Yeni layihənin məqsədi Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində əhalinin sayını artırmaqdır
Millət vəkili Arman Babacanyan deyib ki, Azərbaycanla sərhəddə yerləşən kəndlərində yaşayan sakinlərə 1000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş ediləcək, – erməni mediası xəbər verir.
"Bu gün uzun danışıqlardan sonra yerli iş adamları, diaspora sahibkarları ilə Azərbaycanla sərhəddə yerləşən bütün erməni yaşayış məntəqələrində doğuşu artırmaq üçün geniş proqram hazırlamaq barədə razılığa gəldik",- Babacanyan “Facebook” səhifəsində yazıb.
Proqram əsasən üç yaşından kiçik hər bir uşağa aylıq 100 ABŞ dolları ödənəcək. Bundan başqa, son üç ildə sərhəd kəndində yaşayan valideynlərdən dünyaya gələn hər bir uşağa görə 1000 ABŞ dollarına bərabər birdəfəlik ödəmə ediləcək.
Layihəyə Tavuş, Geqarkunik və Vayots Dzor bölgələrindəki yaşayış məntəqələri daxildir.
“Sabahdan etibarən statistikaya, vəziyyətə və tendensiyaya baxacağıq. Layihə 2020-ci ilin yazında başlayacaq. İnanırıq ki, belə böyük bir proqramın tətbiqi sərhəd yaşayış məntəqələrinin demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verəcək”,- Babacanyan vurğulayıb.