Ərzaq bahalaşır, marketlərsə boşalır

Əhalinin daha çox xarab olmayan məhsullar aldığı bildirilir

Source:


Əhalinin daha çox xarab olmayan məhsullar aldığı bildirilir

Bakıdakı marketlərdə bahalaşma və ərzaq qıtlığı müşahidə olunur. Əsasən də çörəyin qiymətində artım var. Masazır qəzəbəsindəkı “Yeni Bakı” kompleksində yaşayan Şükufə Əhmədova deyir ki, əvvəllər 30 qəpiyə satılan baton çörəyi kiçik məhəllə dükanlarında 50 qəpiyə satılır.

Fotoreportyor Əhməd Muxtar da qiymət artımının şahidi olub: “Bu, bahalaşma yox, soyğunçuluğun başlanğıcıdı. Qızıma 18 manat 70 qəpiyə aldığım keçi südü “Kabrita”nı bu gün 24 manata aldım. Heç dağ keçisi bir gecəyə bu qədər yüksəyə qalxa bilməzdi”.

“4-5 saat olar ki, ərzaq mağazalarının çoxu bağlıdır. Satıcılar deyirlər, onlara mağaza sahiblərindən tapşırıq gəlib ki, alveri müvəqqəti dayandırsınlar. Deyirlər, dolların qalxmasına görədir”, – bu sözləri isə Azadlıq Radiosunun “Qaynar xətt”inə Sumqayıt sakini deyib. Eldəniz Musayevin sözlərinə görə, fevralın 21-də səhər saatlarından şəhərdəki mağazaların bir hissəsi işləmir:

“Təkcə ərzaq mağazaları yox, mobil telefon satışı və elektrik malları satılan dükanlar da bağlıdır. İşləyən mağazalarda isə kreditlə satış dayandırılıb. Satıcılar deyirlər, mağaza sahibləri başlarını itirib. Necə hərəkət etməli olduqlarını bilmirlər. Hələlik çıxış yolunu nağd satışı və kreditləşməni dayandırmaqda görürlər”.

Günəşli qəsəbəsində yaşayan Gövhər Mehdiyeva da da ərzaq məhsullarının bahalaşdığını deyir: “Həmişə aldığım makaronlarda 30 qəpik artım vardı. Ümumiyyətlə, mağazalar boşaldılıb”

Sosial şəbəkərlərdə də qiymət artımı əsas müzakirə mövzusudur.

Elmir Məmmədov adlı facebook istifadəçisi yazır: “Siqaret 2 manatdan 2 manat 50 qəpiyə qalxıb. Lap xarici siqaretləri də vurub keçiblər”.

Şəmistan Əlizadə: “Standartlaşdırmanın qarşısındakı marketdə kilosunu 80-90 qəpiyə aldığımız kartof 1 manat 30 qəpik olub”.

Vüqar Kamalov adlı istifadəşi isə yazır ki, təkcə ərzaq məhsulları deyil, aviabiletlərin də qiyməti qalxıb. Məsələn, təkcə Bakı-Moskva bileti 120 manat bahalaşıb”.

Meydan TV əməkdaşı is “Lider” TV-nin qarşısındakı “Makro market”də olub. Marketdə cüzi qiymət artımından əlavə, ərzaq qıtlığının olduğu aydın görünür. Belə ki, marketdə makaron, bulğur, un, düyü, mərcimək, lobya kimi məhsullar olan rəflər boşaldılıb. Market işçilərinin sözlərinə görə, qiymət artımı proqnozu verilən kimi insanlar marketə gəlib evlərinin bir neçə aylıq ərzağını alıb gediblər.

“Makro market” əməkdaşı Meydan TV-yə bildirib ki, müştəriləri daha çox gec xarab olan məhsulları alırlar: “Məsələn, qənd, şəkər tozu, kanserva məhsulları, makaron, düyü, bulğur, konfet və s. alırlar. Ancaq elə insanlar da var ki, onlar daha çox ət və ət məhsullarına üstünlük verir. Bir sözlə, ötən gün kassalar istirahətsiz, fasiləsiz işləyib”.

Politoloq Ərəstun Oruclu da qiymət artımının şahidi olduğunu yazır: “Manatın devolvasiyasının arxasınca bahalaşma dalğası gəldi. Bu gün şəxsən baş çəkdiyim ticarət müəssisələrinin demək olar ki, hamısında əksər malların qiymətinin 35 faiz civarında bahalaşmasının şahidi oldum. İstisna deyil ki, bu davam edəcək və öz təsirini xidmət sektorunda da göstərəcək”.

Politoloq bunun bağlı mövqeyini də açıqlayıb: “Cəmiyyətdə reaksiyalara gəlincə, hələlik bunların görünən əlamətləri yoxdur, amma, bu, aldadıcıdır. Belə ki, həm az vaxt keçməsi baxımından, həm də həftəsonu hava şəraiti üzündən alış-verişin az olması səbəbindən insanlara baş verənlərin miqyası hələ tam aydın deyil. Amma buna baxmayaraq, bahalaşma artıq başlayıb və şübhəsiz ki, bunun iqtisadi fəsadları ilə yanaşı, bir qədər gec də olsa, sosial fəsadları da özünü göstərəcək. Azad bazar iqtisadiyyatı şəraitində baş verən böhranın fəsadlarının ən az toxunduğu adətən orta və kiçik sahibkarlıq subyektləri olur. Azərbaycanda isə bu baxımdan durum tam əksinədir, çünki ölkənin daxili bazarı süni inhisarlar arasında bölüşdürülüb ki, bu da azad rəqabət mühitinin olmaması deməkdir. Deməli, yaranmış şəraitdə, ilk növbədə, sıradan çıxan da əsasən ölkə iqtisadiyyatının bu seqmenti olacaq ki, bu da xeyli kiçik və orta sahibkarlıq subyektlərinin müflisləşməsinə gətirib çıxaracaq. Bundan başqa, bahalaşma səbəbindən ümumi ticarət dövriyyəsi nəzərə çarpacaq dərəcədə aşağı düşəcək və xidmət sahəsində də tələbat azalacaq ki, bu da ölkədə işsizliyin və onun nəticəsi olaraq, yoxsulluğun artması demək olacaq. Bu şəraitdə sosial gərginliyin əlamətləri olan miqrasiyanın, lokal etirazların, stresslə bağlı xəstəliklərin, intiharların artması, radikal meyllərin güclənməsi, kriminogen durumun gərginləşməsi qaçılmaz olacaq. Mövcud şəraitdə müxalif düşərgənin və vətəndaş cəmiyyətinin zəiflədilməsi fonunda radikal cərəyanlara qoşulanların da ümumi çəkisinin artacağını demək olar.

Ana səhifəXəbərlərƏrzaq bahalaşır, marketlərsə boşalır