Kamran Əliyev: "62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib"
Azərbaycan Baş Prokurorluğu başladığı 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edib.
Bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 23-də ötən ilin yükunlarına həsr olunan Kollegiya iclasında danışıb.
Kamran Əliyev həmin işlər üzrə və Ermənistanın 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edildiyini söyləyib.
“Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – deyə Kamran Əliyev bildirib.
Baş prokurorun sözlərinə görə, II Qarabağ savaşında Azərbaycanın rayon və şəhərlərinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb: “Çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb".
Bununla bağlı BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib”, – Kamran Əliyev bildirib.