“Həm öz şəxsi problemlerim, həm də Azərbaycanda əlilliyi olan gənclərin bu cəmiyyətə inteqrasiyasının az olması “Əsa” teatrının yaranma ideyasına səbəb oldu”.
Bu sözləri teatrın təsisçisi, bədii rəhbəri Nihad Qulamzadə deyir. O, “Əsa” teatrının ilk tamaşı olan “DUMB mərhələsinin əsası” tamaşasının rejissoru olmaqla bərabər aktyorluq da edir.
“DUMB tamaşasında mən, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev, Fərid Kazakov çıxış edirlər. Bu tamaşanın başlanğıcı həyatın sonudur. Hər kəs səhnədə olur, amma İlk monoloq Orxanla başlayır. Orxanın monoloqu belədir ki, biz bir obraz görürük və o, dəlixanaya düşüb. Biz monoloq boyunca bilirik ki, dəlixanada nələr görüb, hansı problemlərlə qarşılaşıb. Daha sonra Murad Məmmədov davam edir. Aydın olur ki, Orxan niyə dəlixanadadır, daha sonra davam edən Elmirin çıxışında isə Muradın suallarına cavab tapılır. Beləliklə, sanki film lenti tərsinə gedirmiş kimi sondan əvvələ gəlir”.
Müəyyən səbəblərdən aktyorun biri olmadığına görə Nihad özü onu əvəz edir. O bildirir ki, bütün monoloqları hər aktyor özü hazırlayıb və daha sərbəst olmaları üçün danışma tərzində də sərbəstlik verilib. Tamaşanın başladığı kimi sonda da bütün aktyorlar səhnədə idi. Xoreoqrafın son rəqsi tamaşanın da son göstərisi oldu.