Fransa və Ermənistan nazirləri əməkdaşlıq sənədi imzalayıb (yenilənib)

Fransa-Ermənistan. Foto: Maxim Studio/shutterstock


Fransa və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

Bu barədə məlumat yayan “Armenpress” sənədlərin hansı detalları əhatə etdiyini açıqlamayıb.

Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornla iki ölkə arasında müdafiə əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər:

“2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi yekunlaşdırılıb, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.

Foto: Telegram


Ermənistanın müdafiə naziri Parisə səfər edib

Oktyabrın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfərin məqsədinin iki ölkə arasında hərbi təchizatla bağlı sazişin imzalanması göstərilir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X”dəki (“Twitter”) mikrobloqunda ölkəsinin müdafiə naziri Sebastyan Lekorndən sitat gətirib:

“Ermənistana imkan verilməlidir ki, öz mülki əhalisini qorusun, sərhədlərinin mühafizəsini təmin etsin. Oktyabrın 23-də Ermənistanın fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik” .

Fransalı nazir “Le Parisien” nəşrinə müsahibəsində bildirmişdi ki, söhbət xüsusilə Ermənistanın hava məkanını qoruyacaq müqavilənin imzalanmasından gedir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi də məlumat yaymışdı ki, nazir Suren Papikyan Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornunun dəvəti ilə Parisə işgüzar səfərə gedib.

Ötən həftə Senatın komitəsində 2024-cü il büdcəsinin müzakirəsi zamanı Fransanın Silahlı Qüvvələr naziri ölkəsinin Ermənistana müdafiə silahları satacağını bildirmişdi.

Oktyabrın birinci həftəsi Yerevana səfəri zamanı Fransanın xarici işlər naziri Ketrin Kolonna Parisin Ermənistana hərbi texnika tədarükü üçün müqavilələr bağlamaq barədə razılığa gəldiyini açıqlamışdı.

K.Kolonna ermənistanlı həmkarı A.Mirzoyanla birgə mətbuat konfransında demişdi ki, müqavilə Ermənistana hərbi texnikanın təhvil verilməsinə imkan verəcək ki, onun müdafiəsinə zəmanət verə bilsin.

Amma fransalı nazir hansı silahların müzakirə edildiyindən danışmamışdı.

Azərbaycan hökumətinin Fransanın bu addımına münasibətini Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində açıqlayıb.

E.Əmirbəyov deyib ki, Parisin bu addımı Bakını olduqca təhlükəli vəziyyətə sala bilər:

“Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq və regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik”.

Ana səhifəSiyasətFransa və Ermənistan nazirləri əməkdaşlıq sənədi imzalayıb (yenilənib)