Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Rüstəm Muradovun səlahiyyət müddəti başa çatdığından onu ötən həftə Mixail Kosobokov əvəz edib

Source: Ermənistan MN


Rüstəm Muradovun səlahiyyət müddəti başa çatdığından onu ötən həftə Mixail Kosobokov əvəz edib

Sentyabrın 9-da Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokovu qəbul edib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, nazir Karapetyan Kosobokovla görüşdə Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi səylərini və Qarabağdakı Rusiya sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirib.

Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatdığından onu ötən həftə Mixail Kosobokov əvəz edib.

M.Kosobokov Rusiya 58-ci Ümumqoşun Ordusunun (Cənub Hərbi Dairəsi) komandir müavini olub. O, əvvəllər Abxaziyada Rusiya hərbi bazasına rəhbərlik edib.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə “DQMV haqqında” Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Ana səhifəXəbərlərErmənistanın müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb