Ermənistanda mitinq dağıdıldı (FOTO-VİDEO)


Erməni KİV-ləri polisin apardığı əməliyyatın cəmi 15 dəqiqə davam etdiyini bildirir

Ermənistan paytaxtında bir neçə min vətəndaş elektrik qiymətlərinin bahalanmasına etiraz olaraq aksiyaya çıxıb. İyunun 22-də 5 minədək etirazçı Azadlıq meydanından prezident sarayına doğru irəliləyib. Ancaq onların qarşısını çevik polis alayı su şırnaqları ilə kəsib.

Yerli vaxtla saat 8-də etirazçılar yolda oturub, nəqliyyatın yolunu kəsib. Polis yürüşün qanunsuz olduğunu deyib, onu dağıdacağını bildirib.

Azadlıq Radiosunun Ermənistan bürosu xəbər verir ki, aksiyanın gedişi zamanı küçələrdə işıqlar söndürülüb. Etirazın təşkilatçıları işıqların yandırılmasını tələb ediblər. Polis dəbilqələrini geyinib və elan edib ki, etirazçılar 10 dəqiqəyə dağılışmasa, gücdən istifadə edəcək.

Bundan əvvəl İrəvanın polis rəisinin müavini Valeri Osipyan aksiya iştirakçılarına elan edib ki, Sərkistan nümayişçilərin 3-4 nəfərlik nümayəndə heyətini qəbul etməyə hazırdır. Bir şərtlə ki, qalan nümayişçilər indiyədək aksiya keçirdikləri Azadlıq meydanına qayıtsınlar.

Osipyan deyib ki, Sərkisyanın şərtini ona İrəvanın polis rəisi Vladimir Qasparyan çatdırıb.

Lakin aksiyaçılar bu tələbi rədd edib.

Beləliklə, polis su şırnaqları ilə hərəkətə keçib.

Nəticədə 237 nəfər saxlanılıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

Erməni KİV-ləri polisin apardığı əməliyyatın cəmi 15 dəqiqə davam etdiyini bildirir.

“Talana Yox!” qrupu iyunun 19-dan Azadlıq meydanında fasiləsiz etirazlar təşkil edib.

Səbəb iyunun 17-də Ermənistanda elektrikin qiymətinin 16 faiz qalxmasıdır, belə ki, kilovatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır.

Ana səhifəVideoErmənistanda mitinq dağıdıldı (FOTO-VİDEO)