Ermənistandakı demokratiya

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Hər iki tərəfin ictimai ağır və yüngül artilleriyası işə düşüb, atır və atışır…

Qüdrətli və məkrli yad qüvvələrin iki qafqazlı qonşu xalqa sırıdığı ziyanlı və dağıdıcı münaqişədən xilasın yolu yalnız barışdan keçir.

Əgər kimsə zənn edirsə ki, müharibədə qələbə qazanmaqla bu qüdrətli yad qüvvələrin sırıdığı münaqişədən xilas mümkündür, məncə, yanılır. Zəfərdən iki il keçib, biz hələ də itələşirik. Yad qüvvələrsə münsiflik edir.

Ermənistan zənn edirdi ki, birinci savaşda qələbə ilə təltif edildikdən sonra məsələnin həllini birdəfəlik tapıb. Zaman göstərdi ki, zənnində yanılıb.

İndi də Azərbaycanda çoxu zənn edir ki, ikinci savaşda qələbəmiz münaqişəyə son qoyub. Belələrinə mən məsləhət görərdim ki, düşünsünlər: həmin qüdrətli yad qüvvələrin nə vaxtsa bu münaqişəni naftalindən çıxarıb havaya verməyəcəklərinə və ocağı yenidən körükləməyəcəklərinə zəmanət verə bilərlərmi?

Əminəm ki, dünya tarixindən azca xəbəri olan kəs bu zəmanəti verə bilməz. Son yüz ildə bu münaqişəni neçənci dəfədir yeniləyirlər? Rusiya Ruben Vardanyanı Qarabağa ezam edəndə ona tapşırıb ki, “1988-ci ilin ruhunu dirçəltsin”.

Ümid iki tərəfin, iki qonşunun danışıqlar yolu ilə ümumi razılığa gəlməsinə, barış əldə etməsinə qalır.

Danışıqlar gedir, həm rəsmi səviyyədə, həm də cəmiyyətlər arasında. Rəsmi səviyyədə necə danışırlar, biləmmərəm, orada yoxam və yayımlanan məlumata inamım azdır.

İlham Əliyev deyir biz sülh istəyirik, Nikol Paşinyan deyir biz də sülh istəyirik. O da istəyir, bu da istəyir, iki ildir istəyirlər, fəqət alınmır. Niyəsinin əmması çoxdur.

Cəmiyyət nümayəndələrinin mükaliməsi göz önündədir, istəyən şəxs Youtube və TV-yə girib baxa bilər.  Hər iki tərəfin ictimai ağır və yüngül artilleriyası işə düşüb, atır və atışır.

Görüşlərin siftəsində bizim ictimai xadimlər dərinə getmədən əks tərəfin yadına olub-keçənləri yüngülcə salır, səliqə ilə Zəfəri xatırlayıb keçirlər Qarabağ ermənilərini, əgər davasız-şavasız vətəndaşlığın qəbuluna razı olsalar, Azərbaycanda gözləyən gözəl həyatın təsvirinə.  Bu zaman həmin bizim bu ictimai xadimlər möhtərəm və müzəffər  Ali Baş Komandanın “erməni əhalisinə Azərbaycan vətəndaşlarının bütün hüquqları veriləcək” cümləsini təkrar edirlər.

Bu sözləri eşitcək erməni ictimai xadimləri başlayırlar əsəbi gülməyə və öz azəri müsahiblərinin sözünü kəsib soruşurlar:

“Bu, hansı hüquqlardır? Döyülmək, soyulmaq, işgəncəyə məruz qalmaq, məmur dərəbəyliyinin, sifarişli məhkəmələrin qurbanı olmaq… Hansını deyirsiniz? Azərbaycanda demokratiya yoxdur! Biz Ermənistanda demokratiya qurmuşuq və bütün dünya bu nailiyyətimizi tanıyır. Azad erməni  insanı Azərbaycanda dübarə köləliyə razı ola bilməz. Qarabağ erməniləri nə Azərbaycan vətəndaşı olmağa, nə də Qarabağı tərk etməyə razıdır. Qalır Qarabağın müstəqilliyi. Kosovoda olduğu kimi, əhalinin xilası naminə Azərbaycandan ayrılmaq”.

