Aksiyaçılar Karapetyanın da istefasını tələb ediblər
Gümrü, Vanadzor və İcevan sakinləri aprelin 25-də hakim Ermənistan Respublika Partiyasına (ERP) və Karen Karapetyanın hökumət başçısı təyin olunmasına qarşı etiraz aksiyalarında iştirak ediblər.
“Kavkazskiy Uzel”in verdiyi
məlumata
görə, Yerevanda etiraz hərəkatının lideri, deputat Nikol Paşinyanın çağırışından sonra spontan etiraz aksiyaları başlanıb. İnsanlar şəhərin küçələrini bağlayıblar, polis isə paytaxtın mərkəzinə əlavə qüvvə cəlb edib.
Nikol Paşinyan, Baş nazir Karen Karapetyanın erkən parlament seçkilərinin keçirilməsi təklifindən sonra tərəfdarlarını küçələrə çıxmağa çağırıb. “İqtidar Ermənistan Respublika Partiyasının əlindədir, buna görə də növbədənkənar seçkinin nəticəsi öncədən bəllidir”, – Paşinyan belə hesab edir.
Yerevanda, həmçinin şəhərin mərkəzində, Arşakunyats, Tiqran Mets, Xancyan küçələri, Maştots, Amiryan, Tumanyan, Azatutüyan, Saryan, Puşkin, Kasyan, Koçar, Gülbenkyan, Vaqarşyan, Kiyevyan prospektləri, Sisernakaberd şossesi, “Erebuni” muzeyi ətrafındakı küçələr və “Zvartnots” hava limanına gedən yol bağlı olaraq qalır. Lakin bəziləri periodik olaraq nəqliyyat vasitələri üçün açılır.
Tumanyan küçəsinin 36 saylı evin yaxınlığında aktivistlər tərəfindən bağlandığı mesajı “Kavkazskiy Uzel”in teleqram kanalına da göndərilib. “10-15 dəqiqə sonra küçələri bağlayan avtomobillər oranı tərk etdilər. Şəhərin müxtəlif hissələrində küçələri spontan olaraq bağlayırlar”, – mesajın müəllifi yazıb. “Kavkazskiy Uzel”in bu məlumatların səhihliyini yoxlamaq imkanı olmayıb.
Etiraz aksiyaları Gümrüdə də bərpa edilib. “Aprelin 25-də saat 11.00-da Respublikaçı Partiyaya və Karen Karapetyanın Baş nazirliyinə etiraz edən aktivistlərin Teatr Meydanından yürüşü başlayıb”, – şəhər sakini Nelli Simonyan belə bildirib.
Onun sözlərinə görə, yürüşə şagirdlər, tələbələr, müəllimlər, poliklinika işçiləri, Tsarukyan blokunun nümayəndələri, o cümlədən Gümrünün köhnə meri, millət vəkili Vardan Qukasyan da qatılıb. Simonyanın sözlərinə görə, bir neçə yüz nəfər “Nikol – Baş nazir!” və “ERP-ya yox” şüarları səsləndiriblər.
Aprelin 24-də Nikol Paşinyan deyib ki, 23 apreldə Serj Sarkisyanın istefasından sonra boş qalan Baş nazir vəzifəsinə özünün keçəcəyi ehtimalı böyükdür.
Nelli Simonyan tələbələrin, məktəblilərin və müəllimlərin iştirakını Gümrüdəki bir neçə məktəb, universitet və kollecin tətil elan etməsi ilə izah edib.
Şəhər sakininin dediyinə görə, Vanadzorda da etirazlar davam edir. Onun sözlərinə görə, səhər saatlarından “ERP – get!” şüarı ilə şəhərdə fəalların yürüyüşü davam edir.
İcevan sakinləri isə aprelin 25-də respublika əhəmiyyətli avtoyolu bağlayıblar. Onlar həmçinin Ermənistan Respublikaçı Partiyasının hakimiyyətdən çəkilməsini və Nikol Paşinyanın ölkənin Baş naziri olmasını tələb edirlər.
“Ən azı altı müxalifət partiyası aprelin 25-də Nikol Paşinyanın hərəkatına qoşulub”,- Paşinyanın nümayəndəsi belə bildirib. “Çiçəklənən Ermənistan” partiyası da tərəfdarlarını küçə nümayişlərində iştirak etməyə çağırıb.