Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində yol kənarına istinad divarı çəkilir. “
Azərtac
”ın məlumatına görə, məqsəd kənd sakinlərinin təhlükəsizliyini və gediş-gəlişi təmin etməkdir.
Məlumatda bildirilir ki, son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
“Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb,”- məlumatda vurğulanır.
Agentliyin yazdığına görə, 65 evdən ibarət kənd münaqişə başlayandan 8 şəhid verib. Dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri – Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə Ermənistan tərəfdən atılan güllənin qurbanı olub.