Ermənistanın 6 prinsipi: Sülh danışıqları pozula bilərmi? 

Yazar: Emil Məmmədli

Foto: Vladimir Zotov/Shutterstock

Ekspertlər fərqli düşünürlər

Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab verib.

Təkliflər bu həftə Ermənistan mediasında xüsusi tapşırıqlar üzrə səfir Edmon Murakyana istinadən dərc edilib.

Cavab bəndlərdə göstərilir ki, Ermənistan Respublikasının Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur. Xatırladılır ki, hər iki respublika 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması üçün razılaşmaya qol çəkərkən biri-birinin ərazi bütövlüyünü tanıyıb.

Bundan başqa, erməni tərəfi qeyd edib ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.

Edmon Murakyan. Mənbə: Sputnik

Ermənistan, üçtərəfli bəyanatların maddələrinə əməl edilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanla sülh müqaviləsi üzərində işin başlanmasına hazır olduğunu bəyan edib. Bununla belə, Ermənistan Helsinki yekun aktında göstərilən xalqların öz müqqədəratını həll etmə prinsipini də qeyd edib.

Və son olaraq, Ermənistan müvafiq danışıqların başlanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyini bildirib.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bu 6 bəndi təklif yox, Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirib.

“Sənədə baxarkən orda görünür ki, bu, təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”, – Ceyhun Bayramov jurnalistlərlə söhbətində deyib.

Ceyhun Bayramov. Foto: Azırtac.

“Ermənistanın təklifləri faktiki olaraq yox cavabıdır”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələni Meydan TV üçün şərh edərkən deyib ki, Ermənistanın irəli sürdüyü təkliflər Azərbaycanın təqdim etdiyi prinsiplərin tam əksinədir və onları neytrallaşdırır.

“Söhbət ondan gedir ki, Ermənistan sadəcə yox demir, ümumi qəbul etdiklərini söyləyir, amma faktiki olaraq bu, yox cavabıdır”, – diplomat hesab edir.

Bundan başqa, sabiq nazir bəyan edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqda bəyanatları reallıqdan uzaqdır və dediklərinə əməl etmək niyyətində deyillər.

“Xarici işlər naziri bəyanat yayıb ki, hələ 1991-ci ildə MDB-nin hansısa sənədində Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Bu, onu göstərir ki, onların ərazi bütövlüyünü tanımaq söhbəti beynəlxalq qanunlara uyğun deyil və özləri bildiyi kimi tanıyıblar. Halbuki, ərazi bütövlüyünü tanıdığı ölkənin torpaqlarını 27 ildən çox işğalda saxlayıblar”, – Tofiq Zülfüqarov deyib.

Ermənistanın təkliflərində Qarabağın müstəqilliyi barədə ifadənin olmamasını keçmiş nazir onunla izah edir ki, Yerevan Qarabağda əhali yox, etnik azlığın yaşadığını bəyan edir.

“Etnik azlığın da hüquqlarından biri öz müqəddəratını həll etmək hüququdur. Bu hüququn çərçivəsində guya onların müstəqillik qazanmaq imkanı var, yaxud tələb etsinlər. Ondan sonra Ermənistan onların müstəqilliyini tanıyacaq. Sadəcə, bu, öncədən yox, prosesin sonunda tanınacaq”, – o deyib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Tofiq Zülfüqarovun fikrincə, bu şərtlər Azərbaycan və Ermənistan arasında tezliklə sülh danışıqlarının başlanıb, müqavilənin imzalanmasına zəmin yaratmır.

O qeyd edib ki, ilk baxışdan Ermənistan konstruktiv danışıqlar aparmağa hazır olduğunu göstərir, öz şərtlərini də irəli sürür.

“Amma bu şərtləri təhlil edərkən başa düşməliyik ki, Azərbaycanın təməl prinsipləri tam şəkildə qəbul olunmur. Yəni Ermənistana danışıqlar görüntü yaratmaq üçün lazımdır. Bilirsiniz, bu danışıqlar hansısa mətn üzərində yox, indiki mərhələdə prinsiplərin müzakirəsi səviyyəsindədir. Ancaq 27 il əvvəl münaqişənin həlli prinsiplərini müzakirə edirdik. Hələ də 27 il bunları müzakirə etmək potensialı var. Bu baxımdan danışıqlar hansısa nəticə üçün yox, vaxt uzatmaq və görüntü üçün aparılan siyasi şoudur. Hər halda ermənilər belə edirlər”, – keçmiş nazir deyib.

“Böyük Sülh Sazişi ətrafında danışıqların başlanmasına mane olan elə ciddi səbəb yoxdur”

Hazırda İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov düşünmür ki, əgər tərəflər arasında Böyük Sülh Sazişi imzalansa, sənəddə Dağlıq Qarabağ ermənilərinin statusuyla bağlı məsələ öz həllini tapar.

