Ermənistanda Paşinyana qarşı yeni qüvvə axtarışı

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

Katolikos erməni xalqını Dağlıq Qarabağa dəstək üçün birləşməyə çağırıb

“Ermənistanda Qarabağla bağlı cəmiyyəti konsolidasiya etməyə iki amil mane olur: liderin olmaması və Ermənistan sakinlərinin Qarabağ xalqına münasibətinin dəyişməsi”.

Bu açıqlamanı mayın 24-də “Sputnik Armeniya”a Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi direktoru, akademik Gevorq Poqosyan verib.

Akademikin qənaətincə, bu gün Ermənistana bir aparıcı və təşkilatçı qüvvə lazımdır ki, öz imkanları, insan və maliyyə resursları ilə xalqı ayağa qaldıra bilsin: “Bunun üçün istək və siyasi iradə olmalıdır”.

G. Poqosyan mövcud vəziyyətin indiki sistemlə heç bir əlaqəsi olmayan, əvvəlki prezidentlərlə də heç vaxt əməkdaşlıq etməyən rəhbər qüvvənin və ya liderin yaranmasına səbəb ola biləcəyini istisna etməyib.

Tarix də göstərir ki, situasiyalar vətəndaşları birləşdirən və hadisələrin gedişatını dəyişən insanları meydana çıxarır. İndi əhalimizin əksəriyyəti bu anı gözləyir, yəni yeni qüvvəyə ehtiyac çox hiss olunur”, – deyə Poqosyan əlavə edib.

Onun sözlərinə görə, müxalifət meydanında fəaliyyət göstərən tanınmış siyasi qüvvələr var, onlar da parlamentdə təmsil olunurlar:

Amma onların arasında birlik yoxdur, heç kim onların eyni tribunada dayandığını görməyib. İkincisi, 1988-ci ildə Ermənistan sakinlərinin Dağlıq Qarabağ və qarabağlılar haqqında təsəvvürləri fərqli idi, son onilliklər ərzində onlar müəyyən dəyişikliklərə məruz qalıb. Xoşbəxtlikdən, son iyirmi ildə insanların Dağlıq Qarabağ və qarabağlılar haqqında təsəvvürlərində baş verən bəzi transformasiyalar kritik həddə çatmayıb və xalqı hələ də ayağa qaldırmaq olar”.

Akademik xatırladıb ki, 30 il əvvəl “Dağlıq Qarabağın gələcəyini necə görürsünüz?” sualına cavab verən ermənilərin böyük əksəriyyəti müstəqillik və ya Ermənistana birləşmə variantını seçirdi:

Gevorq Poqosyan. Foto: “armenpress”

“Lakin heç kimin ağlına belə gəlməzdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilər. Ötən əsrin 80-ci illərində olduğu kimi indi insanları “Teatr Meydanı”na toplamaq çətin olar”.

Mayın 23-də Erməni katolikosu I Aram bəyanat yayaraq erməni xalqını Dağlıq Qarabağa dəstək üçün birləşməyə çağırıb.

O, Qarabağlı deputatların bəyanatını dəstəkləyib, Dağlıq Qarabağın Azərbaycana təslim edilməsi cəhdlərini qəbuledilməz sayıb.

Katolikos Baş nazir Nikol Paşinyanın  Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı bəyanatı tənqid edib.

Erməni bloger Roman Baqdasaryan isə Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh istəmədiyini deyib.

Bloger yaydığı videomüraciətdə bildirib ki, ona “Dağlıq Qarabağ parlamenti”nin deputatlarından biri Rusiya sülhməramlılarının komandanlığının təzyiqlərinə məruz qaldığını deyib:

R.Baqdasaryan. Foto: “newsarmenia.am”

“Ruslar Baş nazir Nikol Paşinyanın mətbuat konfransından dərhal sonra hərəkətə keçiblər. Onlar Qarabağdakı erməni deputatlarla və məmurlarla təmasa keçərək informasiya savaşına başlamağı tapşırıblar. Açıq şəkildə Ermənistan hakimiyyətini satqınlıqda ittiham etməyi gündəmə gətirməyin vacibliyini bildiriblər. Bu, rusların tələbidir. Ötən 2 ayda rus hərbçiləri ermənilərə deyir ki, əgər Azərbaycanla sülh sazişi imzalansa, azərbaycanlılar hamınızı həbs edəcəklər”.

R.Baqdasaryan həmçinin iddia edib ki, Ermənistanda Rusiyanın şirkətlərində çalışan ruslar Nikol Paşinyanın əleyhinə vərəqələr paylayır:

“Onlar sosial şəbəkələrdə ermənilərin azərbaycanlılar tərəfindən öldürülməsi haqda saxta videolar yayaraq vəziyyəti daha da gərginləşdirirlər. Kremlin məqsədi Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə salmaq və sülh sazişinin imzalanmasına imkan verməməkdir. Rusiya yeni müharibə istəyir ki, bunu da “Artsax” məmurları vasitəsilə gerçəkləşdirmək niyyətindədir”.

Mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı haqda açıqlama verib.

Nikol Paşinyan. Foto: Meydan TV

N.Paşinyan bildirib ki, Ermənistan erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır.

“86 min 600 kvadrat kilometrə Dağlıq Qarabağ ərazisi də daxildir. Əgər biz bir-birimizi düzgün başa düşsək, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə 29 min 800 kvadratkilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıyır”, – deyə Paşinyan vurğulayıb.

Mayın 25-də Ermənistanın və Azərbaycanın dövlət başçıları Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüşəcəklər.

Brüssel və Vaşinqton görüşü

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətErmənistanda Paşinyana qarşı yeni qüvvə axtarışı