“Göndərilmiş çıxışlarda Azərbaycan lideri zor və təhdid dili ilə danışır”
Ermənistanın ombudsmeni Arman Tatoyan Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarını BMT-yə göndərib və bu çıxışları “ermənifobiya və düşmənçilik siyasətindən xəbər verən” adlandırıb.
Məlumatı
Azadlıq Radiosu
Erməni xidməti “Azatutyun”a istinadən yayıb. Məlumatda bildirilir ki, Azərbaycan prezidentinin bir sıra çıxışları BMT-nin irqi diskriminasiyanın ləğvi komissiyasına, Avropa Şurasının irqçilik və dözümsüzlüklə mübarizə üzrə komissarına və insan haqlarına cavabdeh başqa beynəlxalq qurumlara göndərilib.
Ombudsmen mayın 11-də deyib ki, söhbət Azərbaycan prezidentinin 2021-ci ilin aprelində etdiyi çıxışlardan və verdiyi bəyanatlardan gedir:
“Göndərilmiş çıxışlarda Azərbaycan lideri zor və təhdid dili ilə danışır, Erməni xalqının şərəf və ləyaqəni alçaldan sözlərdən istifadə edir. Onun çıxışları hədə-qorxu səciyyəsi daşıyır, erməni cəmiyyətində gərginlik yaradır və o bu çıxışlarında Azərbaycan xalqının üstünlüyünü vurğulayır”.
Ombudsmen bunu da bildirib ki, bu proses davam etdiriləcək, Azərbaycan prezidentinin çıxış və bəyanatları bundan sonra da xüsusi monitorinq ediləcək.
“Ermənistan insanının hüquqlarının müdafiəçisinin məqsədi Azərbaycan hakimiyyətinin soyqırım siyasətini, onun insan haqlarının kobud pozulmasına səbəb olduğunu, yeni qəddarlıq hədəsi ehtiva etdiyini, sülh və təhlükəsizliyi təhdid altında qoyduğunu göstərməkdir”.
“Azaztutyun” xatırladır ki, Tatoyan hələ aprelin 14-də İlham Əliyevin çıxışlarından iqtibasları beynəlxalq insan haqları qurumlarına göndərəcəyini bildirib. Arman Tatoyan habelə Bakıda açılmış “Qənimətlət parkı” ilə bağlı beynəlxalq qurumlara müraciət edəcəyini deyib. Onun fikrincə, bu sərgi Azərbaycanın apardığı “erməniyə nifrət və soyqırımı” siyasətinin sübutudur.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına münasibət bildirmişdi.
Qurum qeyd etmişdi ki, Hərbi Qənimətlər Parkının açılışı və 44 günlük vətən müharibəsi zamanı qənimət götürülən texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası “bu ölkənin Azərbaycana qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir”.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.