“Amma sazişdə ilkin mərhələ üçün keçid dövrünə aid olacaq müddəalarda təhlükəsizlik məsələləri öz əksini tapa bilər. Çünki təhlükəsizlik məsələləri həll olunmadan inanmıram ki, Ermənistan Azərbaycanla hər hansı sülh sazişini imzalasın”, – o deyib.

Onun fikrincə, Azərbaycanda bəzi məsələləri doğrudan da anlamırlar, yaxud özlərini bilməzliyə qoyurlar.

“Tutalım, sabah Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Hətta mən hesab edirəm ki, tanımalıdır da. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycana ərazi iddiası olmadığını bəyan edirsə, bu, o deməkdir ki, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bəs bu, nəyi dəyişir? Bu, Dağlıq Qarabağın ermənilər yaşayan ərazidəki real situasiyanı dəyişirmi, onların öz müqəddəratını təyin etmək faktını dəyişirmi? Xeyr, dəyişmir. Yəni Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, problemin avtomatik həlli demək deyil. Bu, sadəcə, bir müstəvidən digərinə keçiddir, dövlətlərarası müstəvidən dövlətdaxili müstəviyə keçid”, – Rauf Mirqədirov bildirib.

Rauf Mirqədirov
Rauf Mirqədirov, Foto: Meydan TV

Politoloqun fikrincə, indi əsas məsələ Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində yaşamaq istəyib-istəməmələridir və bu problemin onlarla həll olunmasıdır.

“Özü də heç bir zor və təhdid tətbiq etmədən. Yəni hər hansı anti-terror əməliyyatı adı altında əməlikyyat keçirmədən, danışıqlar əsasında olmalıdır”, – politoloq hesab edir.

Bununla belə, onun fikrincə, Ermənistandakı daxili vəziyyəti nəzərə alınmasa, Böyük Sülh Sazişi ətrafında danışıqların başlanmasına mane olan elə ciddi səbəb yoxdur.

“Sözsüz ki, söhbət təkcə Ermənistandakı daxili situasiyadan getmir, həm də bu ölkənin daxili vəziyyətinə təsir edən böyük manipulyasiya imkanlarına malik olan Rusiyadan gedir, – Rauf Mirqədirov deyib.

“İndiki vəziyyət 2020-ci il mart-aprel aylarında olan vəziyyətə bənzəyir”

Məsələni politoloq Fərhad Məmmədov da öz “Facebook” hesabından şərh edib. O isə hesab edir ki, son həftələr danışıqlar prosesində baş verən hadisələr prosesin pozulmasına gətirib çıxara bilər.

“Erməni tərəfinin elan etdiyi 6 prinsip birmənalı deyil və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından geri çəkilmədiyini nümayiş etdirir. Onlar bunu Qarabağda yaşayan ermənilərin “təhlükəsizliyinin təmin olunması” və “statusları” barədə fikirlərlə ört basdır edirlər”, – politoloq yazıb.

Fərhad Məmmədovun fikrincə, Azərbaycan XİN-nin bu təkliflərə gözlənilən reaksiyası Yerevan tərəfindən prosesin pozulmasına gətirib çıxara bilər.

Foto: Fərhad Məmmədovun şəxsi arxivindən

O qeyd edib ki, Ermənistan özünün altı şərtində göstərir ki, bu onlar üçün prinsipialdır.

“Belə olan halda Azərbaycan tərəfi də prinsipiallıq nümayiş etdirib, Ermənistana qarşı ərazi iddiaları irəli sürə bilər. Parlament Zəngəzurun Ermənistana verilməsi barədə qərarı qeyri-legitim hesab edə bilər”, – Fərhad Məmmədov yazıb.

Onun fikrincə, Azərbaycan və Türkiyə prezidentlərinin Rizedəki görüşü qarşıdan gələn həftələr üçün vacib qeydləri ortaya çıxara bilər, belə ki, rəsmi Bakının arsenalında Ermənistana və onun daxili gündəliyinə təsir etmək üçün çoxsaylı metodlar var.

“Əminəm ki, Azərbaycan XİN artıq indidən Ermənistanın danışıqların pozulması barədə gələcək bəyanatına aparan addımları qeyd edirlər. Belə bir siyahı 2020-ci il sentyabrın 27-də elan edilmişdi. İndiki vəziyyət isə 2020-ci il mart-aprel aylarında olan vəziyyətə bənzəyir”, – Fərhad Məmmədov qeyd edib.

Ana səhifəSiyasətErmənistanın 6 prinsipi: Sülh danışıqları pozula bilərmi?