətin yalanlarını ifşa etmişəm. Elmir bəyi də heç vaxt açıqca “yalançı” adlandırmaram, azı, buna tərbiyəm yol verməz. Uzağı, onu deyə bilərəm ki, Elmir bəy, çox güman ki, yanılır, azı, yazdığım mətni diqqətlə oxumayıb və müxtəlif hadisələri səhv salır.
Saniyən, mən möhtərəm professor Fərhad Bədəlbəyli ilə şəxsən özümün söhbətimə istinad edirəm, yazdığımın doğru və ya yalan olduğunu yalnız Fərhad Bədəlbəyli deyə bilər. Deyə bilər ki, “xeyr, mən bu sözləri deməmişəm, Zərdüşt düz yazmır”. Bizim ikimizin arasında getmiş söhbətə heç bir aidiyyatı olmayan Elmir bəyin, mənim bu söhbət barədə doğru və ya yalan yazdığımı, əgər azca məntiqi düşünə bilirsə, deməyə haqqı yoxdur. Yazdığım əhvalatı mənə şəxsən Fərhad Bədəlbəyli telefonda danışıb və onun şuşalı məzə hissini gözəl bildiyimdən və həmin dövrdə cəzasız cövlan edən qaragüruhun dərəbəyliyindən xəbərdar olduğumdan, mən özüm də bu qəziyyənin mümkünlüyünə inanıb xeyli gülmüşəm.
Nəhayət, Elmir bəy artıq qələm əhlidir, söz sərrafı olmalıdır. Mənim yazdığımı “şayiə” adlandırmağa onun haqqı yoxdur, çünki şayiə anonim olur, mən isə kitabımda təsvir etdiyim bütün hadisələrdə ya şəxsən özüm iştirak etmişəm, ya da istinad etdiyim mənbəyin dəqiq ünvanını göstərmişəm.
Odur ki, Elmir bəy mənim yazdığım kitaba nahaq təəssüflənir, bunun əvəzinə oxuduğu mətnlərin dəqiq qavranılması qabiliyyətinin artırılması barədə düşünsün. Həm də ona bildirirəm ki, vətənimizdəki hadisələri minlərlə kilometr məsafədən və uzun illər keçəndən sonra təsvir etmiş əcnəbi müəlliflərdən başqa, bu dövr haqqında artıq azərbaycanlılar da yazmağa başlayıblar. Çalışıb Ənvər Əliyevin “Meydan-1988” və Nəsiman Yaqublunun antisovet təşkilatlar barədə kitablarını tapıb oxusun.
Xatırladıram, sözü gedən əhvalat, kitabımda yazdığım və Elmir bəyin məqaləsində gətirdiyi iqtibasdan göründüyü kimi, 1989-cu ilin dekabrında baş vermişdi. İnanıram ki, konservatoriya tələbəsi Elmir bəy, özünün yazdığı kimi, AXC dayaq dəsətəsinin fəallarından biri idi və təsvir etdiyi YIĞINCAQ tədbirində həqiqətən iştirak etmişdir. Lakin Elmir bəy “təxminən oktyabr-noyabr” ayları yazır, mən isə bu hadisənin dekabr ayında olduğunu yazıram. Elmir bəy konservatoriya tələbələrinin dayaq dəstəsinin YIĞINCAQ tədbirini xatırlayır, mən isə kitabımda, professor Bədəlbəyliyə istinad edərək, dekabrda Konservatoriyaya soxulmuş naməlum başıpozuq təxribatçılar barəsində yazıram. Fərqi görürsünüzmü?
Özü də kitabda bu hadisə hansı kontekstdə verilir? 1989-cu ilin dekabr ayının sonudur və Azərbaycanda nələr baş verir?
1. Şəxsən Əbülfəz Əliyevin (Elçibəy – red.) və Pənah Hüseynovun göstərişləri əsasında AXC rayon fəalları AKP-nin Vəzirova sadiq olan 16 birinci katibini devirdi. Növbə çatdı Cəlilabada. Partmafiyanın AXC agenturası burada iğtişaş törədib (kitabımda bu təxribatın da təsviri verilib) Ali Sovetdə yeni seçki qanununun müzakirə və qəbulunu təxirə salmaq üçün partokratlara gözəl bəhanə verdi. Beləliklə, 1990-cı ildə keçiriləcək və AXC-nin labüd qələbəsi ilə nəticələnəcək parlament seçkiləri partmafiyanın sifarişi ilə sabotaj olundu.
2. Məhəmməd Hatəmi, Seyid Tahir Qarabaği və kitabımda adlarını çəkdiyim digər təxribatçıların rəhbərliyi ilə qaragüruh dəstələri dekabrın sonunda sovet idarələrinə soxulub erməni milliyyətinə mənsub işçilərin qovulmasını müdirlərdən tələb edir. SSRİ-nin mərkəzi hakimiyyəti və yerli hüquq-mühafizə qurumları bu prosesə qəsdən mane olmayıb, münasib məqamın yetişməsini gözləyirlər, çünki bu, sovet rəhbərliyinin və DTK-nın Bakıda hazırladığı erməni talanı və sonradan xalqımıza tutacağı divan üçün zəruri mərhələdir.