Təbii ki, Azərbaycan cəmiyyətinin nümayəndələri söz tapıb deyirlər, papaq altında yatan oğullarımız çoxdur, lakin şəxsən məni bu mükalimə çox düşündürür.

Məncə, erməni həmkarların bu sözlərində müəyyən həqiqət var. Biz özümüz bizim şanlı saxtakar, yalançı və əliəyri hakimiyyətimizin işləklərindən dad çəkmirikmi? Məgər bizim xeyli fəal insanımız ermənilərin indi bizə tənə ilə dediyi bu sözləri utanmaz hakimiyyətimizin üzünə çırpdığı üçün məhbəsə girməyibmi? Neçə qazimiz sağlamlığını Vətənə qəhrəmanlıqla fəda edəndən sonra məmur dərəbəyliyi qarşısında təslim olub özünə od vurub?

“İmama yüz kərə ağlayanda, bir kərə də Yezidə ağla”. Erməni olanda nə olar, bu adamların sözündə həqiqət payı var. Bəli, Azərbaycanda demokratiya yoxdur, onun görüntüsü və müqəvvası var.

Fəqət erməni qonşularımızın sözlərində də həqiqətin yarısı var, o biri yarısını dillərinə gətirmirlər.  Gətirmirlər, çünki onlara xeyir deyil.

Dərd yalnız onda deyil ki, demokratiya Azərbaycanda yoxdur, dərd ondadır ki, demokratiya heç Ermənistanda da yoxdur! Nə Robikin, nə Serjikin, nə də Paşikin vaxtında Ermənistanda demokratiya olmayıb və təəssüf ki, yoxdur.

Rəhmətlik Tofiq Qasımov demişkən, niyəsini  “bu dəqiqə izah edim”. Asan olsun deyə səbəbləri nömrə ilə düzəcəyəm:

1.Hər hansı bir ölkədə demokratiyanın yaranması üçün adambaşına  düşən zəruri orta illik gəlir normasından Ermənistan xeyli uzaqdır. Yəni çay gəlməyib, ancaq ermənilər artıq çırmanıblar. Eyni sözü bizim şanlı Vətən barəsində də desək, yanılmarıq.

2.Demokratiya üçün cəmiyyətdə demokratik təsisatlar və demokratiya prosedurlarına oturuşmuş riayət ənənəsi olmalıdır. Ermənistanda bu, yoxdur. Ermənistanda muzdlu işçilərin hüquqlarını qoruyan müstəqil və səmərəli həmkarlar təşkilatları varmı? Yoxdur. Ermənistanın ən qədim siyasi partiyası Daşnaksutyundur. “Bu gəlin oğlan çıxdı”, yəni bu partiya terrorçu təşkilatdır. Digər partiyalarının ömrü keçici siyasi gərəkliyin ömrü qədərdir. Üzdə olanlar “Levonun partiyası”, “Serjikin partiyası”, “Nikolun partiyası”dır.

 Qaldı demokratik ənənəyə, bu ənənə məsələsində Ermənistanda seçki ilə terror aktlarının nisbəti əlli əlliyədir. Nəticəni özünüz çıxarın.

Sözümün canı odur ki, bu məsələdə, and olsun 57 qeydiyyatdan keçmiş partiyamızın cəddinə, Ermənistan Azərbaycandan çox da irəli getməyib.

