Etirazçılar istefa üçün 96 saatlıq müddət verib
Ermənistanda aksiyaçılar parlamentin yaxınlığındakı yolu bağlayıb və 96 saat ərzində hökumətin istefasını tələb ediblər.
“OC Media” yazır ki, bazar günü “Vətən uğrunda Tavuş” Hərəkatı 15 minə yaxın insanın iştirakı ilə aksiya təşkil edib və etirazçılar çadırlar quraraq parlament binası yaxınlığında yolu bağlayıblar.
Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan qeyd edib ki, bu, aksiyanın son mərhələsidir və hökuməti istefaya məcbur etməyə nail olmaq üçün dörd gün vaxtları var.
Qalstanyan belə deyib:
“Əgər dörd gün ərzində, yəni 96 saat fasilə vermədən, yatmadan, işə getmədən küçələrdə qalsaq, problemi həll edib məqsədimizi həyata keçirə bilərik”.
Etirazçılar çadırları qurduqdan sonra Qalstanyan müxalifəti iyunun 11-də parlamentin növbədənkənar iclasının keçirilməsinı, hökumətin istefasını və yeni hökumətin qurulmasını tələb etməyə çağırıb.
Parlamentdəki müxalifət qrupları, parlamentdəki müxalif “Ermənistan Alyansı” və “Şərəfim var” fraksiyaları bazar ertəsi günü Ermənistanın suverenliyinin “birbaşa təhdid” altında olduğunu vurğulayaraq, parlamentə bu cari iclasın keçirilməsi üçün çağırış ediblər. Müraciətdə ölkə rəhbərliyinin “sülh yolu ilə və müvəqqəti şəkildə peşəkar, təcrübəli, ictimai nüfuza malik, siyasi razılıq əsasında idarə olunmasının vacibliyi” qeyd olunub.
Müraciət bazar ertəsi günortadan sonra Milli Assambleya Şurasının iclasında müzakirə edilərək rədd edilib. Şurada 15 yerdən 13-nə hakim “Mülki Müqavilə” Partiyası nəzarət edir. Lakin lazımi sayda millət vəkilinin tələbi nəzərə alınaraq, müraciət tarixindən sonra beş gün ərzində, yəni iyunun 17-də növbədənkənar iclas keçiriləcək.
Bazar ertəsi “Mülki Müqavilə” Partiyasının millət vəkili Hayk Konjoryan hakim partiyanın iclasda iştirak etməyəcəyini deyib.
“CivilNet”in verdiyi məlumata əsasən, bu müraciətin qəbul edilməsi hökumətin buraxılmasına səbəb olmayacaq və yalnız parlamentin mövqeyinin ifadəsi olacaq.
“Mülki Müqavilə” etirazlar sürətlə yayılmadığından bu addımın sadəcə səthi xarakterli bir cəhd olduğunu bildirib.
Hakim partiyanın millət vəkili Vaaqn Aleksanyan “Azadlıq” radiosuna deyib ki, Qalstanyan və müxalifət etirazları dayandırmaq üçün bəhanə yaratmaq məqsədilə polislə toqquşmalar yaşanmasına səbəb olmağa çalışır.
“Deməli, o (Qalstanyan) münaqişəni, böyük münaqişəni qızışdırmağa çalışır ki, aksiya dağılsın və o,“inqilab baş verəcəkdi, lakin hökumət bu universal ümummilli hərəkatı zor tətbiq edərək dağıtdı” demək imkanı əldə etsin”.
Qalstanyan bazar ertəsi günü tələbləri yerinə yetirilməzsə, hakim partiyanın millət vəkillərinin işə getməsinə icazə verməyəcəklərini bildirib.