3. 31 dekabrda yenə AXC içərisinə salınmış DTK casuslarının rəhbərliyi və cahil fəalların əli ilə 20 Yanvara hazırlığın ən mühüm mərhələsi sayılan tədbir – SSRİ sərhədlərinin sökülməsi – təxribatı baş verir.
4. Yanvarın 6-7-də AXC-nin fırıldaq konfransı keçir və partmafiya planlarına ardıcıl müqavimət göstərənlər təşkilatdan uzaqlaşdırılır.
5. Yanvarın 11-13-də təxribatçı Milli Müdafiə Şurası (MMŞ) təşkil və elan edilir.
6. Yanvarın 13-də Bakıda erməni talanı təşkil edilir.
7. Azərbaycan xalqını qırıb-əzmək planını həyata keçirən ali sovet rəhbər işçiləri bir-bir Bakıya varid olur və AXC-nin cahil və ya casus liderləri ilə görüşməyə başlayırlar.
8. 20 Yanvar!
Kitabımda yazdığım hadisələrin əsl mahiyyəti budur. Mən belə sadə bir həqiqəti oxucuma çatdırmağa çalışıram ki, düşdüyümüz bütün bəlaların səbəbi cəhalətdir. Yəni mən yeni bir şey icad etmirəm, məndən xeyli əvvəl Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Mirzə Ələkbər Sabirin, Mirzə Cəlil Məmmədquluzadənin, Üzeyir bəy Hacıbəyovun yüz dəfə dediklərini yeni qiyafədə və yeni şəraitdə təkrar edirəm. Yalnız bu cəhalətin ucbatından insanlar siyasi liderliyə heç bir savadı və qabiliyyəti olmayan dələduz və hiyləgər şeyx nəsrullahları özlərinə büt seçə bilər. Belə siyasi dələduzların da söykənə biləcəyi dayaq məhz cahil və radikal tövrlü gənclər, fürsətçi qaragüruh ola bilər.
Elmir bəy bu mahiyyəti ya anlamayıb, ya da qəsdən onu kölgədə qoyub keçir kiçik bir hadisəyə: Konservatoriyada baş vermiş və mahiyyətcə millətimin acınacaqlı mədəni və siyasi səviyyəsini sərgiləyən hadisəyə, Fərhad Bədəlbəylinin həmin vaxt deyil, bir ildən sonra rektor olacağına və sairə bu kimi dərin mətləblərə..
Elmir bəy özü də etiraf edir ki, o dövr gəncliyinin səviyyəsi hədsiz aşağı, lakin siyasi fəallığı bir o qədər hədsiz yüksək idi. Məhz həmin səviyyəsiz gəncliyə və qaragüruha söykənən siyasi dəllallar Azərbaycanı düşdüyü bu günə gətirdi.
Mən anlamıram, nə əsasla Elmir bəy görkəmli musiqiçi və mədəniyyət xadimi Fərhad Bədəlbəylinin vətənpərvərliyinə etinasız yanaşır? Məgər vətənpərvərlik mənim kitabımda təsvir olunan və Azərbaycana böyük bəlalar gətirmiş heyvərəliklərlə ifadə edilməlidir? Şəxsən mənim üçün Fərhad Bədəlbəyli Azərbaycan xalqını və mədəniyyətimizi ən yüksək səviyyədə və parlaq şəkildə təmsil edən bir simadır. Söhbətini apardığımız zamanda Fərhad Bədəlbəyli ictimai şüurumuzda Portəgizdə musiqi müsabiqəsində öz parlaq qələbəsi ilə Azərbaycana şöhrət gətirmiş pianoçu kimi qavranılırdı. İkincisi, Fərhad Bədəlbəyli ziyalı cəmiyyətində, ümumiyyətlə, Azərbaycanın nadir kübar və yaradıcı nəslinə məxsus bir şəxsiyyət sayılır.
Elmir bəy bunu bilmir, hərçənd ki, kitabımda bu barədə yazmışam. Çox güman ki, çox adam bunu bilmir, lakin 1988-ci lin sonlarında AXC yaradılarkən, onun beşiyinin başında Elmir bəyin belə ehtiram və sevgi ilə xatırladığı kəmsavad millətçilər deyil, o zaman az tanınan sıravi təşəbbüskarlarla yanaşı, cəmiyyətimizi dinc islahatlar yolu ilə təkmilləşdirməyə çalışan adlı-sanlı ziyalılar dururdu: geologiya-mineralogiya elmləri doktoru, EA-nın müxbir üzvü Xudu Məmmədov, görkəmli pianoçu Fərhad Bədəlbəyli, tanınmış rejissor Eldar Quliyev, iqtisad elmləri doktoru, sonradan 25 il bütün prezidentlərin iqtisadi müşaviri olmuş Vahid Axundov…
Elmir bəyə məsləhət görürəm ki (əgər caiz qılsa), kitabımı bir daha və diqqətlə oxusun.
Qaldı Elmir bəy Mirzəyevin adını çəkdiyi Kamran Həsənliyə, bağışlanılmağımı ondan da, cəmi oxuculardan da acizanə təvəqqe edirəm. Mən belə bir mədəniyyət xadimini tanımıram. Görünür, “onların öz kampaniyası var, mənim öz kampaniyam”.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.