Ermənistanda İnzibati Məhkəmənin işçiləri maaşlarının artırılması tələbi ilə tətil edir

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

Məhkəmə heyəti hökuməti vədinə əməl etməməkdə ittiham edir

Ermənistanda İnzibati Məhkəmənin əməkdaşları maaşlarının artırılması üçün tətilə başlayıb.

“OC Media”nın məlumatına görə, Ermənistanın Məhkəmə Departamenti İnzibati Məhkəmənin əməkdaşlarının bazar ertəsi tətilə çıxdığını təsdiqləyib.

Departamentdən bildirilib ki, 2023-cü ildən bəri maaş məsələsini “müxtəlif səviyyələrdə və müxtəlif vasitələrlə” gündəmə gətirərək, daha yüksək maaşların təmin edilməsi üçün “bütün mümkün tədbirləri” görüblər:

“Ümid edirik ki, ədliyyə işçiləri ədalətin mənafeyinə önəm verərək yüksək məsuliyyət hissi ilə öz işlərinə davam edəcəklər”.

Departamentdən hazırkı maaşları ilə işləməyə davam edə bilməyənlərin problem həll olunana qədər “daha ​​yüksək maaşlı sahələrdə” iş tapacaqlarına ümid etdiklərini vurğulayıblar.

Bir hakimin köməkçisi anonimlik şərti ilə “Tert.am”-a bildirib ki, səlahiyyətlilər onlara iyulun 1-də maaşlarının artırılmasını vəd edib, lakin sonradan bu vəddən əl çəkiblər. Həmçinin səlahiyyətlilər işçilərin mükafatlarını da ləğv ediblər.

Köməkçi bildirib ki, tətilə köməkçilər, katiblər və katibələr də çıxıb və onlar hökumətə tətil edən bütün işçilərin imzası ilə tələblərini bildirən məktub göndəriblər.

“Bizə Vanadzor, Gümrü və Sevandan olan həmkarlarımız qoşuldu. Problem bütün məhkəmələrə aiddir, bir neçə işçi maaşlarının artacağını düşünərək yaxşı təklifləri (digər işlər üçün) qəbul etmədi, lakin maaş artmadı, eynidir 80,000-90,000 dram ($200-230)”, – köməkçi bildirib.

İnzibati Məhkəmənin digər əməkdaşı Rusiyanın “Sputnik Ermənistan” dövlət xəbər agentliyinə bildirib ki, son altı ayda işçilərə bir neçə dəfə daha yüksək maaş vəd edilib.

“Keçən dekabrda, yanvarda dedilər, sonra iyulda dedilər, indi iyul gəldi, deyirlər ki, layihəni yanvarda təqdim edəcəyik və artıq bir neçə ildir ki, belə davam edir”, – deyə əməkdaş bildirib.

Heyət hakimiyyətin maaşlarını qaldırıb-qaldırmayacağına dair dəqiq cavab alana qədər tətili davam etdirəcəklərinə söz verib.

2023-cü ilin dekabrında Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan “Şaxta baba və bütün xeyirxah insanlara” ünvanladığı açıq məktubda inzibati məhkəmə işçilərinin iş yükünün rekord həddə çatdığını bildirib:

“Məhkəmə məmurları (köməkçi, katib, icra məmuru və s.) bu gün 100.000-200.000 dram (260-520 ABŞ dolları) maaş alır və hamınızın taleyi üçün son dərəcə vacib olan ağır iş görürlər”.

Ana səhifəXəbərlərErmənistanda İnzibati Məhkəmənin işçiləri maaşlarının artırılması tələbi ilə tətil edir