İlham Şaban: ”Azərbaycanda da dizelin qiymətinin qalxma ehtimalı var”
Yanvarın 1-dən Ermənistanda benzinin, dizel yanacağının və avtomobillər üçün sıxılmış qazın qiyməti 10-15 faiz artıb.
Azadlıq Radiosunun məlumatına görə, bir ay öncə AI-92 markalı benzinin litri 390 drama (80 sent) satılırdısa, hazırda bu benzinin litri 430 dramdır (1 manat 50 qəpik). Dizel yanacağının qiyməti 390 dramdan 440 drama
qalxıb
.
Məlumatda deyilir ki, avtomobillər üçün qaz da bahalanıb, indi sürücülər sıxılmış qazın bir kubmetrinə 210-220 dram ödəyirlər. İlin sonunda bu yanacağın kub metri 180-190 drama satılırdı.
Sürücülər hesab edir ki, bunun çox pis nəticələri olacaq və hər şeyin qiymətini qaldıracaq.
Həmçinin bildirilir ki, ölkədə inflyasiyanın mövcudluğuna baxmayaraq, hakimiyyət artıq bir neçə ildir pensiya və minimum əməkhaqqını qaldırmaqdan imtina edir. 2018-ci ildə də durum dəyişməyəcək.
Sonuncu dəfə minimum əməkhaqqı 2015-ci il iyulun 1-də qaldırılıb. Hazırda Ermənistanda minimum əməkhaqqı 55 min dram, yaxud indiki kursla 113 ABŞ dollarıdır.
Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin üçüncü rübündə minimum istehlak səbəti 55 min 591 drama bərabər olub.
Bəs Azərbaycanda da yanacaqda qiymət artımı gözlənilirmi? Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, Azərbaycanda 2017-ci ilin yayında dizeldən başqa bütün yanacaq növlərinin qiymətləri artıb.
O, dizelin qiymətinin qalxma ehtimalının olduğunu bildirib.
İlham Şaban hesab edir ki, dizelin artacağı təqdirdə əhalinin geniş hissəsinin əziyyət çəkməməsi üçün hazırlıq gedir:
“Bunu 2017-ci ilin noyabrından SOCAR-Potrelium şirkətinin elanlarından görmək olar. İtaliyadan gətirilmiş avadanlıqların dizel mühərrikli maşınların sıxılmış qazla əvəzlənməsi üçün sifarişlər qəbul olunur. Hələ SOCAR 3 il əvvəl hökumətə müraciət etmişdi ki, ictimai, şəhərlərarası və kommersiya nəqliyyatını məhz “Bakubus” avtobuslarının işlətdiyi CNQ tip yanacaq növünə keçirmək lazımdır. Həm ekoloji, həm də qənaətçiliyinə görə dünyada çox geniş tətbiq olunur. Belə olan təqdirdə dizel əhalidə olan avtomobil sahiblərinin ciblərinə təsir edə bilər. Başqa bir tərəfdən də, təmir və istismar xərclərinə görə dizel istehlak səbətində öndə olmayıb. Ona görə də əhali başqa ölkələrdə kimi dizelə meylli olmayıb. Yeni avtomobil dizelləri isə bütün dünyada olduğu kimi bahadır”.
Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti ötən ilin iyulun 14-də
artıb
. “AI-95 Premium” markalı benzinin yeni qiyməti isə fevralın 1-də 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN
müəyyənləşib
.