Bu ailənin 4 üzvünün əlilliyi var. Ailə başçısı Əli Əliyev ikinci qrup əlildir. Kəlbəcərdən köçkün düşən ailə elə o vaxtdan Xırdalanda yerləşən “vaqon ev”lərdə yaşamalı olub. Onların dediyinə görə, bu illər ərzində birtəhər yaşayıblar. Bu ilin avqustunda vaqonlardan 2-də gözlənilmədən yanğın baş verib. Əli Əliyev deyir ki, Fövqəladə Hallar Nazirliyi dəymiş ziyanın 10 min manat olduğunu göstərib. Lakin dövlət qurumlarına müraciətləri bugünədək cavabsız qalıb.
Əli Əliyevin oğlu Asim epilepsiya xəstəsidir. Ailənin gəliri ancaq Əli Əliyevin və həyat yoldaşının aldığı pensiyadır. Ailə başçısı deyir ki, bilmirlər o pulla gündəlik ehtiyaclarını ödəsinlər, ya ailə üzvlərinin müalicəsinə xərcləsinlər. Atanın sözlərinə görə, dəfələrlə oğluna əillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, qurumun nəzdində olan Tibbi-Sosial Ekspert Komissiyası Asim Əliyevin sağlam olduğunu deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Meydan TV-yə bildirib ki, əlillik almaq üçün şəxs rayon üzrə poliklinikalara müraciət etməlidir. Poliklinika şəxsə səhhətində olan problemlərlə bağlı göndəriş verməlidir: “Əgər Səhiyyə Nazirliyi sağlam olduğunu deyirsə, biz onlara təzyiq edə bilmərik”.