İndiyə qədər Azərbaycan tərəfdən 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb
Bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.
Məlumatı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Oktyabrın 2-də Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş Azərbaycan ərazilərindən isə Ağdamın Quzanlı yaşayış məntəqələri raket atəşinə tutulub.
Oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri Gəncəni ağır artilleriyadan atəşə tutub. Yaralananlar içərisində 10 aylıq körpə də olub.
Müdafiə Nazirliyi bildirib ki, eyni gün Ermənistan silahlı qüvvələri Ağcəbədi və Beyləqan şəhərlərini də atəşə tutub. Yaralıların olduğu bildirilirdi. Bərdə şəhərinə düşən mərmi nəticəsində 1 nəfər həyatını itirib, yaralananlar var.
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 4-də isə Azərbaycanın Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxıldığı bildirib.
İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.
Zərdab sakinləri Meydan TV-yə onların rayonuna da mərmi düşdüyünü bildiriblər. Mərminin boş əraziyə və hazırda işlək olmayan fermaya düşdüyünü bildirmişdilər.
"Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb", – Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Nazirlik deyir ki, Ermənistandan Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir.
Gəncəyə atılan artilleriyanın Ermənistan yox, Qarabağ ərazisindən atıldığını deyir.
Azərbaycanın Baş Prokurorluğu sonda bildirir ki, münaqişədən kənar bölgələrə düşən mərmilər və raketlərdən 56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb: "Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu- Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi".
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "twitter" hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.
Azərbaycan rəsmi qurumları bəyan ediblər ki, oktyabrın 6-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Yevlax yaxınlığında raket zərbələri atılıb. Amma zərbələrin qarşısı alınıb.