Vəkil: ”Cəzaçəkənlərin işləri üzrə hal-hazırda apellyasiya şikayətləri hazırlanır”
Vəkil Əsabəli Mustafayev sentyabr 20-də Binəqədidə yerləşən cəzaçəkmə müəssəsində Milli Şuranın 17 sentyabr aksiyasında həbs olunan fəallarla görüşüb.
Bu barədə vəkil Əsabəli Mustafayev öz “facebook” səhifəsində məlumat paylaşıb.
Vəkil məhbusların əhval-ruhiyyələrinin yaxşı olduğunu bildirib: “Hamıya salam göndərirlər. Yaxınlarından narahat olmamağı xahiş edirlər. Görüş zamanı məlum oldu ki, cəzaçəkmə müəssəsinin əməkdaşları Carçıyev Orxana və Səmədov Araza müəyyən problemlər yaradırlar. Bu barədə Ombudsmana məktub yazdım və tədbirlər görülməsini xahiş etdim”.
Əsabəli Mustafayev bildirib ki, fəalları qanunsuz həbsdən azad etdirə bilməsələr də, bu proseslərin məhkəmə sisteminə cüzü müsbət təsiri görünür: “Məsələn, ilk dəfə olaraq dünən 2-ci qrup əlilə həbs cəzasının tətbiqindən imtina olundu, cərimə edildi. Halbuki, bir müddət əvvəl qanuna zidd olaraq bu şəxslərə inzibati həbsin tətbiqi geniş yayılmışdır. Əvvəllər bizim tələbimizə baxmayaraq məhkəmə qərarında şəxsin tutulma saatı göstərilmirdi. Nəticədə gündüz tutulmuş şəxs gecə saat 24-də və ya cəzaçəkmə müəssəsinə daxil olduğu saatda azadlığa buraxılırdı. Avropa Məhkəməsinin qərarları bu qanun pozuntularını aradan qaldırdı, kiçik də olsa uğurdu. Cəzaçəkənlərin işləri üzrə hal-hazırda apellyasiya şikayətləri hazırlanır. Sonrası da məlum-Avropa Məhkəməsi göndəriləcək”.
Sentyabrın 19-da Yasamal Rayon Məhkəməsi həbs olunan 12 gənc barədə inzibati cəza qərarı çıxarıb.