Emil Məmmədli
Ekspertlər hesab edir ki, Ukrayna müharibəsinin bu ticarət əlaqələrinə təsiri var
Moskvada oktyabrın 8-də baş tutan MDB sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edən Rusiyanın Prezidenti Vladimir Putin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Kremlin rəsmi məlumatında belə deyilir.
V.Putin deyib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, amma bu ilin təkcə altı ayı ərzində bu rəqəm 8,3 milyard dollara çatıb:
“Əgər bu templərlə getsək, ilin yekunlarına əsasən ticarət dövriyyəsi 14-16 milyard dollar təşkil edə bilər. Bu, rekord göstəricidir”.
V.Putinin bu sözləri Ermənistanın Rusiyanın siyasi orbitindən çıxıb, Qərbə tərəf getməsi ilə bağlı məlumat və təhlillərə şübhə ilə yanaşan ekspertlərə əlavə arqumentlər verib. Belə ki, ekspertlər iqtisadi əlaqələrin belə inkişafı fonunda siyasi cəhətdən Ermənistanın Rusiyadan uzaqlaşmasının mümkün olmaması və deyilənlərin yalnız görüntü yaratmaq üçün olduğunu deyirlər.
“Ticarət dövriyyəsinin artması fonunda Ermənistanın Rusiyanın orbitindən çıxmaq istəyi elə də asan reallaşmayacaq”
Politoloq Fərhad Məmmədov məsələ ilə bağlı Meydan TV-yə şərh verərkən Ukraynada gedən müharibə zamanı Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artmasını təsadüfi saymadığını deyib:
“Ukraynada müharibədən əvvəl Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2,5-2,7 milyard dollar arasında idi. Bu da Ermənistandan Rusiyaya gedən kənd təsərrüfatı məhsulları və xammal, mis və. s Rusiyadan isə Ermənistana əsasən enerji ehtiyatları, qazın hesabına idi”.
O qeyd edib ki, təbii yolla bu iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara çatmırdı və heç vaxt da çatmayıb.
“Müharibədən sonra isə iki istiqamət üzrə artım müşahidə olunur. Təbii ticarət dövriyyəsi var, bu, 3 milyard dollardır. İkincisi də Rusiyaya Qərb tərəfindən sanksiya qoyulmuş malların reeksportu, yəni mobil telefonlar, çip daşıyan avadanlıqlar, fen, paltaryuyan maşınlar. Ermənistan bunu Qərbdən alır və öz malı adı altında Rusiyaya göndərir”, – o deyib.
Politoloq deyib ki, ikinci istiqamət 2023-cü ilin sonunda Qərb tərəfindən Rusiyanın almaz və qızılına sanksiya qoyulandan sonra formalaşdı. Onun sözlərinə görə, bu, artıq Rusiyanın sanksiya altında olan mallarının Ermənistan vasitəsilə ixracını təmin etmək idi:
“Biri var Rusiyaya gedən mal, biri də var Rusiyadan çıxan mallar. Hər ikisi sanksiya altındadır – bu da qızıl və almazlarla bağlıdır. Həm də Ermənistan Rusiya ilə eyni gömrük ittifaqında olduğundan bu əməliyyatları rahatlıqla həyata keçirir. Ona görə bu ilin ilk 6 ayı ərzində 8,5 milyard dollar rəqəmi səsləndirilir, ilin sonuna qədər də 14-16 milyard dollar olacaqdır”.
O vurğulayıb ki, əgər təbii olan 3 milyard dolları göstərilən rəqəmdən ayırsaq, 10-11 milyard dollarlıq ticarət dövriyyəsi olur.
Fərhad Məmmədov hesab edir ki, ticarət dövriyyəsinin artması fonunda Ermənistanın Rusiyanın orbitindən çıxmaq istəyi elə də asan reallaşmayacaq:
“Hazırda Ermənistan Rusiya ilə ikitərəfli və çoxtərəfli formatlarda təhlükəsizlik sahəsində olan əməkdaşlığına məhdudiyyət qoymaq istəyir. İkitərəfli formatda bu, hərbi bazadır, birgə havadan hücum sistemlərində iştirakdır və sərhədlərin birgə qorunmasıdır. Təhlükəsizlik sahəsində Rusiyanın orbitindən çıxmaq addımlarını kiçik də olsa müşahidə edirik. Rusiyanın sanksiya altında olan mallarının ixracında iştirak Ermənistana külli miqdarda xeyir gətirir və bundan imtina o qədər də yüngül olmayacaq”.
“Ermənistan iqtisadiyyatının potensialı Rusiya ilə ticarət dövriyyəsinin kəskin artımı üçün yetərsizdir”
İqtisadçı Rəşad Həsənov da hesab edir ki, Ermənistan-Rusiya ticarət dövriyyəsində artım faktiki olaraq Rusiya-Ukrayna konflikti fonunda şimal ölkəyə tətbiq edilən sanksiyaların nəticəsi kimi ortaya çıxır:
“Necə ola bilir ki, 2021-ci ildə Rusiya ilə Ermənistan arasında cəmi 2,6 milyard dollar dövriyyə olduğu halda, yaxud Ermənistanın Rusiyaya ixracı cəmi 800 milyon dollar olduğu halda bu göstərici birdən-birə 7-8 milyarda qədər arta bilir”.
İqtisadçı deyib ki, dövriyyənin strukturuna baxdıqda görmək olar ki, 2021-ci ildə içki məhsulları Ermənistanın Rusiyaya ixrac etdiyi ən əsas məhsul növü kateqoriyasına daxil idisə, 2022-ci ildə birdən-birə təxminən 15 faizlə ilk kateqoriyaya məhz yayım texnologiyası, eyni zamanda, kompüter ehtiyat hissələri keçir.
“Rusiya mümkün qədər sanksiyalardan yayınmaq üçün müxtəlif tərəfdaş ölkələrin resurslarından istifadə edir. Ermənistan da bu istiqamətdə Rusiyanın ən böyük tərəfdaşlarından biridir. Baxmayaraq ki, bu gün Ermənistan və Rusiya hökumətləri arasında siyasi baxış ayrılığı var. Amma hər iki tərəf mövcud konyukturdan mümkün qədər faydalanmağa çalışır”, – R.Həsənov vurğulayıb.
O qeyd edib ki, indiki halda Ermənistan iqtisadiyyatının potensialı, istehsal gücü və resursları Rusiya ilə müvafiq ixrac kanallarını dəstəkləməyə və ticarət dövriyyəsinin kəskin artımı üçün yetərsizdir:
“Ermənistanın hazırda bütövlükdə götürdükdə bu ticarət dövriyyəsinin əsasını təşkil edən məhsullar təkrar ixrac prosesidir. Düzdür, son illərdə Ermənistan iqtisadiyyatında müəyyən pozitiv dinamika müşahidə olunmaqdadır. Ancaq istənilən halda heç bir iqtisadi resurs və inkişaf səviyyəsi müvafiq artımı dəstəkləyə bilməz”.