ƏSA Teatrı

Fransalı dramaturq və yazıçı Jül Renar deyirdi

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner
Orxan Adıgözəl-Banner

Fransalı dramaturq və yazıçı Jül Renar deyirdi: “Biz teardan həyatı, həyatdan isə teatrı tələb edirik”. Yəni teatr və real həyatın özü, dolayı və birbaşa yolla bir-biri ilə çox əlaqəli və bənzərdilər. Dahi Şekspirin də məşhur aforizmi burda özünü tam ifadə etməkdədir: “Həyat bir tamaşadır, biz insanlar isə onun aktyorlarıyıq”.

Bu yaxında bir nəfərin absurd fikrini eşitdim. Adam dedi ki, teatra gedənlər səfehlik edirlər. Onlar biletə pul verir, həm də evlərindən çıxıb, uzaq məsafə gedirlər.

Ondansa evdə oturub kompüterdə, televizorda film izləsələr yaxşıdır. Belə adamlar çoxdur. Özlərin çox ağıllı sanırlar və belə gic-gic fikirlər üyüdməyi sevirlər.

Düzdür, əksər insanlar film izləməyi, teatra getməkdən daha üstün tutur. Bunun da bəlli səbəbləri var. Onların çoxu düşünür ki, filmlər daha həyat doludur və özündə bir çox hadisələri ehtiva edir.

Lütfən bir şeyi düz anlayaq! Filmlə teatrın fərqi ondadır ki, filmdə hadisələri sizə nümayiş etdirib göstərirlər, amma teatrda ona məhz siz baxırsınız. Mən də filmləri çox sevir və izləyirəm. Amma teatrı daha çox sevirəm və orda canlı emosiyalar ala bilirəm. Bunun təsir dalğası təbii olaraq genişdir. Televizorun və ya kompüterin ekranından filmi izləyərkən bizə həmin emosiyalar bir az başqa cür çatır. Teatrın verdiyi emosianal enerjinin miqyası çox yüksəkdir.

Deyirlər ki, “hə də, teatrdır da. Filmlə eyni şeydir”. Yox! Ağlınıza və ağzınıza nə gəldi danışmayın! Teatr eynən kitab kimi bizi nəinki düşünməyə vadar edir, o, həm də bizə təfəkkür etmək (fikirləşmək) imkanı qazandırır. Təfəkkür etmək isə insan üçün yemək-içmək qədər zəruridir. Təfəkkür edərək idrak əmsalının faizini çoxaltmaq olar.

Teatrdanqalma təsirlər daha uzunmüddətli olur. Çünki orda canlılıq var. Tamaşaçı həmin olayların real həyatda qarşılaşdığı şəkldə şahidi olur. Ona görə teatra elə-belə yanaşmaq olmaz.

Teatra getmək nə üçün lazım və gərəklidir?

Ona görə ki: Teatr cəmiyyətin mədəni rifahına və formalaşmağına xidmət edir. Teatr  əyləncə maskası altında bizə dürüstlüyü təbliğ edir. Teatr xurafata və cəhalətə qarşı amansız mübarizə aparır.

İndi isə sizə Azərbaycanın teatr tarixində ilk dəfə yaranmış inklüziv teatr barədə xəbər verim.

ƏSA Teatrının – yəni 3 sentyabr, 2016-cı il tarixində yaranan müstəqil teatrın özəlliyi ondan ibarətdir ki, bu teatrda əlillyi olan aktyorlar da yer alır. Daha doğrusu, əsas heyəti əlilliyi olan aktyorlardan ibarət teatrda həmçinin əlilliyi olmayan aktyorlar da var. Teatrımız 15-ə yaxın adamdan ibarətdir. Onların 8 nəfəri əlilliyi olan şəxslərdir.

Belə ki, teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə də aktyorlar arasındadır və onun heç bir əlilliyi yoxdur. Teatrın direktoru Murad Məmmədovun isə əlilliyi var.

Mən özüm də əlilliyi olan biri kimi teatrda fəaliyyət göstərirəm.

Bu hal Azərbaycanda bir ilkdir. Dünyada əlilliyi olan və ya daun sindiromlu aktyorlardan ibarət teatr olsa da, sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək. Bu, bizim devizimizdir: “İncəsənət əngəl tanımır”.

Bizim artıq ilk tamaşamızın premyerası da baş tutub. 20 noyabr 2016-cı il tarixində Xəzər Universitetinin 2-ci korpusunda 200-dən çox tamaşaçı qarşısında “DUMB Mərhələsinin Əsası” tamaşasını oynamışıq. Yanvarda(2017-ci il) eyni tamaşanı yenidən oynadıq.

“DUMB Mərhələsinin Əsası” psixo-dram janrında qurulub və bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəmanımız bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür.

Məqsədimiz mədəniyyətə xidmət etmək və əlilliyi olan insanlar haqqında yaranmış mənfi steortipləri yıxmaqdır. Biz səhnədə əlilliyi olan birini canlandırmırıq.

Tamaşaçının diqqətini əlilliyimizə yox, məhz oynadığımız personajın obrazına fokuslandırmağa çalışırıq.

Gələcəklə bağlı xeyli gözəl planlarımız və tamaşalarımız var. İnanırıq ki, hər şey yaxşı olacaq!



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəƏSA Teatrı