Ermənistanda azərbaycanlı hərbçinin həbs müddəti uzadılıb

Sünik Vilayətinin Məhkəməsi. Foto: “armeniasputnik”

Prosesin mediaya qapalı keçirildiyi deyilir

Ermənistan məhkəməsinin hazırda əsirlikdə saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundovun həbs müddətini üç ay uzatdığı bildirilir.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi (MN) Naxçıvan-Ermənistan sərhədində iki əsgərin itkin düşdüyü haqqında məlumat yayıb.

Nazirlik əsgərlərin məhdud görmə səbəbindən azaraq Ermənistan tərəfə keçdiyini açıqlamışdı.

Həmin vaxt yerli media onlardan birinin Sünik vilayətinin Bnunis kəndinə gəldiyini, kömək üçün kənd sakinlərinə müraciət etdiyini, ikincisinin isə sonra Qafan şəhəri yaxınlığında saxlandığını yazmışdı.

Həmin əsgərlərdən birinin – Aqşin Bəbirovun dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı qaçaqmalçılığında təqsirləndirildiyi bildirilir.

İkinci hərbçi Hüseyn Axundovun işi üzrə isə təhqiqatın davam etdiyi açıqlanıb.

Ermənistan Baş Prokurorluğunun məlumatında o, Qafan şəhəri yaxınlığındakı müəssisələrdən birinin mühafizəçisini öldürməkdə ittiham olunur.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətErmənistanda azərbaycanlı hərbçinin həbs müddəti uzadılıb