3.Demokratiya üçün ədalətli və səmərəli mühakimə qurumlarının – istintaq və məhkəmənin – mövcudluğu mühüm şərtdir. Paşinyan hakimiyyətə gələndən sonra elə hey cəhd etdi ki, qatil və oğru Robert Köçəryan layiq olduğu cəzanı alsın. Mütəşəkkil cinayətkar qurum olan erməni prokurorluğu və məhkəməsi sıralarını sıxlaşdırıb Baş nazirin bütün səylərini puça çıxardı. Köçəryan azadlıqdadır və siyasət səhnəsində cövlan edib xalqa meydan oxuyur. Paşinyan çox çalışdı oğru Serj Sarqsyanı qazamata salsın, istintaq qurumları səflərini sıxlaşdırıb öz sevimli oğru prezidentlərini bada vermədi. Paşinyan çox çalışdı əsgər balası orduda canı zabitlərin qurbanı olmuş yüzlərlə valideynin ədalət tələblərini yerinə yetirsin, bunun üçün xüsusi komissiya yaratdı, hətta bu komissiyanın sədri Anna Vardapetyanı Ermənistanın Baş Prokuroru təyin etdi. Çe fayda? Cani prokurorlar və hakimlər səflərini sıxlaşdırıb həyatları əbəs yerə məhv edilmiş erməni əsgərlərinin valideynlərinin iddialarını neçə ildir süründürürlər, bu illər ərzində cinayət əməlləri sübuta yetmiş prokuror və hakimlər yeni-yeni yüksək vəzifələr alırlar.

Dəyərli oxuçum, yadına “Tərtər işi” düşürmü? Bu işlərdə Ermənistanla Azərbaycan arasında zərrəcə fərq görürsənmi?

4.Demokratik dövlət demokratiyaya, qanunların aliliyinə həm daxildə, həm də xarici siyasətdə riayət etməlidir. Beynəlxalq hüquq  Qarabağı Azərbaycanın qanuni ərazisi kimi tanıyır. Ermənistanın ali siyasi məqam sahibi “Qarabağ Ermənistandır və nöqtə” deyəndə, Ermənistan parlamentinin deputatları 2020-ci ilin sentyabr ayının 27-dən bəri “Bir addın belə geri çəkilmərik”qərarını verəndə, demokratiyaya,  yoxsa orta əsr məfkurəsinə sədaqətlərini nümyiş etdirirdilər?

5.Demokratik dövlət quruculuğu demokratik vətəndaşın mövcudluğunu tələb edir. Kasıb, kəmsavad, asılı, demokratiyadan bixəbər, səsini otuz dollara satan, əsatir və nağıl aləmində yaşayan oxlos heç vaxt demokratik dövlət qura bilməz. Qursa, demokratiya deyil, oxlokratiya quracaq. Necə ki, bir illiyə Azərbaycanda qurmuşduq.

6.İfadə azadlığı sahəsində bir faktı yada salım. Müharibə təzəcə başlamışdı, qan su yerinə axırdı, mərhum dostum Georgi Vanyan özünün “Facebook” səhifəsində İlham Əliyevə və Nikol Paşinyana şəxsən görüşüb cəngi saxlamaq çağırışını etmişdi. Erməni polisi Georginin Nerkin Tsaxkavan kəndindəki kasıb daxmasına girib müraciəti pozmasını tələb etmişdi, tələbi yerinə yetirməyən Georgiyə hədsiz yüksək cərimə kəsmişdi.

Müxtəsər, erməni cəmiyyətinin nümayəndələri adətlərinə uyğun olaraq gerçək dünyada deyil, əsatir aləmində yaşadıqlarını sübut edirlər.

Azərbaycanda demokratiya yoxdur, lakin bunu etiraf edib demokratiya naminə mübarizə aparan xeyli sayda cəfakeş vətəndaş var.

Ermənistanda da demokratiya yoxdur, lakin bu olmayan demokratiya ilə qürrələnən xeyli sayda dumbul kimi boş vətəndaş var.

Vətənə və demokratiya quruculuğuna hansı mövqe daha xeyirlidir?

Çıxış yolu varmı? Var. Barışıb demokratiya naminə birgə çalışmaq. Başqa yol yoxdur.

Ana səhifəMənim FikrimcəErmənistandakı demokratiya